Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5279/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” haqqında ilkin, Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, 15.343,30 manat ziyan və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda, Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətləri olduğundan cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia verərək, 16.600 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, ümumilikdə 16.630 manatın İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh ilkin iddia üzrə iddiaya cavab verməli şəxs deyildir. Belə ki, o, sadəcə olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün layihə hazırlamış, evin içinin interyer-dizayn işlərini görmüş, tikinti və interyerdizayn işlərinin onun tərəfindən hazırlanan layihələrə uyğun aparılmasına nəzarət etmişdir. Malyar, santexnik, istilik-kombi sisteminin (isti döşəmə) quraşdırılması, elektrik, izolyasiya işlərinin görülməsi ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Ümumiyyətlə, o, belə işlərlə məşğul olmur, buna görə də bu işlərin düzgün aparılmamasına görə məsuliyyət daşıya bilməz. Evdə xidmət göstərən ustalar da onun işçisi deyil, hər bir usta ilə İddiaçı ayrıayrılıqda işin həcmini və xidmət haqqını razılaşdırmışdır. Eyni zamanda, tikinti və təmir üçün materiallarını İddiaçı özü şəxsən almış və bu tip işlərin görülməsi üçün Cavabdeh hər hansı ödəniş etməmişdir. Cavabdeh və bir neçə digər usta İddiaçı tərəfindən xidmət haqqları ödənilmədiyinə görə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Toplanmış materiala əsasən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, İddiaçı izahatında bildirmişdir ki, ustalar onun evində kombi sistemi və isti döşəmə quraşdırmışlar. Həmin sistemin işləməsi zamanı elektrik sərfiyyatınm bir müddət sonra çox olduğunu görərək hər iki kombini çıxartdıraraq daha ucuzu ilə əvəz etdiyini etiraf etmişdir. Göründüyü kimi, kombi sisteminin işləməsində hər hansı problem olmamış, yalnız sərfiyyatın çox olması səbəbindən kombiləri dəyişmiş və bu işin görülməsini ustalar tərəfindən bütün işlər təhvil verildikdən uzun müddət sonra başqa ustalara tapşırmışdır. Başqa ustalar tərəfindən daha ucuz kombilərin quraşdırılması zamanı və quraşdırılmasından sonra yaranmış problemlərə görə Cavabdeh heç bir məsuliyyət daşıya bilməz. Evin daxili künclərində nəmişliyin yaranmasına da səbəb məhz elə istilik-kombi sisteminin korlanması olmuşdur. “X7” MMC-nin təqdim etdiyi mütəxəssis rəyində görüləcək işlərin ümumi dəyəri 10.843 manat müəyyən edilmişdir ki, bu məbləğin 8365 manatı məhz elə kombi sisteminin yenidən bərpası və 1035 manatı isə yaranmış nəmişliyin qarşısının alınması üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə, sözügedən rəy iddiaçıya hər hansı maddi ziyan vurulması faktını təsdiq etmir. Sadəcə görüləcək işlərin smeta dəyərini müəyyən edir və iddiaçı tərəfindən verilən xidmət haqqı müqabilində yazılmışdır. Digər tərəfdən məhkəmə baxış iclasının protokolunda şahid qismində iştirak etmiş X2 verdiyi ifadələr tamamilə təhrif edilmiş və şahid tərəfindən verilən ifadələrin əvəzinə məhkləmə iclas protokoluna düzgün olmayan məlumatlar daxil edilmişdir. Belə ki, o, öz ifadəsində bildirmişdir ki, fərdi yaşayış evində kafel-metlax vurulması ilə bağlı işlər görmüş, 1 m2 üçün 10 manat olmaqla, ümumilikdə 280 m2 üçün 2800 manat pul almışdır. Lakin əfsuslar olsun ki, şahidin verdiyi ifadələr təhrif olunaraq protokola və qətnaməyə daxil edilmişdir. Qarşılıqlı iddia ilə bağlı isə bildirir ki, fərdi yaşayış evinin tikintisi üçün tərəflər arasında layihənin hazırlanmasına görə 3500 manat; interyer-dizayn işlərinə görə 8000 manat (1 kv.m. üçün 20 manat); tikintinin layihəyə uyğun aparılmasına nəzarətə görə isə 10.000 manat (aylıq 1000 manat) olmaqla, cəmi 21.500 manat ödənilməsi razılaşdırılmışdır. Lakin İddiaçı, layihənin hazırlanması üçün avans olaraq 1500 manat, interyer-dizayn işlərinin görülməsi üçün avans olaraq 3400 manat olmaqla, cəmi 4900 manat ödəniş edilmişdir. Qalan 16.600 manat xidmət haqqı isə ödənilməmişdir. İşdə olan Xəzər Rayon Polis İdarəsinin RPİ-nin 2-ci Polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı öz izahatında evində xidmət göstərən bir çox ustaların pulunu kəsmiş, eyni zamanda Cavabdeh görülmüş işlərə görə 10.000 manat xidmət haqqı ödəniləcəyi barədə razılığa gəldiklərini bildirmişdir. Lakin məhkəmə sübutlara hüquqi qiymət vermədən, həmin sübutlarla müqayisədə niyə məhz “X7" MMC-nin müvafiq mütəxəssis rəyinə üstünlük verdiyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və onun vəkili isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsini dıyişdirilmədən saxlanılmasını xahiş etdilər Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün layihənin hazırlaması, interyer-dizayn işlərini görülməsi, bu işlərinin layihəyə uyğun aparılmasına nəzarət edilməsi ilə bağlı şifahi qaydada tapşırıq müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 752.1-ci və 762.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Hazırda ilkin iddia üzrə İddiaçı, ona məxsus sözügedən fərdi yaşayış evinin tikintisi ilə bağlı Cavabdeh və onun ustalarının tapşırığı qüsurlu icra etdiyini, bunun nəticəsində evin daxilində və divarlarda qüsurlu təmir üzrə çatışmazlıqların aradan qaldırılması üçün 10.843 manatın, elektrik işləri düzgün görülmədiyindən çəkdiyi 3000 manat və evin dam hissəsində nasazlıqların aradan qaldırmaq üçün isə çəkdiyi 1500 manat əlavə xərcin əvəzinin Cavabdeh tərəfindən ödənilməsini tələb edir. Birinci instaniya məhkəməsi ilkin iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçı vurulmuş 15.343,30 manat maddi ziyan (10.843,30 manat (ekspert rəyi ilə müəyyən edilmiş ziyan) + 4.500 manat (1.500+3.000) əlavə xərclər) həm müvafiq ekspert rəyi ilə, həm də məhkəmə araşdırması zamanı iş materialları və şahid ifadəsi ilə öz hüquqi təsdiqini tapmışdır. Buna görə də, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təqsiri üzündən vurulmuş və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış maddi ziyanı İddiaçı ödəməlidir. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, bildirir ki, işdən görünür ki, ilkin iddiaçının əvəzinin ödənilməsini tələb etdiyi xərclər mübahisəli fərdi yaşayış evinin döşəməsində, divarlarında, dam örtüyündə yaranmış qüsurlarla və düzgün görülməyən elektrik işləri ilə əlaqədardır. Onunla Cavabdeh arasındakı tapşırığın mahiyyəti isə evin layihəsinin hazırlanması, iç dizaynı və bu işlərin layihəyə uyğun aparılmasına nəzarətdən ibarətdir. Bu işin mübahisəsiz halıdır. Göründüyü kimi, İddiaçı qüsurlu görüldüyünü iddia etdiyi işlərə görə Cavabdehlik daşımamış və bu işlər özünün də bildirdiyi kimi ayrı-ayrı ustalar tərəfindən icra edilmişdir. Kollegiya, ilkin iddiaçının həmin ustaların Cavabdeh işçiləri olması barədə dəlilini də əsaslı hesab etmir. Belə ki, bu fakt, iş materialları ilə təsdiqlənməmiş və İddiaçı də dediklərini mötəbər və kifayətedici sübutlarla dəstəkləyə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, işdə olan Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, evə və anbara beton verilən zaman Faiq adlı usta ilə aralarında gəldikləri razılaşmadan sonra tökülmüş betonda əyrilik olduğundan Cavabdeh bu barədə məlumat vermiş və usta Faiqə 700 manat verəcəyi pul məbləğini kəsmişdir. Elvin Qəmbərov adlı şəxs elektrik işləri görmək üçün onun ünvanına gəlmiş və öz aralarında razılaşdıqdan sonra sonuncu işə başlamışdır. Ona evin ətrafına müşahidə kameraları quraşdıracağını bildirmiş və görəcəyi işin müqabilində nə qədər xərci çıxacağını soruşduqda E.Qəmbərov sonra öz aralarında razılaşacaqlarını söyləmişdir. Kamera quraşdırma işi yekunlaşdıqdan sonra E.Qəmbərov ona zəhmət haqqı olaraq 2000 manat verəcəyini söyləsə də, onunla razılaşmayaraq cəmi 800 manat vermişdir. Həmin ustalar onun evində kombi sistemi və isti döşəmə quraşdırmışlar. Həmin sistemin işləməsi zamanı elektrik sərfiyyatının bir müddət sonra çox olduğunu görərək hər iki kombini çıxartdıraraq daha ucuzu ilə əvəz etmişdir. ...Ruslan Quranova dizayn işləri görəcəyi müqabilində ümumilikdə 1500 və 3400 manat vermişdir. Odur ki, Kollegiya, qeyd olunanların ilkin iddianın rədd olunması üçün kifayət etdiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, apellyasiya şikayətinin bu hissədə digər dəlilləri üzrə əlavə araşdırmağa zərurət görmür. Bununla belə, məhkəmə kollegiyası, birinci instansiya məhkməsinin qarşılıqlı iddianın rədd olunması barədə gəldiyi qənaətini əsaslı hesab edir və apellyasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşmır. Belə ki, qarşılıqlı iddia üzrə Cavabdeh bildirir ki,tərəflər arasında fərdi yaşayış evinin tikintisi üçün layihənin hazırlanmasına görə 3500 manat; interyer-dizayn işlərinə görə 8000 manat (1 kv.m. üçün 20 manat); tikintinin layihəyə uyğun aparılmasına nəzarətə görə isə 10.000 manat (aylıq 1000 manat) olmaqla, cəmi 21.500 manat ödənilməsi razılaşdırılmışdır. Lakin İddiaçı, layihənin hazırlanması üçün avans olaraq 1500 manat, interyer-dizayn işlərinin görülməsi üçün avans olaraq 3400 manat olmaqla, cəmi 4900 manat ödəniş etmiş, qalan 16.600 manat xidmət haqqı isə ödənilməmişdir. Kollegiya yuxarıdakı qənaətini nəzərə alaraq hesab edir ki, sübutetmə yükü baxımından bu halı sübuta yetirilməsi vəzifəsi qarşılıqlı iddiaçı Cavabdeh üzərinə düşür. Cavabdeh isə, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Nəzər alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunması hissəsində ləğv olunaraq, ilkin iddia rədd olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1038/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilkin iddianın təmin olunması hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı “15.343,30 manat ziyan və 30 manat dövlət rüsumunun Eldar oğlundan alınaraq ona ödənilməsi” barədə ilkin iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5279/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5279/2020
30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver