Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5280/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ödənilməmiş aliment borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3186/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları – xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X9 doğulmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 5774/2016 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə, 454 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş; tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
3. Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 574947 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X3r.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 22 avqust 2008-ci il təvəllüdlü X1 və 28 iyun 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)-5774/2026 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmişdir.
5. Cəlilabad rayon İcra və probasiya şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6160/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ödənilməmiş qalıq aliment borcu 2.409 manat təşkil edir.
6. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh pensiya məbləği 337.77 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər ay hər biri üçün 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsi və 2019-cu ildən bu günə qədər ödənilməyən aliment miqdarının müəyyən edilərək ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5774/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X9 onun himayəsində saxlanılmış və onların saxlanılması üçün hər uşağa 117 manat aliment müəyyən olunmuşdur. O, aliment miqdarının artırılması üçün 2022-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6160/2022 saylı qətnaməsinə əsasən hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat aliment müəyyən edilmişdir. Hal-hazırda X1 15 yaşı və X6 12 yaşı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin atası Əlihüseyin vəfat etdiyinə görə hal-hazırda ona kömək edən heç kim yoxdur. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa vaxtında və düzgün ödəməmişdir. Uşaqların bütün qayğıları, ehtiyacları tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının “2024-cü il üçün yaşayış minumumu haqqında” Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı nəzərə alaraq, o, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 235 manata çatdırılmalıdır. Cavabdeh ilə aralarında olan sonuncu məhkəmə zamanı cavabdeh məhkəməyə əlil olması ilə bağlı sənədlər təqdim edərək alimenti tam miqdarda ödəməkdən yayınmağa çalışmışdır. Həmçinin cavabdeh bildirmişdir ki, başqa övladı da var, onun da xərclərini o, ödəyir və heç bir yerdə işləmir. Lakin cavabdeh, yəni keçmiş həyat yoldaşı hal-hazırda Cəlilabad rayonunda yerləşən Gənclik restoranında operator işləyir. Belə ki, 2019-cu ildən bu günə qədər Dövlət Sosial Müdafiə Fondu cavabdehin əlillik müavinətindən hər ay üçün ümumilikdə hər iki uşağa görə cəmi 212 manat tutaraq ona ödəmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6160/2022 saylı qətnaməsinə əsasən hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat aliment müəyyən edilmişdir. Bu günə qədər məhkəmənin qətnaməsində olan 280 manat deyil ona 212 manat ödənilməklə hər ay üçün 68 manat məbləğində kəsir yaranmışdır. Bu isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6160/2022 saylı qətnaməsinin düzgün icra edilmədiyindən xəbər verir. Bu gün dövlət tərəfindən hər uşaq üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdirsə, deməli onun hər iki övladını normal yaşatmağı üçün ona aylıq 470 manat lazımdır. Lakin o, hər iki uşağını 212 manatla yaşatmağa çalışır ki, bu da mümkün deyildir. Buna görə də o, çox əziyyət çəkir. Əgər cavabdeh əlildirsə və işləmirsə o zaman o, uşaqlarını 212 manat alimentlə necə yaşatmalıdır? Bu tamamilə ədalətsizlikdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli, 2(001)-3186/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır.
10. Məhkəmə iddianı “2019-cu ildən bu günə qədər ödənilməyən aliment miqdarının müəyyən edilərək ona ödənilməsi” hissəsində isə təmin etməyərək İddiaçı aliment borcunun müəyyən edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məhkəməyə şikayət etmək hüququnun olmasını izah etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.1, 106.2, 106.3, 106.4, 106.5 və 112.1-ci maddəsi; «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 3 iyul 2024-cü il tarixli, 2(001)-3186/2024 qətnaməsinin dəyişdirilərək, alimentin miqdarının azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən alimentin miqdarı artırılarkən onun maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmamışdır. Yuxarıda da, qeyd etdiyi kimi onun ikinci nikahdan bir uşağı vardır. Bundan əlavə, himayəsində yaşlı və xəstə valideyni vardır ki, həmin uşağının, həm də, valideynlərinin bütün maddi ehtiyaclarını o ödəyir. Özü hazırda heç bir yerdə işləmir. Heç bir yerdən maddi gəliri yoxdur. Qardaşının köməkliyi və valideyninin aldığı təqaüd əsasında ailəni dolandırır. İş üzrə mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən tam araşdırılmamışdır. O, heç bir yerdə işləmir və onun gəlir yeri yoxdur və işsiz kimi qeydiyyatdadır. Alimentin qətnamədə göstərilən miqdarı onu maddi cəhətdən çox çətin vəziyyətə sala bilər. O, alimenti ödəməkdən imtina etmir, lakin o, alimentin ödənişini yalnız hər ay hər uşaq üçün 160-170 manat miqdarında civarında ödəyə bilər. Məhkəmə sadaladığı halları, yəni onun işsiz olmağını, himayəsində ikinci nikahdan bir övladının, xəstə və yaşlı valideynlərinin olmasını nəzərə almayaraq sübutları düzgün qiymətləndirməmişdir. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə ədalətli olmayan qətnamə qəbul edilmişdir. Hesab edir ki, qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır.
b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qarşı tərəfin işlədiyini sübut etmək üçün Binəqədi Rayon Məhkəməsinə 2 disk göndərmişdir. Bu disklərdə qarşı tərəfin işlədiyi rayonda çəkilən video-görüntülər var. Qarşı tərəf Cəlilabad rayonunda “Gənclik” şadlıq evində, “İmperial” şadlıq evində kameraçəkən kimi işləyir. Qarşı tərəf əlil olmadığı halda əlilliklə bağlı saxta sənədlər hazırlayıb. 3-cü qrup əlil idi, boşanan vaxt 1-ci qrup elədi. Cavabdehin kartına hər ay dövlətdən 300 manat pul gəlir. 2022-ci ildə qəbul edilmiş qətnamədən apellyasiya məhkəməsinə müraciət etməmişdir. Sübutları yox idi. Məhkəmə də dedi ki, hər uşaq üçün 200 manat yaza bilər, amma sübutu yoxdur deyə yaza bilmir. Ona görə keçən il hər uşaq üçün 140 manat məbləği yazıldı. Bakıda yaşayır. Uşaqlarının birinin 16, digərinin isə 14 yaşı var.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, aliment məbləğinin azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin alimnetin məbləğinə dair hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyasının
21. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
22. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
25. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
26. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
27. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
28. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının
29. 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
30. 8.3-ci bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına görə
31. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.
32. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
33. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
34. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “alimentin məbləği” hissəsində dəyişdirilməlidir.
37. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları – xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X9 doğulmuşdur.
38. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 5774/2016 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə, 454 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş; tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
39. Daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 22 avqust 2008-ci il təvəllüdlü X1 və 28 iyun 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)-5774/2026 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmişdir. İddianı qismən təmin edən məhkəmə işdə olan sübutlara əsaslanmış, tərəflərin maddi vəziyyəti, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğu, cavabdehin yenidən ailə qurduğu və həmin nikahdan da uşağının dünyaya gəldiyi və buna görə bütün uşaqların mənafelərinin nəzərə alınmalı olduğunu qeyd etmişdir.
40. Kollegiya hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanmaları üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının məhkəməyə müraciətini əsaslı edən Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
41. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.
42. Bununla belə məhkəmə kollegiyası ödənilməli alimentin 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğinə qədər artırılması barədə məhkəmənin gəldiyi qənaət ilə razılaşmır. Belə ki, qanuni qüvvəsini almış və iddiaçı tərəfindən mübahisələndirilməmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 22 avqust 2008-ci il təvəllüdlü X1 və 28 iyun 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən tutulmuş alimentin miqdarı hər ay hər uşaq üçün 193 manat yox, 140 manat həddində müəyyən edilmişdir. Bu qənaətə gələn məhkəmə tərəflərin maddi vəziyyətini, cavabdehin yenidən ailə qurduğunu və həmin nikahdan da uşağının dünyaya gəldiyini nəzərə almışdır.
43. Beləliklə də hazırkı iş üzrə aliment məbləği müəyyən edilərkən 2024-cü il üçün mövcud olan yaşayış minimumu məbləğindən başqa yuxarıda göstərilən hallar də nəzərə alınmalıdır. Həmçinin iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri, maddi vəziyyətinin xeyli dərəcədə yaxşılaşdığı barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti iddia ərizəsində göstərilən məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi nəzərə alınmalıdır.
44. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin məntiqi davamı olaraq mübahisələndirilən qətnamə “alimentin artırılmış məbləği” hissəsində dəyişdirilməli, 22 avqust 2008-ci il təvəllüdlü X1 və 28 iyun 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, hazırda tutulması qət edilən aliment məbləği uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi baxımından da ədalətlidir.
45. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
46. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3186/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova