Məhkəmə qərarları › İş №2(103)-5284/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5284/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5284/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-738/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-yə ödənilməmiş əsas borca görə 869,02 ABŞ dolları, müqavilənin bitmə tarixinə hesablanmış faizə görə 255,26 ABŞ dolları, cəriməyə görə 652,84 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 17.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % görə 126,48 ABŞ dolları olmaqla cəmi 1903,60 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış 13.02.2015-ci il tarixli 09 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq illik 28 % dərəcəsi ilə 1300 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019cu il tarixli fərmanının təsir dairəsinə aid edilməmişdir. Həmin fərmanın icrası məqsədilə hazırlanmış fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatmışdır. Həmin tarixə kimi cavabdeh müraciət etməmişdir. Hazırkı kredit müqaviləsinin hansı əsasa görə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərmanının təsiri dairəsinə düşməməsi məlum deyildir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-738/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13.02.2015-ci il tarixli 09 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 869,02 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30 manatın ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin faiz borcu, cərimə və müqavilə müddəti bitəndən sonra hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, 28 fevral 2019-cu il tarixli fərmanının icrası qaydaları ilə bağlı, restrukturizasiya olunacaq kreditlər üzrə cavabdeh müştəri Banka yaxınlaşaraq yeni müqavilə bağlamalıdır, yeni müqavilə məhkəmədə işin dayandırılması üçün əsasdır. Əks halda, müştəri tərəfindən heç bir müraciət olunmaması və ya bankın müraciətinə məhəl qoyulmaması, həmin müştərinin borc barədə razılığa gəlmək istəməməsi, öz qeyri-qanuni mövqeyində dayanaraq Bank qarşısındakı borc öhdəliyini nəzərə almaması kifayət edir ki, həmin öhdəliyin məcburi icrası məqsədilə məhkəməyə müraciət edilsin. Beləliklə, müştəri yeni müqavilənin bağlanması üçün razılıq vermədiyi təqdirdə Bank əvvəlki müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə tələb edə bilər. Bu səbəbdən məhkəmənin hadisələri qabaqlayaraq Bankın müqavilə üzrə tələb etməyə haqqı olan faiz və cəriməni təmin etməməsi qanuna ziddir. Mərkəzi Bankın 04.11.2020-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında 1300 ABŞ dolları dəyərində bağlanmış 13.02.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmişdir. Lakin bank tərəfindən Mərkəzi Banka borc məbləğinin hansı səbəbdən fərmanın təsir dairəsinə düşməməsinə dair müvafiq sorğu göndərilmişdir. Məhkəmə Fərmanın qaydalarını düzgün tətbiq etməyərək və səlahiyyətini aşaraq həm restrukturizasiyaya müraciət etmədən, həm də Bankı Fərmanın qaydalarında nəzərdə tutulmuş 1% restrukturizasiya gəlirindən məhrum edərək ancaq vətəndaşın mövqeyini nəzərə alan qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Mərkəzi Bankın müvafiq sorğuya cavabını təqdim edərək, qeyd etdi ki, cavabdehlə bağlanmış müqavilə Fərmanın təsir dairəsinə düşməmişdir, məhkəmə əsassız nəticəyə gəlmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəməyə gəlmədiyindən kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırda qətnamə iddiaçının apelyasiya şikayəti həddində, iddianın təmin edilməyən hissəsinə münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan borcverən “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13.02.2015-ci il tarixli 09 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana ev təmiri üçün 24 ay müddətinə, yəni 13.02.2017-ci il tarixədək qaytarmaq, illik 28 % ödəmək şərti ilə 1300 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 10.3-cü bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və ya müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin, vaxtında ödənilməmiş faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1%-i miqdarında borcverənə dəbbə pulu ödəməlidir. “xxxx” ASC-nin 13.02.2015-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, Cavabdeh kredit verilməsi üzrə 1222 ABŞ dollarını almışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 13.12.2019-cu il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edərək, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019- cu il tarixli fərmanın icrasından irəli gələn problemli kreditlərin restrukturizasiyasına dair müvafiq tədbirlər həyata keçiriləcəyini bildirmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh əsas borca görə 869,02 ABŞ dolları borcu vardır. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etdiyi 28.10.2020-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, o, götürdüyü 1300 ABŞ dolları kreditin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq ona kompensasiya hesablanmadığını, onun 21.02.2015-ci il tarixinə əsas borcunun 1300 ABŞ dolları, 21.12.2015-ci il tarixinə əsas borcunun 902,98 ABŞ dolları olmasını və hər iki dövr üçün ona kompensasiya hesablanmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin 22.01.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 13.02.2015-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə Cavabdeh 17.01.2020-ci il tarixə əsas borca görə 869,02 ABŞ dolları, faiz borcuna görə 255,26 ABŞ dolları, cəriməyə görə 652,84 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 5% görə 126,48 ABŞ dolları olmaqla cəmi 1903,60 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mərkəzi Bankının 04.11.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanının icrası Mərkəzi bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında 1300 ABŞ dolları dəyərində bağlanmış 13.02.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsir dairəsinə düşməmişdir. Məhkəmə vaxtında öz hüquqlarından istifadə edib borcalanla güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda borcalana qarşı faiz, cərimə, 5% tələbi irəli sürməsini hüquqdan sui-istifadə hesab edərək, iddia tələblərini bu hissədə təmin etməmişdir. İddiaçı da bu hissədə qətnaməni mübahisələndirmişdir. 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti ilə deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın təsir dairəsinə (8.6-ci bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. İddiaçı cavabdehlə bağlanan kredit müqaviləsinin Fərmanının təsiri dairəsinə düşmədiyinə əsaslanır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Mərkəzi Bankın iddiaçının sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 5511 saylı Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh barəsində sistemləşdirilmiş məlumatlar sırasına yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə qeyri-dəqiq və natamam məlumatlar daxil edildiyindən həmin müqavilə Fərman üzrə qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədi ilə Apellyasiya Komissiyası yaradılmışdır. Göründüyü kimi, iddiaçı Bank tərəfindən cavabdehlə bağlanmış kredit müqaviləsi barədə məlumatlar kredit reyestrinə tam və dəqiq daxil edilmədiyindən həmin müqavilə Fərman üzrə qiymətləndirilməmişdir. Yəni, iddiaçı bankın hazırki kredit müqaviləsini vahid kredit reyestrinə daxil etməməsi nəticəsində cavabdehin kredit borcu kompensasiya və restrukturizasiyadan kənar qalmışdır. Bununla da müəyyən olunur ki, kredit müqaviləsinin Fərmanın təsiri dairəsinə düşməməsi məhz bankın təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermişdir. İddiaçı bankın istinad etdiyi hallar əsassızdır və məhkəmə yalnız əsas borc məbləğinə aid hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya həmçinin cavabdehə izah edir ki, onunla bağlanılmış kredit müqaviləsinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşməsi və ona müvafiq kompensasiyanın verilibverilməməsi ilə bağlı Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət etmək hüququ vardır. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(001)- 738/2021 saylı iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar