Məhkəmə qərarları › İş №2(103)-5274/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5274/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5274/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2443/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 1 uşağa görə - qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə olan nikahı pozulmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 doğulmuşdur. Nikah pozulan zaman uşaq onun himayəsinə verilmişdir. Məhkəmə qətnaməsi ilə əvvəlcə alimentin məbləği 150 manat olaraq müəyyən edilmişdir. Daha sonra isə mediasiya prosesi ilə aliment məbləği 250 manat təyin edilmişdir. Hazırda məhkəməyə müraciət etməkdə məqsədi uşağın saxlanılması üçün 250 manatın yetərli olmamasıdır. Uşağın sosial, ailə və məişət xərcləri, həmçinin təhsil xərcləri 250 manatla qarşılanmır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2443/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı Şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, dəyişdirilmiş alimentin tutulmasının bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8 İddiaçı ilə Cavabdeh övladıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı tutulan alimentin uşağın hazırki zamanda saxlanması üçün kifayət etmədiyini bildirir və alimentin hər ay qazancının ¼ hissəsi miqdarında tutulmasını xahiş edir. Cavabdehin hazırda ödədiyi aliment uşağın saxlanılmasına kifayət etmir. İddiaçının əldə edə biləcəyi pul vəsaiti isə (işləyərək əmək haqqı alması, yaxud valideynlərinin maddi köməkliyi və s.) uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Ailə Məcəlləsinin 76.1.1, 112.1-ci maddələrinə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə, Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-2443/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı həmişə məhkəmə qətnaməsində nə göstərilməsindən asılı olmayaraq artıq ödənişlər edilmişdir. 2023-cü ildən başlayaraq isə aralarında olan razılığa əsasən hər ay olmaqla 600 manat İddiaçı hesabına onun tərəfindən ödənilmişdir. Kapital banka sorğu verilərsə İddiaçı hesabına aylıq onun tərəfindən 600 manatın ödənilməsi müəyyən edilə bilər. 600 manat bir uşağın saxlanılması üçün kifayətdir, ondan artığı isə iddiaçının yəni İddiaçı maraqlarına xidmət edəcəkdir. Bir halda ki uşaqların saxlanılması üçün dövlətin müəyyən etdiyi məbləğ 235 manat müəyyən edilmişdir. Cavabdeh Babyev Elmar ailə həyatı qurmuşdur, onun da xərcləri artmışdır. Birinci instansiya məhkəməsinin əlində hər imkan vardır, kapital banka iddiaçının hesabı üzrə sorğu verilmiş olsa idi orada hər şey gün kimi aydın olacaqdır. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Onun iştirak etməyini birinci instansiya məhkəməsi tam olaraq təmin etməmişdir, onda olan sübutların təqdim edilməsinə şərait yaratmamışdır. Hər ay 600 manatlıq qəbzlərin təqdim edilsə idi bu formatda qətnamə qəbul edilə bilməzdi. Burada açıq-aydın olaraq iddiaçı öz maraqlarını müdafiə etmişdir. Bildirmişdir ki, 250 manat ödəyir bu yalandır, qəbzləri əlavə edir və qeyd edir ki, 2023 cü ilin sonundan başlayaraq 600 manat ödənilməsi ikisinin razılığı ilə olmuşdur. Məhkəmə cavabdehin saxta sübutlarına hüquqi don geyindirmişdir, onları mötəbər sübut hesab etmişdir. Məhkəmədə iddiaçının verdiyi yalan ifadələr və imzaladığı yalan iddia ərizəsinə don geyindirilmiş və buna əsasən qətnamə qəbul edilmişdir. 250 manat ödənildiyini iddiaçı qeyd etmişdir, ancaq hər 600 manat olaraq iddiaçının razılığı ilə onun bank hesabına cavabdeh tərəfindən pullar ödənilmişdir. Məhkəmə cavbdehin işlədiyi və aldığı maaşı tez müəyyən etmiş ancaq onu ödədiyini və himayəsində yeni ailə qurduğunu nəzərə almamışdır. Cavabdeh tam olaraq maddi təminat ilə öz övladını təmin edir, ona 2023- cü ildən başlayaraq 600 manat pul şəklində vəsaiti anası İddiaçı məxsus hesaba köçürür ki, övladının hər şeyi qarşılansın. İddiaçıi sə uşağın maraqlarına onun xərclərinə deyil öz təminatı üçün əmək haqqıdan ¼ hissə almağa çalışmışdır. Məhkəmədə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyiilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən kənara çıxaraq onun əmək haqqını müəyyən etmiş və onun ¼ hissəsinin tutulması barədə qətnamə qəbul etmişdir. Tamamilə əsassız qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirir ki, cavabdehlə 2015-ci ildə nikahı pozulub, alimenti əvvəl 150 manat ödəyirdi. Sonra mediyasiya prosesində 250 manat olmuşdur. O işdən çıxıb, işsizdir. Alimentin artırılmasını cavabdehdən xahiş etsə də cəmi 3 ay 600 manat ödədi. Vaxtı gecikdirirdi. Cavabdeh 2700 manatdan çox maaş alır, əlavə gəliri də var. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

14. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

15. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

17. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

24. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

25. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 üçün hər ay 150 manat sabit sabit pul məbləğində aliment tutulmasını müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur.

26. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

27. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsini qanunauyğun hesab edir.

28. Elektron məhkəmə informasiya sistemi vasitəsi əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də aparıcı mütəxəssis vəzifəsində çalışır və əmək haqqısı 2841,14 manat təşkil edir.

29. Cavabdehin yenidən ailə qurması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

30. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə iclasları barədə məlumatlandırılmamışdır.

31. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilinə məhkəmə bildirişi göndərilmişdir, həmçinin (055) 700 48 88 nömrəli mobil telefonuna sms bildiriş göndərilmişdir.

32. Apellyasiya şikayətinin digər dəlili odur ki, cavabdeh könüllü şəkildə 600 manat aliment ödəyirdi.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tələb alimentin miqdarının dəyişdirilməsidir. Alimentin miqdarının dəyişdirilməsi barədə məhkəmənin aktı qanuni qüvvəsini aldıqdan sonra alimentin dəyişdirilmiş məbləğdə ödənilməsi icra olunur.

34. O cümlədən qeyd olunmaldır ki, cavabdehin istinad etdiyi hal hazırki iddia tələbinin baxılmasına maneə olmur. Belə ki, cavabdeh könüllü olaraq övladlarının saxlanılması üçün daha artıq məbləğdə ödəniş etmək ixtiyarına malikdir. Bir uşağın saxlanılması üçün əmək haqqı və (və ya) gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qanunun tələbinə uyğundur.

35. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2443/2024 nömrəli, xx.xx.2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar