Məhkəmə qərarları › İş №2(103)-5285/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5285/2022

29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5285/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-976/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2430,10 manat dəymiş zərərin, 894,05 manat debutor borcun, 57,92 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli AKX00535xx/xx-2018 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 972 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 399,60 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 39,70 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2430,10 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin dəyəri ödənilməmiş, 261,85 manat, 894,05 manat debutor borcu qalmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-976/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1545,65 manat məbləğində dəymiş zərər, 57,92 manat dövlət rüsumu və 65 manat vəkil xərcinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Tahirə Əsədova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öztəsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi də abonentin təbii qazdan istifadə etməsi barədə nəticəyə gəlsə də, əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış, lakin məhkəmənin iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığı barədə nəticəyə gəlinərək iddia tələbi yalnız bir akt üzrə hesablanmış zərərin tutulması hissəsində təmin edilmiş, lakin həmin hərəkətsizliyin və ya borcun artmasına şəraitin yaradılması kimi hərəkətlərin nədən ibarət olması və nədə ifadə olunması göstərilməmiş, ümumiyyətlə belə halların olub-olmaması məhkəmədə araşdırılmamışdır. Halbuki, iddiaçı tərəfin iddia tələbinin əsaslılığı ilə bağlı arqumentləri məhkəməyə təqdim edilmişdi və məhkəmə qətnamədə həmin arqumentləri əsaslı hesab etmişdir. Qətnamədə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək cavabdehin yaşadığı ünvanda sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edilsə də, qətnamədə gəlinən nəticə işin hallarına uyğun deyil. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, ” ... iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi,cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Cavabdeh özü də kənar xətdən istifadə etdiyini etiraf etmişdir”. Göründüyü kimi, həm cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə, həm də, məhkəmənin qənaətinə görə cavabdehin kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi müəyyən olunduğu halda, iddia tələbinin qismən təmin edilərək, yalnız xx.xx.2019 il tarixli ******* saylı və xx.xx.2020 il tarixli ******* saylı aktlar hissəsində təmin, digər aktlar üzrə iddia rədd edilməsi barədə nəticəyə gəlinməsi başa düşülən deyil. Çünki, iş materiallarında iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığı barədə nəticəyə gəlinsə də, həmin haların nədən ibarət olması aydınlaşdırılmamış, ümumiyyətlə belə halların mövcud-olub olmaması araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığı barədə nəticəyə gəlinsə də, həmin nəticə işin hallarına uyğun deyil. Belə ki, iş materiallarında iddiaçının hərəkətsizliyi və ya borc məbləğinin artmasına şərait yaradılması ilə bağlı hər hansı sübut yoxdur. Və məhkəmə gəldiyi bu nəticəni əsaslandırmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2018-ci il tarixli AKX-00535xx/xx-2018 saylı saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə 4 gözlü qaz plitələri (PQ 4) və samovar kimi qaz qurğularının abonent tərəfindən işlədilməsi qeyd edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********20000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2018ci il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğaca texniki baxış keçirilmiş və sayğacın plastmas borusunda deşik aşkar olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və 29/1710-01858/4-40 №-li rəyə əsasən 1202AQ**********8 nömrəli qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı 9720 m3 hesablanmışdır. Eyni zamanda Cavabdeh tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıda qeyd olunan digər aktlar da tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 399,60 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 39,70 manat. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsini mübahisələmndirdiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni mühisələndiirlən hissədə - iddianın rədd olunan hissəsində yoxlayır. Cavabdehin qaz xəttinə qanunsuz olaraq qoşulması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin, işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 2018-ci ildə etmişdir. xx.xx.2018 il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar olunmuş və itirilmiş qazın miqdarı 9720 m3 hesablanmışdır. Qazpaylayıcı (iddiaçı) müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, dəfələrlə AKT tərtib etmiş və halhazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 3 il müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Kollegiya hesab edir ki, iddianın xx.xx.2018 il tarixli ******* saylı akt hissəsində rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndiirlən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-976/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar