Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-529/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Edilməsi Agentliyi” MMC (sonradan əsl İddiaçı QSC ilə əvəz edilmişdir) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.12.2012-ci il tarixli, 4227 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 45332,36 manat faiz borcu olmaqla, cəmi 144832,36 manat, 01.05.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 119095,92 manat faiz borcu olmaqla, cəmi 387845,92 manat, 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 19559 manat faiz borcu olmaqla, cəmi 71059 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 603767,28 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "xxxx" ASC-nin Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdehə 24 ay müddətinə, illik 12% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 30.12.2012-ci il tarixli, 4227 nömrəli müqavilə üzrə 140000 manat, 01.05.2013-cü il tarixli, 4986 nömrəli müqavilə üzrə 300000 manat və 19.02.2014-cü il tarixli, 6160 nömrəli müqavilə üzrə 61000 manat, ümumilikdə 501000 manat məbləğində kredit verilmiş, 30.12.2012-ci il, 01.05.2013-cü il və 19.02.2014-cü il tarixli kassa məxaric orderləri tərtib edilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə iddiaçı cavabdehə müqavilədə nəzərdə tutulan krediti verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 30.12.2012-ci il tarixli, 4227 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 45332,36 manat faiz borcu, 01.05.2013cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 119095,92 manat faiz borcu, 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 19559 manat faiz borcu olmaqla, cəmi 603737,28 manat kredit borcu yaranmışdır. Cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borcu və ona hesablanmış faizləri ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30.12.2012-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 32296,37 manat faiz borcu olmaqla, cəmi 134796,37 manat, 01.05.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 96681,58 manat faiz borcu olmaqla, cəmi 365431,58 manat, 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 16434,67 manat faiz borcu olmaqla, cəmi 67934,67 manat olmaqla, ümumilikdə 568162,62 manat və ödənilmiş 30 dövlət rüsumunun Cavabdeh tutularaq Aqrarkredit QSCyə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan qətnamə çıxarmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada vaxtında çağırış vərəqəsi göndərilsə idi belə məhkəmə cavabdehin üzrsüz səbəbdən həmin iclasa gəlmədiyi halda məhkəmə iclasını ən azı bir dəfə təxirə saldıqdan sonra işə baxa bilərdi. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin iştirakı ilə işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipini pozub. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən nəzərə almayıb ki, müqavilələr bağlandıqdan sonra və müqavilələrin qüvvədə olma müddətinin qurtarmasına qədər cavabdehin öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icrasını gecikdirmək məqsədi olmayıb. "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçib. Lakin məhkəmə nəzərə almayıb ki, cavabdehin bundan xəbəri olmayıb. Kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarının hansı təşkilata ödənilməsi barədə cavabdehə əvvəlcədən xəbərdarlıq edilməyib. İddiaçının bu barədə iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən nəzərə almayıb ki, ödənişin aparılması üçün cavabdehə əlavə vaxt verilməyib. Məhkəmə nəzərə almayıb ki, göstərilənlərə baxmayaraq cavabdeh tərəfindən kredit müqavilələri üzrə “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə 100 000 manata yaxın vəsaiti ödənilib. Cavabdeh qalan borcunu özü tam ödəmək niyyətindədir. Belə olan halda məhkəmənin cavabdehdən ümumilikdə 568162.62 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Aqrarkredit" QSC-yə verilməsi nəticəsinə gəlməsi əsassızdır. Məhkəmənin öz qətnaməsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmaması və öz sübutlarını təqdim edə bilməməsi səbəbindən iş üzrə təyin edilmiş ekspertiza rəyininin də tam və nəticə üçün əsaslı hesab edilməsi məhkəmə üçün də üstün hüquqi qüvvəsi olması anlamına gələ bilməz. İş üzrə keçirilmiş ekspertiza rəylərinin biri-birindən fərqlənməsi və ziddiyyətli olması səbəbindən məhkəmə əlavə və təkrar ekspertiza keçirməli idi. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2881/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4719/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2881/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulmasının təmin olunan hissəsində ləğv olunmuş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “baxılan işlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 30.12.2012-ci il tarixli müqaviləyə görə 140000 manat məbləğində kredit 24 ay müddətinə, 01.05.2013-cü il tarixli müqaviləyə görə 300000 manat məbləğində kredit 24 ay müddətinə, 19.02.2014-cü il tarixli müqaviləyə görə 61000 manat məbləğində kredit 24 ay müddətinə verilmişdir. İşdə olan maliyyə arayışına görə əsas və faiz borc məbləği 01.01.2017-ci il tarixə münasibətdə hesablanmışdır. Halbuki 30.12.2012- ci il tarixli müqavilə müddəti 30.12.2014-cü ildə, 01.05.2013-cü il tarixli müqavilənin müddəti 01.05.2015-ci ildə, 19.02.2014-cü il tarixli müqavilənin müddəti 19.02.2016-cı ildə bitmişdir. Birinci instansiya məhkəməsi müvafiq olaraq tələb olunan borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspetizası təyin etmişdir. Birinci ekspertiza təyin olunarkən faiz borc məbləğinin hansı tarixə münasibətdə yoxlanması qeyd edilməmiş, ikinci dəfə təyin olunan ekspertiza zamanı yaranmış borc məbləğinin 01.01.2017-ci il tarixə (maliyyə arayışının tarixinə) münasibətdə müəyyən olunmasına dair sual qoyulmuşdur. Halbuki məhkəmə nəzərə almalı idi ki, 01.01.2017-ci il tarixdə müqavilələr üzrə müddətlər başa çatmış, faiz borcunun hesablanması isə müddətlərinin sonuna uyğun müəyyən edilməsi mümkün ola bilərdi. Eyni zamanda tələb olunan faiz borcuna artırılmış faiz borcunun daxil edilib-edilməməsi yoxlanmamışdır. Bu halda apellyasiya instansiya məhkəməsi nəzərə almalı idi ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərdən biri məhz faizlərin düzgün hesablanmaması ilə bağlı olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi həmin dəlillərin araşdırılması üçün heç bir tədbir görməmiş və işin yuxarıda göstərilən halları baxımından yenidən (əlavə və ya təkrar) ekspertizanın keçirilməsini tərəflərlə birlikdə müzakirə etməmişdir. İşin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi müqavilələr üzrə faiz borcunun tutulmasının təmin olunan hissəsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə faiz borcunun tutulmasının təmin olunan hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir”. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı İddiaçı QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin faiz borcunun tutulmasının təmin olunan hissəsində yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş; cavabdeh şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş, iş üzrə yuxarı instansiya məhkəməsinin qərarı ilə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2881/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulmasının təmin olunan hissəsində ləğv olunmuş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır Eyni zamanda nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyasının mövqeyini də əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsi faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 30.12.2012-ci il tarixli, 4227 nömrəli kredit müqaviləsindən görünür ki, 140000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavabdehə verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 01.05.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə görə 300000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavabdehə verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi ilə müəyyən edilir ki, müqaviləyə görə 61000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavbdehə verilmişdir Hazırda iddiaçı cavabdehdən 30.12.2012-ci il tarixli, 4227 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 45332,36 manat faiz borcu olmaqla, cəmi 144832,36 manat, 01.05.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 119095,92 manat faiz borcu olmaqla, cəmi 387845,92 manat, 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 19559 manat faiz borcu olmaqla, cəmi 71059 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı birinci ekspertiza təyin olunarkən faiz borcu məbləğinin hansı tarixə münasibətdə yoxlanması qeyd edilməmiş, ikinci dəfə təyin olunan ekspertiza zamanı yaranmış borc məbləğinin 01.01.2017-ci il tarixə (maliyyə arayışının tarixinə) münasibətdə müəyyən olunmasına dair sual qoyulmuşdur. Halbuki faiz borcunun hesablanması müddətlərinin sonuna uyğun müəyyən edilməsi mümkün ola bilərdi. Belə ki, iş materiallarından isə görünür ki, 30.12.2012-ci il tarixli müqavilə 24 ay müddətinə bağlanmaqla, 30.12.2014-cü il tarixə qədər; 01.05.2013-cü il tarixli müqavilə 24 ay müddətinə bağlanmaqla, 01.05.2015-ci il tarixə qədər; 19.02.2014-cü il tarixli müqavilə də 24 ay müddətinə bağlanmaqla, 19.02.2016-cı il tarixə qədər qüvvədə olmuşdur. Bununla bağlı Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyini nəzərə alan kollegiya təkrar apellyasiya baxışı zamanı kredit müqavilələri üzrə müqavilə müddətinin bitdiyi tarixə qədər ödəmələr və ödənişlər üzrə gecikdirilmələr nəzərə alınmaqla faiz borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2021-ci il tarixli, 9/8591 nömrəli ekspert rəyində qeyd edilmişdir ki:
1. 30 oktyabr 2012-ci il tarixli, 4227 saylı kredit müqaviləsi - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 30 oktyabr 2012-ci il tarixli, 4227 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 30.10.2014-cü il tarixə (müqavilənin bitmə tarixə) "xxxx" ASC- nə olan faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: faiz borcu - 33600,00 manat; ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 30 oktyabr 2012-ci il tarixli, 4227 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 02.10.2020-ci il tarixə (sualda göstərilən tarixə) "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc 99.500,00 manat və faiz borcu 23.200,19 manat;
2. 01 may 2013-cü il tarixli, 4986 saylı kredit müqaviləsi - ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 01 may 2013-cü il tarixli, 4986 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 01.05.2015-ci il tarixə (müqavilənin bitmə tarixə) "xxxx" ASC-nə olan faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: faiz borcu – 74058,25 manat; ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 01 may 2013-cü il tarixli, 4986 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 02.10.2020-ci il tarixə (sualda göstərilən tarixə) "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc 268.750,00 manat və faiz borcu 74.058,25 manat;
3. 19 fevral 2014-cü il tarixli, 6160 saylı kredit müqaviləsi - ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19 fevral 2014-cü il tarixli 6160 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 19.02.2016-cı il tarixə (müqavilənin bitmə tarixə) "xxxx" ASC-nə olan faiz borcu aşağıdaki kimi müəyyən olunur, o cümlədən: faiz borcu 14203,00 manat; ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19 fevral 2014-cü il tarixli, 6160 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 02.10.2020-ci il tarixə (sualda göstərilən tarixə) "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc 51.500,00 manat və faiz borcu 14.203,00 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə saydır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, 30.12.2012-ci il tarixli müqavilə, 01.05.2013-cü il tarixli müqavilə və 19.02.2014-cü il tarixli müqavilə üzrə kreditin müddəti hər biri ayrıayrılıqda 24 ay müddətin qüvvədə olduğundan faiz borcunun məbləği həmin müqavilələr ilə öhdəliklərin icrasının qurtardığı dövrədək müəyyən olunmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin qeyd edilən halını nəzərə almadan müqavilələrin qüvvədə olmadığı tarixə, yəni 01.01.2017-ci il tarixə olan faiz borcunun tutulması nəticəsinə gəlməklə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Buna görə də kollegiya cavabdehin faiz borcunun məbləğlərinin düzgün hesablanmaması arqumentini qismən əsaslı hesab edir və qeyd edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği təkrar apellyasiya baxışı zamanı keçirilmiş ekspert rəyinə uyğun müəyyən edilməlidir. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi eləcə də elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Cavabdeh göndərilmiş SMS xəbərdarlıq göndərilməsi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası təkrar apellyasiya baxışı zamanı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd edir ki, hazırki mərhələdə həmin ərizəyə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusıya Məhkəməsı Plenumunun 8 may 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Hazırki işin materiallarından isə görünür ki, (i.v 112) Cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Belə olan halda müəyyən edilir ki, Cavabdeh məhkəmə iclaslarından məlumatlı olmuşdur və iddia müddətinin tətbiqi barədə ərizəni məhz birinci instansiya məhkəməsində qətnamə çıxarılanadək təqdim etmək imkanı olduğu halda cavabdeh bu imkandan yararlanmadığına görə, həmçinin iddia müddətinin tətbiqi barədə ərizəni ikinci apelyasiya baxışı zamanı təqdim etdiyinə görə hazırki mərhələdə iddia müddətinin tətbiqi barədə ərizəyə baxıla bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cəmi borcunun tutulması hissəsində dəyişdirilməli, 30.12.2012-ci il tarixli müqavilə üzrə faiz borcu – 23.200,19 manat, 01.05.2013-cü il tarixli müqavilə üzrə faiz borcu 74.058,25 manat və 19.02.2014cü il tarixli müqavilə üzrə faiz borcu 14203 manat müəyyən edilməli, cəmi borc isə 531.211,44 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə təkrar apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsi – faiz və cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalı olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30.12.2012-ci il tarixli, 4227 nömrəli kredit müqaviləsi üzrə faiz borcunun məbləği 23.200,19 (iyirmi üç min iki yüz manat, on doqquz qəpik) manat, 01.05.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə faiz borcunun məbləği 74.058,25 (yetmiş dörd min əlli səkkiz manat, iyirmi beş qəpik) manat, 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə faiz borcunun məbləği 14203 (on dörd min iki yüz üç) manat müəyyən edilsin. Cəmi borc məbləği 531.211,44 (beş yüz otuz bir min iki yüz on bir manat, qırx dörd qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının xərci qismində 100 (yüz) manatın 50 (əlli) manatı iddiaçı İddiaçı QSC-dən, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov