Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5274/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin tutulması və debitor borcun ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-1867/2023-023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən 8 saylı ev Cavabdeh (bundan sonra cavabdeh) sahiblik və istifadəsindədir. Onunla İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********06808 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4) istifadə edilir. xx.xx.2017-ci il tarixdə həmin evə quraşdırılmış qaz sayğacı yeni “Elster G4T İTRON DİAFRAQMA” markalı sayğacla əvəz edilmişdir. xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə iddiaçının əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində müvafiq olaraq 26.568 m3, 3960 m3, 8640 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müvafiq olaraq ******* nömrəli, ******* nömrəli, ******* nömrəli aktlar tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən maddi zərərin Cavabdeh tutulması barədə qərar qəbul edilmişdir. Qeyd edilən aktlar iddiaçının nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh 6.639,60 manat borcu qəbul etdiyi, lakin maddi vəziyyəti ilə bağlı həmin məbləği hissə-hissə ödəməyi öhdəsinə götürməyi barədə İddiaçınə ərizə ilə müraciət etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 4.030,08 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 128,94 manat və 41,60 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4.200,62 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 2.656,80 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 977,28 manat, cəmi 4.030,08 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2021-ci ilin üzrə 128,94 manat sərfiyyat borcu qalmışdır. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 128,94 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda abonentin saldo və Gazrep üzrə ümumi 4.159,02 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
4. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, o, ünvan 2 ünvanında pasport qeydiyyatında olsa da, 2022-ci ilin sentyabr ayına qədər faktiki olaraq ünvan 3 ünvanında yaşamış və evi X2, həmin evə dair verilmiş **********06808 abonent kodunu X5 adına rəsmiləşdirmişdir. xx.xx.2022-ci il tarixdən etibarən o, qeydiyyatda olduğu aktda göstərilmiş ünvanda yaşamağa başlamışdır. xx.xx.2010-cu il tarixdə iddiaçı tərəfindən həmin ünvana onun iştirakı ilə küçədə G-4 itron-smar tipli, 1005AQ**********08 № li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismarı haqqında" AKT tərtib edilməmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən ünvan 4 ünvanına Cavabdeh iştirakı ilə küçədə ELSTER G-4T DİAFRAQMA tipli, 10578397 № li sayğac quraşdırılmış, həmin ünvana **********06808 nömrəli abonent kodu verilmiş və hazırda həmin abonent kodu X5 adına rəsmiləşdirilmişdir. xx.xx.2020-ci ildə iddiaçı tərəfindən Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 6, ev 8 ünvanında onun adına quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə abonentin və ailə üzvlərinin iştirakı olmadan baxış keçirilmiş və guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmişdir. Sayğacdan kənar təbii qaz xətti ləğv edilmiş, 26.568 m3 itirilmiş qazın dəyəri 2.656,80 manat hesablanmış, ******* saylı akt tərtib olunmuş, lakin həmin akt abonentə təqim olunmamışdır.
5. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanına yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvana çəkilmiş qaz xəttinə və sayğaca heç bir müdaxilə edilməmiş, cavabdehin evinə əlavə qaz xətti çəkilməmişdir. Yalnız qonşu divarda kiçik bir dəlik aşkar edilmişdir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1867/2023-023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 295,20 manat dəymiş maddi zərərin əvəzi və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 315,20 manat məbləğində pulun tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim X9)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə iddia tələbinin tam təmin edilməsi üçün onları yetərli və mötəbər sübut kimi qəbul etməyərək hesab etmişdir ki, iddia qismən yalnız birinci tərtib olunmuş akt üzrə qismən təmin edilməlidir. Belə ki, ilk akt tərtib edildikdən sonra qaz paylayıcısının qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq, cavabdehi inzibati və cinayət məsuliyyətinə cəlb etməklə bağlı addımlar atmaq imkanı olduğu halda bunları etməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının ilk akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. Belə ki, ziyanın həcminin hesablanması orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə aparılmışdır. Lakin hesabat müddətinin hansı səbəbdən 270 gün müəyyənləşdirilməsi tələbnamədə göstərilməmişdir. Beləliklə hesabat müddəti 30 gün qəbul edildikdə ziyanın həcmi 2952 m3, yəni 295,20 manat təşkil edir. Bundan başqa, cavabdeh xx.xx.2022-ci il tarixdə 6.639,60 manat borcun olmasına dair ərizəsinə münasibət bildirilərək, qeyd edilmişdir ki, həmin ərizə borcun etirafı kimi qəbul edilərək, heç bir araşdırma aparmadan suni şəkildə şişirdilmiş borcun tutulması ilə nəticələnə bilər. Belə ki, cavabdehə ərizə imzaladarkən onun hüquqlarının izah edilməsi ərizədə öz əksini tapmır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 52.5-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir. Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Bundan əlavə, cavabdeh xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edərək təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadəyə görə hesablanmış 6.639,60 manat dəymiş ziyan məbləğini qəbul etdiyini bildirmiş və həmin borcun hissə-hissə ödənilməsində köməklik göstərililməsini xahiş etmişdir. İddiaçının əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən birliyə vurulmuş zərəri sübut edir. Belə ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ onun qanunazidd, təqsirli hərəkətləri nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi, həmçinin iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan cavabdehin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Belə ki, iddiaçı təbii qazı sayğacdan kənar istifadə edərkən qənaət etmək barədə düşünmür, əksinə israf edərək təbii qazı talayır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ona məxsus olan ev iki otaqlı həyət evidir, son iki ildir ki, həmin evdə yaşayış yoxdur. İş materiallarında olan şəkillərin isə ona məxsus olan evə ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. Həmin ünvanda heyvan saxlanılır. Həmin ünvanda dəmir soba da mövcud deyil, yalnız 4 gözlü qaz peçi var. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
16. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (əvvəlki redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və həmin hissədə iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
25. Cavabdeh qanunsuz qoşulma halına yol vermədiyini bildirməklə yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə əks olunmuş fərdi yaşayış evinin ümumiyyətlə ona məxsus olmadığını vurğulayır. İddiaçı isə cavabdehə məxsus olan fərdi yaşayış evində quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə edilməsinin təsdiqi olaraq cavabdehə aid abonent saldosunu, həmin evin fotoşəkillərini, habelə qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktları və aktlar əsasında qəbul edilmiş qərarları təqdim edir. Bununla belə, iddiaçı sayğacda hər hansı problemin olduğunu, o cümlədən plombun qırıldığını, habelə klapanın korroziyaya uğradığını bildirmir. Konkret olaraq, cavabdehin sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə etdiyini iddia edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı aktda qeyd edilmiş ünvana çəkilmiş qaz xəttinə və sayğaca heç bir müdaxilə edilmədiyi, cavabdehin evinə əlavə qaz xətti çəkilmədiyi, yalnız qonşu divarda kiçik bir dəliyin olduğu aşkar edilmişdir. İddiaçı tərəfin nümayəndəsi özü də ünvana baxış keçirmiş və hər hansı kənar xətt müəyyən etməmişdir. Bununla bağlı, kənar xəttin qoşulmasının sayğacın içərisindən keçirilməsi səbəbindən aşkar edilməsinin bir qədər çətin olduğunu qeyd etmişdir. Halbuki, təqdim edilmiş fotoşəkillərdən sayğacın içindən deyil, əsas xəttən əlavə bir xəttin ayrıldığı açıq və aydın şəkildə müəyyən edilir.
26. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən də cavabdeh tərəfindən abonent olduğu ünvan üzrə qaz sayğacından kənar, yəni qaz xəttinə qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi açıq və aydın şəkildə müəyyən edilmir. Həmin şəkillərdə 2-də sayğac, müxtəlif yerlərdən keçən və biri-birinə aidiyyəti olmayan (iki fərqli sahə) iki ədəd boru, habelə giriş qapısı əks etdirilmişdir. Lakin bu şəkillərin ümumiyyətlə birinin-digərinə aidiyyətinin olmasını (vahid mənzərə yaratmır) müəyyən etmək olmur. Bu səbəbdən həmin fotoşəkillər qanunsuz qoşulmanı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Fotoşəkillərlə müqayisədə mötəbərliyi baxımından bu halı daha dəqiq və etibarlı şəkildə təsdiq edən videogörüntü isə cavabdeh tərəfindən təqdim edilmir.
27. Məhkəmə kollegiyası qanunsuz qoşulma halını təsdiq edən xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aktların və onlar əsasında qəbul edilmiş qərarların özünə də müstəqil şəkildə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad edilən qaydalara uyğun olaraq ilk dəfə abonentin qanunsuz qoşulma halı ilə bağlı akt tərtib olunandan sonra qaz paylayıcısının qanunsuz xəttini dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq iddiaçının vəzifəsi idi. Lakin bu tələbə iddiaçı tərəfindən riayət olunmamış, qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu faktın qarşısını almadan davamlı olaraq yeni aktlar tərtib etməsi ədalətlilik prinsipinə və qanunveriliyin məqsədlərinə ziddir.
28. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, hesablama 9 ay (xx.xx.2022 – xx.xx.2022) və 24 saat üzrə aparılmışdır. Lakin aktda olan qeyddən başqa bütün bu dövr üzrə qanunsuz qoşulma halına yol verilməsini təsdiq edən hər hansı sübut təqdim edilmir. Akta və qərara əsasən ilin nisbətən isti ayı hesab olunan may və sentyabr, habelə isti ayı hesab olunan iyun, iyul və avqust ayları üzrə bütün bu cihazların, xüsusilə də soyuq aylarda istifadə edilən dəmir sobanın günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Göstərilən 9 aylıq dövrün 4 ayına yaxın hissəsinin konkret olaraq ilin isti, o cümlədən yay dövrünə təsadüf etməsi səbəbindən isə onların ödənişsiz əsaslarla belə istifadə edilməsinə hər hansı ehtiyac qalmır. Bu da öz növbəsində akt və onun əsasında qəbul edilmiş qərarda əks olunmuş məlumatların mötəbərliyini, aparılmış hesablamanın isə düzgünlüyünü şübhə altına alır. Ümumiyyətlə nəzərə alınmalıdır ki, həmin aktlarda göstərilən bütün cihazların real olaraq həmin ünvanda olması da öz təsdiqini tapmır. Cavabdeh isə ünvanda yalnız 4 gözlü qaz peçinin olduğunu bildirir.
29. Belə olan halda, cavabdehin xx.xx.2022-ci il tarixdə 6.639,60 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürməsi də bu məbləğin ondan tutulması üçün əsas ola bilməz. Bu ərizəni cavabdehə imzalatdırmaqla iddiaçı hüquqi nəticə etibarı ilə özünün əlverişli vəziyyətindən və hüquqdan sui-istifadə etmişdir. Bu da öz növbəsində bu ərizənin əhəmiyyətsiz olduğunu təsdiq edir və göstərilən məbləğin ondan tələb edilməsini istisna edir.
30. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 294,03 manat məbləğində borc ödənilmiş və iddiaçıya müraciət edilərək, qalan borcun silinməsi xahiş edilmişdir. Ona aid abonent hesabından çıxarışa əsasən isə hazırda hər hansı məbləğdə borcunun olmadığı müəyyən edilir. Başqa sözlə, abonent hesabından çıxarışda 2023-cü ilin sentyabr ayına cavabdehin hər hansı borcunun olmadığı qeyd edilmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını nəzərə alıb hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1867/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.