Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5286/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı 17.11.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23060 manat məbləğində borcun, habelə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(001)-6776/2020 saylı məhkəmə əmri ilə ərizə təmin olunmuşdur. Bundan sonra Cavabdeh məhkəmə əmrinə etirazla məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv olunmasını xahiş etmiş, məkhəmənin 05 yanvar 2021-ci il tarixli qərardadına əsasən məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-1627/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 24 iyun 2019cu il tarixdə notarial qaydada kredit (borc) müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə 1 il müddətinə qaytarmaq şərti ilə 23060 manat məbləğində pulu borc kimi vermişdir. Cavabdeh borcu 24 iyun 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş olsa da, bu öhdəliyini icra etmədiyindən iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, əmrin ləğv edilməsi, işin iddia icraatına keçirilməsi və onun iştirakı ilə mübahisənin araşdırılmasını xahiş etmiş, lakin bundan sonra ona Binəqədi Rayon Məhkəməsindən mülki işin gedişatı barədə bildiriş gəlməmiş, yalnız 05.04.2021-ci il tarixdə yekun qətnamə poçt vasitəsilə çatdırılmışdır. İddiaçı ilə bağlanmış borc müqaviləsi formal xarakter daşımış və pul məbləği onların özlərində qalmışdır. İddiaçı ilə uzun müddət davam edən işgüzar münasibətləri olmuşdur. İddiaçı müxtəlif vaxtlarda onun biznesinə sərmayə kimi pul vəsaitləri qoymuş və həmin pul vəsaitinə uyğun olaraq aylıq faizlər almışdır. Ümumilikdə, onun tərəfindən qoyulan bütün pullar faizləri ilə birlikdə artıqlaması ilə qaytarılmışdır. Lakin, 2019-cu ildən başlayaraq biznesində geriləmə baş vermiş və əldəki sərmayə bitib tükənmişdir. Bunu bilən iddiaçı təkrarən ona müraciət etmiş və biznesi diriltmək üçün yenə də sərmayə qoya biləcəyini bildirmişdir. Şərti isə bundan ibarət olmuşdur ki, bunun üçün onunla, həmçinin Eldar Mahmudov adlı şəxslə ayrı-ayrılıqda notariat qaydada borc müqaviləsi bağlasın. Əvəzində isə biznesə 100 000 ABŞ dolları məbləğində sərmayə qoyacaqlarını bildirmişlər. O da öz növbəsində sadəlöhvlük edərək onların təklifi ilə razılaşmış və hər ikisi ilə müqavilə bağlamışdır. Hər iki borc müqaviləsi bağlanarkən eyni pul vəsaitindən hər iki əməliyyatda istifadə olunmuşdur. Borc müqavilələrinin bağlanması prosesi başa çatdıqdan sonra isə iddiaçı ona bildirmişdir ki, 25000 manat ona məxsus deyil və 2-3 gün ərzində söz verdikəri 100 000 ABŞ dolları məbləğində vəsaiti ona təqdim edəcəklər. Bununla da onlar ortada olan 25000 manat vəsaiti də götürmüşlər. Sonradan İddiaçı işlərində problem yarandığını və pulu düzəldə bilmədiyini ona söyləmiş və iş də bu formada dayanmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, 24 iyun 2019-cu il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq olunmuşdur. Müqaviləyə əsasən göstərilən tarixdə Cavabdeh İddiaçı 23060 manat məbləğində borc pul almış və borcu 24 iyun 2020-ci il tarixədək qaytarmağı öhdəliyinə götürmüşdür. İddiaçı məhz həmin müqaviləyə əsaslanaraq müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilmədiyini bildirmiş və hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi cavabdehdən 23060 manat borc məbləğinin tutulması barədədir. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə öhdəliyinin olmasını və cavabdeh tərəfindən bu öhdəliyin yerinə yetirilmədiyini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 442, 739-cu və s. maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdeh öz etirazında və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməməsi barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin həm yaşadığı ünvana, həm də istifadəsində olan telefona (**********) məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmişdir. Apellyasiya şikayətinin digər dəlilləri tərəflər arasında kredit müqaviləsinin formal bağlanması, müqavilə məbləği notariusun bankdakı depozit hesabına köçürülsə də, həmin məbləği alıb iddiaçıya qaytardığı, özündə saxlamadığı və s. barədədir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin dəlilləri təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən onlar da əsassız sayılmalı və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5286/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5286/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver