Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5288/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2921/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh BOKT MMC-yə qarşıPSG Finans” BOKT MMC ilə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli, 970 nömrəli kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-2921/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı – “faiz və dəbbə pulunun silinməsi, əsas məbləğin ödənişlərə uyğun azaldılması” tələbinə dair e-2(011)-2921/2023 nömrəli mülki iş üzrə icraata xitam verilmiş, İddiaçı tərəfindən tərəfindən xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat dövlət rüsumunun (qəbz nömrəsi: **********) ona qaytarılması qərara alınmışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni nömrəli, 13 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
6. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 15-ci hissəsinə əsasən dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.
7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi sayılır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması ilə bağlıdır. Halbuki icra qeydindən görünür ki, öhdəliklə müəyyən edilmiş 970 nömrəli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 55437.83 manat əsas borc, 20765.64 manat faiz, 72.77 manat dəbbə pulu olmaqla cəmi 76276.24 manat həcmində tələb üzrə tutma İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 7, mənzil 211 nömrəli mənzilə yönəldilməlidir.
9. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənişlər icra qeydi verildikdən sonra, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixdə edilmişdir
10. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamış və qətnamə qanuni güvvəsini almışdır.
11. Məhkəmə kollegiyası qeyd edir ki, notariusun icra qeydinin mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir.
12. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında 76276.24 manat məbləğində borcun olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən isə icra qeydi üzrə icraat gedə-gedə onun ümumi borcunun hesablanması və onun tərəfindən edilən ödənişlərin mütənasib olaraq əsas, faiz və dəbbə pulundan silinməməsidir. Göründüyü kimi iş üzrə bir icra sənədi ola-ola, yenidən həmin məbləğin mübahisələndirilməsi yolverilməzdir
13. Göründüyü kimi işə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə məhkəmə qətnaməsi və notariat orqanlarının icra qeydləri-hər ikisi icra sənədi hesab edildiyindən, bununla da mövcud iddia tələbinə məhkəmədə baxılmalı olmadığından rayon məhkəməsi məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından rayon məhkəməsi hazırkı iş üzrə MPM-in 261.0.1-ci maddəsinə əsasən icraata xitam verməkdə haqlı olmuşdur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
15. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
16. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-2921/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov