Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5264/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı LPO “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-82/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat məbləğində əsas borc, 21377,01 manat faiz borcu və 0 manat dəbbə pulu olmaqla ümumilikdə 71377,01 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdehdən 50000 manat məbləğində əsas, 24919,91 manat faiz borcu, 1283,90 manat gecikdirilmiş müddət üçün hesablanmış faiz məbləği, 11168,94 manat cərimə olmaqla cəmi 87372,75 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 032/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 16 faiz olmaqla 50000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və nəticədə ödənilməmiş borc öhdəliyi yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-82/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 50000 manat əsas borc, 8000 manat faiz borcu, 1283,90 manat gecikdirilmiş müddət üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 59283,90 manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Bundan əlavə o, ekspert rəyi ilə tanış edilməmiş və ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və qətnamə ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-82/2020 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 032/15 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 12 ay müddətinə, illik 16 % ödəmək şərti ilə 50000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 032/15 saylı müqaviləyə xx.xx.2016-cı il tarixli 032/15/1 saylı əlavədən görünür ki, müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti xx.xx.2019-cu il tarixinə qədər uzadılmışdır. İş materiallarında olan ləğv prosesində olan “xxxxxxxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh ayrı-ayrı vaxtlarda bank hesabı üzrə əməliyyatlar aparmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 10/H-536 nömrəli bildirişdən görünür ki, cavabdeh borclarının ödənilməsi, əks halda borcun alınması üçün məhkəməyə müraciət olunacağı barədə ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 032/15 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə xx.xx.2019-cu il tarixə 50000 manat əsas borcu, 24919,91 manat faiz borcu, 1283,90 manat gecikdirilmiş müddət üçün hesablanmış faiz məbləği, 11168,94 manat cərimə olmaqla cəmi 87372,75 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1482 №-li ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli 032/15 saylı kredit müqaviləsi üzrə borcalanın “xxxxxxxxx” ASC-yə olan borcu xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitmə tarixinə) əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 8000 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi 5%-lə hesablanmış faiz borcu isə 8,784,72 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanların əksinə olaraq, iş materiallarında hesabdan çıxarışlar vardır. İş materiallarında kassa məxaric orderinin olmaması isə iddianın təmin olunmamasına əsas ola bilməz. Belə ki, iş materiallarında kassa məxaric orderi olmasa da, Cavabdeh xx xxxxx 2016-cı il tarixdə “xxxxxxxxx” ASC ilə xx.xx.2015-ci il tarixli 032/15 saylı kredit müqaviləsinə 032/15/1 saylı əlavəni imzalamış, kredit müqaviləsinə əlavənin 1ci bəndinə əsasən, fiziki şəxs Cavabdeh xx.xx.2015-ci il tarixli 032/15 saylı kredit müqaviləsinə əsasən verilmiş 50000 manat məbləğində kreditin qalıq məbləği 50000 manatın ödəniş müddəti xx xxxxx 2015-ci il tarixli 032/15 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx xxxxx 2019-cu il tarixədək uzadılmışdır. Bununla da, Cavabdeh ona 50000 manat məbləğində kredit verilməsini bir daha etiraf etmişdir. Bundan əlavə, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh ayrı-ayrı vaxtlarda bank hesabı üzrə əməliyyatlar aparmışdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin ekspert rəyi ilə tanış edilməməsi qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-82/2020 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5264/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5264/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver