Məhkəmə qərarları › İş №2(103)-5287/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5287/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5287/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)-2887/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 03 noyabr 2001-ci il tarixdə nikahlarını bağlamışlar.

2. Birgə nikahdan 15 yanvar 2005-ci il təvəllüdlü X7, 03 may 2008-ci il təvəllüdlü X8 doğulmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2022-ci il tarixli 2(103)-673/2022 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş övladları 15 yanvar 2005-ci il təvəllüdlü X7 və 03 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbəğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatdan görünür ki, "xxxx" Kəndli (Fermer) Təsərrüfatı MMC-də bölmə rəhbəri, istehsal və istismar/kənd təsərrüfatı vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 03 may 2008-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan 400 manat alimentin məbləğinin artırılaraq həm hər ay 600 manat sabit pul məbləğinin, həm də qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2(103)-673/2022 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş övladları 15 yanvar 2005-ci il təvəllüdlü X7 və 03 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbəğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaqlardan X7 yetkinlik yaşına çatmışdır və cavabdeh yalnız X8 üçün 400 manat aliment ödəyir. X8 hazırda orta məktəbin 10-cu sinifində təhsil alır və təhsilini ali təhsil müəssisəsində davam etdirmək niyyətindədir. X8 hazırda 5 fənndən hazırlığa gedir. İddiaçı aylıq 1 fənn üzrə hazırlıq ödənişi 100 manat olmaqla, cəmi 500 manat ödəniş edir. Bu məbləğ yalnız hazırlığa ödənilən məbləğdir, uşağın dolanışığı üçün bununla yanaşı ərzaq və digər qeyri-ərzaq xərcləri də çəkilir, hansı ki, bu xərcləri məhkəmənin təyin etdiyi 400 manatla ödəmək mümkün deyildir. Cavabdeh iki uşaq üçün aylıq 800 manat aliment ödədiyinə görə, bir uşaq üçün 600 manat sabit pul məbləğində alimenti və aylıq qazancının ¼ hissəsi miqdarında aliment ödəyə bilər. Cavabdeh bir neçə tirkətin təsisçisidir, adında avtomobillər var, aylıq qazancı kifayət qədər yüksəkdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə boşandıqdan sonra ailə qurduğunu, həmin nikahdan bir azyaşlı uşağı olduğunu, arvadının işləmədiyini və onun himayəsində olduqlarını, ölkə üzrə uşaqlar üçün üçün yaşayış minimumunun 235 manat müəyyən edildiyini, 400 manat əmək haqqı oldığını bildirmiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)- 2887/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(103)-673/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 400 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilmiş, tərəflərin birgə nikahından doğulmuş övladı 03 may 2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə isə iddianın rədd olunması qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay 500 manat müəyyən edilməlidir

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən şikayət verərək, qətnamənin ləğv edib, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Şikayətinin dəlillərinə görə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(103)-673/2022 nömrəli qətnaməsi ilə alimentin miqdarı hər uşağa görə 400 manat olmaqla, iki uşaq üçün 800 manat müəyyən edilmişdir. X7 yetkinlik yaşına çatdığından, cavabdehin aliment öhdəliyi sadəcə X1 ilə əlaqədardır və o, bu öhdəliyini məsuliyyətli şəkildə, vicdanla, vaxtında icra edir. Cavabdeh "xxxx"Kəndli fermer təsərrüfaında direktor vəzifəsində işləməklə 400 manat əmək haqqı alır və hazırda iddiaçıya bir uşağın saxlanmasına görə 400 manat aliment ödəməkdədir. Həmin aliment məbləği Ailə Məcəlləsində nəzərdə tutulmuş alimentin minimum miqdarına dair tələblərdən təxminən iki dəfə çoxdur. İddiaçı isə cavabdehin gəlirlərinin çox olmasıhalını sübut edəcək hər hansı dəlil təqdim etmədən, aliment miqdarının artırılmasını tələb edir. Məhkəmə qəbul edir ki, əvvəlki qətnamənin qəbul edildiyi vaxtdan hazırkı vaxtadək cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik müşahidə edilmir və onun gəlirinin artmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə cavabdehin ailə vəziyyətində dəyişiklik olmuş, başqa övladı doğulmuşdur. Bütün bu halların məhkəmə tərəfindən sadalanmasına, qəbul edilməsinə baxmayaraq, heç bir qanuni əsas göstərmədən, nədənsə iddianın qismən təmin edilməsi, aliment məbləğinin 100 manat artırılmaqla, hər ay sabit pul məbləğində 500 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsinə formal olaraq, bir neçə maddi hüquq norması əlavə edilsə də, qətnamənin alimentin miqdarının 100 manat artırılması ilə bağlı hissəsi hər hansı hüquq norması ilə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi hər hansı hüquq normasına istinad etmədən, uşağın mənafeyini, maddi ehtiyaclarının artmasını nəzərə almaqla alimentin 100 manat artırılması qənaətinə gəlmişdir. Maddi ehtiyacların artması dedikdə, məhkəmənin nəyi, hansı halı nəzərdə tutması ilə bağlı hər hansı şərh qətnamədə müşahidə edilmir. Bununla bağlı bildirir ki, maddi ehtiyacların artması ilə əlaqədar iddiaçı tərəfindən gətirilmiş arqument övladının ali məktəbdə təhsil almaq üçün məktəbdən kənar müvafiq hazırlıq kurslarına getməsi olmuşdur. Lakin övladının həqiqətən hazırlıq kurslarına getməsi, getdiyi halda həmin kurslar üçün nə qədər vəsaitin ödənilməsi ilə əlaqədar hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilən məsələyə dair cavabdeh iddia ərizəsinə etiraz ünvanlamaqla bildirmişdir ki, o uşağının saxlanması üçün hər ay 400 manat pul vəsaiti ödəyir, iddiaçı tərəfindən ödənilməsi zəruri hesab edilən uşağın təhsili ilə əlaqədar çəkilən xərclər isə əlavə xərc hesab edildiyindən, aliment öhdəliyinin tərkib hissəsi hesab edilə bilməz. Çünki valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Dövlət təhsil müəssisələrində isə tam orta təhsil pulsuzdur. Belə olan halda cavabdehdən əlavə ödəniş tələb edilməsi qanunvericiliyə uyğun hesab edilmir. Belə ki, uşağın ali təhsil müəssisəsinə hazırlıqla əlaqədar əlavə xərclərinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən zəruri xərc hesab edilmədiyindən, bu cür əlavə xərcin məbləği məhkəmə tərəfindən müəyyənləşdirilmiş alimentin miqdarına aid edilməsi tamamilə əsassızdır. Bundan əlavə, iddiaçı bu cür əsassız iddia tələbləri ilə dəfələrlə məhkəyə müraciət etmiş, lakin tələb qanunvericilin normalarına zidd olduğundan rədd edilmişdir. Belə ki, iddiaçı əvvəllər Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ilk övladı X4Türkiyədə ali təhsil alması ilə bağlı 2022-2026-cı illər üçün təhsil haqqı və yataqxana xərci 26920 ABŞ dollarının ½ hissəsini təşkil edən 13460 ABŞ dollarını və Aylinin təhsil aldığı müddətdə saxlanması üçün iddiaçının xeyrinə 400 manat sabit pul məbləğində alimentin və onun xəstəliyinə görə 100 manat olmaqla, cəmi 500 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Lakin tələbin əsassız olması və qanunverciliyin tələblərinə uyğun olmaması səbəbindən Yasamal Rayon Məhkəməsinin hazırda da qüvvədə olan 31 mart 2023-cü il tarixli, e- 2(004)-1086/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Formalaşmış məhkəmə təcrübəsində bu cür iddialar əsassız hesab edilməklə rədd edilir. Buna baxmayaraq, Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(004)-2887/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Halbuki, məhkəmə bu hissəyə tam aydınlıq gətirməmiş, nəzərdə tutduğu maddi ehtiyaclarının artması halını nəyə əsasən müəyyən etdiyini açıqlamamışdır. Məhkəmənin gəldiyi nəticəyə əsasən demək olar ki, cavabdeh tərəfin təqdim etdiyi etirazı nəzərə alınmamışdır. Belə ki, heç bir əsaslı dəlil olmadan, hər hansımaddi hüquq normasına istinad etmədən cavabdeh üçün əlavə aliment məsuliyyəti müəyyən edən qətnamə, Cavabdeh hüquqlarının pozulmasına səbəb olmaqdadır. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq, əsassız qətnamə qəbul etmişdir və həmin qətnamənin ləğv edilməsi zəruridir. Birinci instansiya məhkəməsi, uşağın mənafeyini və maddi ehtiyaclarının artması halına istinad edərək iddianı qismən təmin etmişdir. Lakin, maddi ehtiyacların həqiqətən artması, bunu təsdiq edən sübutların mövcud olması, o cümlədən cavabdehin kifayət qədər yüksək məbləğdə ödədiyi alimentin miqdarının daha da artırılması üçün əsasların mövcud olub olmamasının, artırılmış alimentin miqdarının cavabdehin maddi vəziyyətinə uyğunluğu məsələlərini aydınlaşdırmamışdır. İddiaçı tələbinin əsası olan hallara dair heç bir sübut təqdim etməmiş, bu sübutların olmamasına baxmayaraq məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia təmin olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunmayan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Bununla belə, ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılması, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin 400 manat olmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək 500 manat məbləğdə müəyyən edilməsi ədalətli və qanuna uyğun hesab edilməlidir.

24. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi maddi vəziyyətində dəyişikliyin olmamasını qeyd edir. İşin hallarından görünür ki, həqiqətən də cavabdehin rəsmi gəlirlərində hər hansı bir artım olmamışdır. Lakin nəzərə almaq lazımdır ki, əgər cavabdehin üzərində əvvəl 2 uşağın saxlanması üçün 800 manat aliment ödəmək öhdəliyi var idisə, hazırda bu öhdəlik 400 manat təşkil edir.

25. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı əvvəllər Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ilk övladı X4Türkiyədə ali təhsil alması ilə bağlı 2022-2026-cı illər üçün təhsil haqqı və yataqxana xərci 26920 ABŞ dollarının ½ hissəsini təşkil edən 13460 ABŞ dollarını və Aylinin təhsil aldığı müddətdə saxlanması üçün iddiaçının xeyrinə 400 manat sabit pul məbləğində alimentin və onun xəstəliyinə görə 100 manat olmaqla, cəmi 500 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmiş, lakin iddia rədd edilmişdir.

26. Həmin mülki işə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırda da qüvvədə olan 31 mart 2023-cü il tarixli, e-2(004)-1086/2023 nömrəli qətnaməsinin məzmunundan da görünür ki, iddiaçının böyük övladının təhsili ilə bağlı qeyd olunan xərclərin mövcudluğu təsdiqini tapır, lakin iddianın rədd edilməsi əsası qanunvericiliyin tələbinə əsasən cavabdehin bu xərclərə münasibətdə cavabdehlik daşımamasıdır. Bu zaman nəzərə almaq lazımdır ki, tərəflərin yetikinlik yaşına çatmış övladının təhsil haqqı və digər xərclərinin iddiaçı tərəfindən qarşılanması mübahisəsizdir.

27. Məhkəmələr tərəfindən formalaşdırılmış mövqe bundan ibarətdir ki, alimentin məbləği müəyyən olunarkən uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, 800 manat məbləğində alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsinin çıxarıldığı vaxt uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edirdisə, hazırda bu məbləğ 235 manat təşkil edir, yəni, yaşayış minimumunun özündə belə 20 faizdən yuxarı artım olmuşdur. Eyni zamanda ölkə üzrə inflyasiyanın mövcudluğu da şübhəsizdir. Belə olduğu təqdirdə uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılması üçün alimentin məbləğinin artırılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)- 2887/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)- 2887/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar