Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5280/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-965/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 24% ödəmək şərti ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 33000 manat məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 24 dekabr 2021-ci il tarixədək hər ay 1277,42 manat ödəməyi öz üzərinə götürmüşdür.
3. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan və borclu Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı İpoteka müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən ipoteka qoyan-borcalan Cavabdeh1 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan “LEXUS GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayan İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predimeti 67000 manat dəyərində qiymətləndirilmişdir.
4. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 138439 nömrəli 21 avqust 2018-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, LEXUS GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-nin xeyrinə yüklülüyü daşınar əmlakın rəsmi reyestrində 21 avqust 2018-ci il tarixdə qeydə alınmışdır.
5. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
6. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit və İpoteka müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyi təqdirdə borcun tutulması və tələbin ipoteka predimetinə yönəldilməsi üçün məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir.
7. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 20 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə 20060,42 manat əsas, 8243,54 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanan 717,03 manat faiz borcu olmaqla, cəmi 29020,99 manat borcu yaranmışdır.
8. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 31 may 2022-ci il tarixli bildirişindən görünür ki, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20060,42 manat məbləğində əsas borcun, 8243,54 manat məbləğində faiz borcunun, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 717,03 manat faiz borcunun cəmi 29020,99 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti «Lexus GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada tutularaq LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli 11/0454/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 33000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 24 dekabr 2018-ci il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 295287 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus «Lexus GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 24 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********162 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 29020,99 manat təşkil edir. Bundan 20060,42 manat əsas, 8243,54 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 717,03 manat borcu təşkil edir.
11. Kredit müqaviləsi üzrə borc məbləğnin müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 20405,90 manat, faiz borcu 0 manat olmaqla, cəmi borcu 20405,90 manat müəyyən edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-965/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 20060,42 (iyirmi min altmış manat qırx iki qəpik) manat əsas borc və geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 717,03 (yeddi yüz on yeddi manat üç qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20777,45 (iyirmi min yeddi yüz yetmiş yeddi manat qırx beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,72 (bir yüz iyirmi altı manat yetmiş iki qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 50,28 (əlli manat iyirmi səkkiz qəpik) manat məbləğin (177-126,72=50,28) iddiaçıya aid edilməsi, tutmanın Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş “LEXUS GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə realizə edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 20777,45 (iyirmi min yeddi yüz yetmiş yeddi manat qırx beş qəpik) manat pulun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, artıq qalan vəsaitin mülkiyyətçi Məmmədov Əfqan Səməd oğluna qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 (iki yüz) manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1, 319.1, 319.6, 367, 399.3, 470, 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 103.1, 119.1, 217.4, 218.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın faiz borcunun tutulması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaşı tərəf məhkəmənin faiz borcunun tutulmaması hissəsində gəldiyi nəticəni qəbul etmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında kredit müqaviləsinə dair əsas və faiz borcu üzrə müqavilə müddətinin bitdiyi günə (xx.xx.2021-ci il tarixə) ödənilməmiş məbləğin müəyyən edilməsi tapşırığı qoyulmuşdur. Bundan başqa məhkəmə iclasının video-audio yazısının aparıldığını nəzərə alsaq nümayəndəmiz tərəfindən ekspert rəyinə etiraz edilmiş, rəyin açıq şəkildə əsassız olması izah edilmiş və təkrarən mühasibatlıq ekspertizasının keçirilməsi vəsatəti qaldırılmışdır. Məhkəmə vəsatəti təmin etməyərək faiz borcun cavabdehdən tutmamaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə kreditor kimi bu maddədə göstərilən hüquqlarımızı pozmaqla cavabdehin pul öhdəliyinin icrasına təsir göstərir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin faiz borcu olduğu halda məhkəmə qeyd edilən maddi hüquq normasını pozaraq faiz borcunun silinməsi barədə əsassız nəticəyə gəlmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya Məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1456 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən ekspert qarşısında xx.xx.2018-ci il tarxli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc və faiz borcunun nə qədər təşkil etdiyi sualı qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən görünür ki, ekspert faiz borcunu qərardad üzrə göstərilən müddətə deyil xx.xx.2020-ci il tarixə dayandırılmaqla hesablamışdır. Lakin iş materiallaına əlavə edilmiş maliyyə arayışından görünür ki, ümumi kredit borcu xx.xx.2022-ci il tarixə hesablanmışdır. Hesab edir ki, qətnamə “faiz borcun silinməsi” hissəsində qanunsuz və əsassızdır. Belə ki, iş materiallarındakı sübutlara münasibət bildirərkən prosessual baxımdan səhvə yol vermişdir. Hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmələr tərəfindən təyin olunan ekspert rəyində olan uyğunsuzluğa baxmayaraq, Yasamal Rayon Məhkəməsi natamam olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyini əsas sübut kimi qəbul etmiş və mülki iş üzrə tam araşdırma aparmadan qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə ilkin növbədə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa və ödəniş cədvəlinə nəzər yetirməli idi. Belə olan halda, məhkəmə ekspert rəyində yönləndirilməni görə bilər və təkrarən mehasibatlıq ekspertizası təyin edərdi. Belə ki, ekspert rəyində kredit müqaviləsinin 3.1.5-ci maddəsinə əsas gətirərək 2 ay gecikməyə istinad edərək xx.xx.2020-ci il tarixdən faizlərin hesablanmasını dayandırmışdır. Hesab edirik ki, məhkəmə ekspert rəyində təqdim edilmiş cədvəldə faiz borcunun hesablanmasını xx.xx.2020-ci il tarixdə dayandırıldığını ziddiyətli sübut kimi təsdiq edərək səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər Tərəflərindən xx.xx.2023-cü il tarixli, 9/1456 nömrəli rəyi təqdim etmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rövşən Cəlilovun digər məhkəməişi üzrə rəyi əldə edilmişdir. Şikayətə əlavə etdikləri ekspert Rövşən Cəlilovun xx.xx.2023-cü il tarixli, 9/2445 rəyində kredit müqaviləsinin 3.1.5-ci maddəsi və müddətin sonuna olan məbləğlər barədə iki istiqamətdə nəticə vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 367. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
21. Maddə 203.3.1. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir.
22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
24. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər;
32. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
33. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
34. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 739.2. Borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
37. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun :
39. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
40. 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.
41. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
42. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir.
43. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
44. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin faiz borcu hissəsində də təmin edilməsini xahiş etdiyindən, qətnamə yalnız həmin hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-965/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, iddiaçı iddia tələbində və hazırkı apellyasiya şikayətində 8243,54 manat məbləğində faiz borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etsə də, kollegiya iddiaçının qeyd edilən dəlilini əsaslı hesab etmir.
55. Kollegiya qeyd edir ki, iddiaçı təşkilat 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim edərək cavabdehlərin 8243,54 manat faiz borcunun olduğunu göstərmiş olsa da, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizaı təyin edilmiş və 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan faiz borcu 0 (sıfır) manat təşkil edir.
56. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
57. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
58. Kollegiya hesab edir ki, iş materialları ilə ekspert rəyini təkzib edəcək hər hansı əsaslı sübut müəyyən edilmədiyindən məhkəmə haqlı olaraq ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmişdir.
59. Kollegiya hesab edir ki, ekspert rəyinə əsasən, Cavabdeh1 24 dekabr 2018ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə müqavilə müddəti üzrə ödənilməmiş faiz borcu olmadığından, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 8243,54 manat faiz borcunun tutulması hissəsində təmin edilməməlidir.
60. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf ekspert rəyi üzrə hesablanamanın 25 may 2020-ci il tarixə qədər hesablanma aparıldığını qeyd etsə də, rəydən görünür ki, ekspert rəyi məhz məhkəmə qərardadı ilə qoyulmuş vaxta uyğun hesablama aparmış və rəydə göstərilən nəticəyə gəlmişdir.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
63. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-965/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.