Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5291/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 126.000 (bir yüz iyirmi altı min) manat məbləğində zərərin cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra dəftərxana vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən 2016-cı ilin fevral ayından etibarən onun əmlakından istifadə etdiklərinə görə, ümumilikdə 135.000 manat məbləğində istiladə haqqının cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ildə cavabdehlərin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini zəbt edib ondan qanunsuz olaraq istifadə etmələri barədə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri- yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə mülkiyyət hüquqlarının bərpa olunması, cavabdehlər tərəfindən mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəymiş 74.000 manat məbləğində zərərin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəli iş üzrə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(103)-4733/2018 saylı qətnaməsinə əsasən, sözügedən qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması və cavabdehlərin bu sahəni 2016-cı ilin fevral ayından etibarən qanunsuz olaraq, iddiaçının icazəsi və razılığı olmadan zəbt etmələri faktı müəyyən olunmuşdur. Həmçinin, qətnamədə göstərilmişdir ki, ”cavabdeh "Cavabdeh3” MMC-nin nümayəndəsi öz izahatında göstərdi ki, aralarında razılaşmışlar ki, Elza Seyidcahan həmin qeyri-yaşayış sahəsini onlara 3000 manata icarəyə verir, onlar qeyri-yaşayış sahəsini öz vəsaitləri hesabına təmir edir, bu müddətdə hər ay icarə haqqı kimi 1000 manat ödəyir. 2000 manatı isə təmir xərcinə çıxır, təmir xərci tam ödənildikdən sonra isə hər ay 3000 manat icarə haqqı verirlər”. Bundan əlavə, qətnamədə qeyd olunur ki, "beləliklə, məhkəmə kollegiyasının araşdırmaları ilə müəyyən olunmuşdur ki, mübahisəli ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququna əsasən iddiaçıya məxsusdur, tərəflər arasında həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı danışıqlar - razılaşma olmuş, məhz, buna görə qeyri-yaşayış sahəsinin açarları cavabdehlərə verilmiş, cavabdehlər tərəfindən orada təmir işləri görülmüşdür”. Göründüyü kimi, cavabdehlə mübahisəli əmlak barəsində gəlinmiş razılaşmanın mahiyyəti və məhz bu razılaşma əsasında iddiaçının açarları cavabdehlərə verməyi faktı qarşı tərəfin izahatı, həmçinin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin faktiki halı bundan ibarətdir ki, iddiaçı qarşı tərəflə qətnamədə qeyd olunan şəkildə razılığa gəlsə də, sonradan cavabdehlərə etibar etmədiyinə görə, fikrindən daşınmış və onlarla icarə müqaviləsi bağlamaqdan imtina etmişdir. Buna baxmayaraq, cavabdehlər icarə müqaviləsi bağlamadan iddiaçıya məxsus əmlakda məskunlaşaraq əmlakdan istifadə etməyə başlamış, iddiaçıya nəinki razılaşdıqları məbləği ödəməmiş, ümumiyyətlə heç bir ödəniş etmədən illərlə oradan istifadə etmişlər. Hesab edir ki, cavabdehlərin 2016-cı ilin fevral ayından etibarən heç bir ödəniş etmədən iddiaçının əmlakından istifadə etdikləri nəzərə alınaraq onların üzərinə əmlakdan istifadəyə görə, haqq ödənilməsi öhdəliyi qoyulmalıdır. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsində nəticə olaraq, iddiaçının cavabdehə təmir üçün çəkilmiş xərcləri ödəməyi qət edilmişdir. Halbuki, həmin məbləğ cavabdehin onun əmlakından istifadəyə görə ödəməli olduğu icarə haqqından tutulacaq, üstəlik cavabdeh bundan əlavə, ona təmir bitənədək əlavə 1000 AZN məbləğində pul ödəyəcəkdi. Göründüyü kimi, məhkəmə iddiaçının təmirlə əlaqədar xərcləri qarşı tərəfə ödəməyini təmin etsə də, cavabdehlərin iddiaçının əmlakından istifadə etdiklərinə görə, ödəməli olduqları haqq barədə onların üzərinə heç bir öhdəlik qoymamışdır. Çünki iddiaçı həmin iddia ərizəsində əmlakından qanunsuz istifadəyə görə iddiaçıya dəymiş zərəri tələb etmişdir. Məhkəmə isə hesab etmişdir ki, onların arasında razılaşma olub və cavabdeh razılaşma əsasında orada təmir işləri aparıb. Razılaşma isə belə olub ki, ümumən icarə haqqı 3000 manat məbləğində müəyyən edilir, təmir bitənə qədər 2000 manat təmirə çıxılmaqla, iddiaçıya 1000 manat, sonra isə ayda üç min manat ödəniləcək. Məhkəmə qətnaməsi ilə iddiaçıdan təmir xərci tutulur. Deməli, cavabdehlər iddiaçının əmlakından istifadə üçün iddiaçıya hər ay 3000 manat hesabından pul ödəməlidirlər. Cavabdehlər iddiaçının obyektindən 2016-cı ilin fevral ayından etibarən istifadə elədiklərinə görə, hazırki günədək onların iddiaçıya 45 ay üzrə və hər ay üçün 3000 manat hesablanmaqla, ümumilikdə 135.000 manat məbləğində borc öhdəliyi yaranmışdır. Buna görə də iddiaçının əmlakından 45 ay ərzində istifadə edilməsinin müqabilində yığılmış 135.000 manat məbləğində istifadə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)- 266/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 22000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək iddianın təmin olunmadığı hissədə ləğv edilərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşması tamamilə əsassız və ziddiyyətli olmuşdur. Belə ki. məhkəmə əsassız olaraq cavabdehlərin əmlakdan istifadəsini onların həmin əmlakdan gəlir götürmələri ilə eyniləşdirmiş, buna görə də Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli Qərarı qəbul edilənədək cavabdehin mübahisəli əmlakdan gəlir götürməyinə dair sübut olmadığını qeyd edərək cavabdehi həmin tarixlər üzrə haqq ödəməkdən azad etmişcir. Halbuki, iş üzrə qanuni qüvvəsini almış, cavabdehlə aralarındada eyni qeyri-yaşayış sahəsinə hüquqla bağlı Bakı Apellyasiya Məhkəməsinin qüvvədə olan qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdehlə onun arasında mübahisəli əmlakın ayda 3.000 manat müqabilində cavabdehin istifadəsinə verilməsinə dair şifahi razılıq mövcud olmuşdur. Bundan əlavə, məhkəmə ödəniləcək aylıq istifadə haqqını Cavabdeh2 ona məxsus əmlak üçün müəyyən etdiyi aylıq icarə haqqı (2000 manat) dəyərində müəyyən etməklə düzgün qənaətə gəlməmişdir. Həmçinin, qətnamədən cavabdeh apelyasiya şikayəti verərək iddia tələbinin rədd olunmasını və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti işin faktiki halları qeyd olunmaqla onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən onlara pulun ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılmasının eyni vaxtda icra edilməsi qət olunmuşdur. Ona görə də cavabdehlər oranı boşaltmamışlar. İddiaçı sözünün üstündə durmamış, onların hesabına obyekti təmir etdirdikdən sonra, icarə müqaviləsi bağlamaqdan qərəzli surətdə yayınmışdır, orada tələbə hazırlamaq üçün kurs açıb pul qazanmaq istəsələr də, iddiaçı onları işləməyə qoymamış, böyük ziyana salmışdır. İddiaçı bu günədək Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməkdən yayınır, indi isə işləməyə qoymadığı obyektə görə onlardan pul tələb edir. Cavabdeh öz üzərlərinə düşən öhdəliyi yerinə yetirdiklərini, gələcəkdə icarəyə götürəcəkləri iddiaçıya məxsus obyekti öz vəsaitləri hesabına təmir etdiklərini, lakin iddiaçının öz öhdəsinə düşən vəzifəni yerinə yetirməkdən qərəzli olaraq yayınıb, obyekti təmirdən sonra onlara icarəyə vermədiyini, bunun nəticəsində onlara külli miqdarda ziyan vurulduğunu əsas gətirərək Nəsimi rayon məkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və onun vəkili Vəkil2 apelyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını, iddiaçının apelyasiya şikayətinin rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişlər ki, qarşı tərəf məhkəmə qərarı ilə ondan tutulmuş pulun ödənilməsindən müxtəlif bəhanələrlə yayınır. Məhkəmə qərarında isə onların mübahisəli əmlakı boşaltmasının eyni vaxtda icra edilməsi qət edildiyindən, onlar həmin sahədə qalmaq məcburiyyətindədirlər. Qarşı tərəf pulu tam həcmdə ödəyəcəyi təqdirdə, onlar mübahisəli qeyri-yaşayış sahəsini dərhal boşaltmağa hazırdırlar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-902/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilmiş, İddiaçı 58.797 manat pulun alınaraq Cavabdeh3 MMC-yə verilməsi, İddiaçı tərəfindən pulun ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılması eyni vaxta icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7881/18 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı öz iddia ərizəsində cavabdehin 2016-cı ilin fevral ayından etibarən ona məxsus olan əmlakdan istifadə edə bilmədiyini, bu müddət ərzində orta hesabla 126.000 manat məbləğində zərər çəkdiyini, cavabdehlərn həmin sahəni zəbt etməyə davam etdiklərinə görə, ona dəyən zərərin məbləğinin günü-gündən artıdığına istinad etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, məhkəmənin qərarı ilə onunla cavabdehlər arasında razılaşma olduğunu, bu səbəbdən ona məxsus qeyri-yaşayış sahəsinin təmirinə görə ondan cavabdehin xeyrinə pul tutulduğunu, deməli cavabdehlərin də onun əmlakından istifadə etdiklərinə görə hər ay ona 3000 manat pul ödəməli olduqlarını bildirmişdir. İddiaçı cavabdehlərin ona məxsus qeyri-yaşayış sahəsindən 2016-cı ilin fevral ayından etibarən 45 ay ərzində istifadə etdiklərini, bu səbəbdən də cavabdehlərdən aylıq istifadə haqqı olaraq cəmi 135.000 manat pulun onun xeyrinə tutulmalı olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən işin bu hallarına əsaslanmışdır ki, iddiaçı cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsindən AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı çıxanadək olan müddət ərzində istifadə etmələri ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin qərar qəbul edildiyi tarixdən iddia tələbinin verildiyi xx.xx.2019-cu il tarixədək olan müddət ərzində isə Cavabdeh2 tərəfindən əmlakın 11 ay ərzində aylıq 2000 manat icarə haqqı ilə icarəyə verildiyini nəzərə almış və sonuncudan ümumilikdə 22000 manat pulun iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, işin araşdırılan hallarından, həmçinin tərəflər arasında əvvəl mövcud olmuş mülki mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarlarından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur, tərəflər həmin qeyri-yaşayış sahəsinin cavabdehlərə icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər və bundan sonra həmin sahənin açarları iddiaçı tərəfindən cavabdehlərə təqdim edilmiş, cavabdehlər tərəfindən həmin sahədə 58797 manat dəyərində təmir işləri aparılmış, bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. Həmçinin müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair tərəflər arasında mülki qanunvericiliklə müəyyən edilmiş qaydada icarə müqaviləsi bağlanmamışdır. Bakı Apelyasiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi, İddiaçı 58.797 manat pulun alınaraq Cavabdeh3 MMC-yə verilməsi, İddiaçı tərəfindən pulun ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılmasının eyni vaxta icra edilməsi qət edilmişdir. Kollegiya hesab edir ki, məhkəmənin mülki mübahisənin həll edilməsi zamanı ilk görəcəyi iş iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ibarətdir. Hazırkı iddia tələbində iddiaçı cavabdehlərdən 135.000 manat pulun onun xeyrinə tutulmalı olmasını həmin şəxslərin onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən uzun illər istifadə etdiklərinə görə ona ödəməli olduqları aylıq 3000 manat razılaşmanın olması ilə əsaslandırmışdır (müqavilə əsası). Lakin məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, tərəflər arasında əmlakın icarə müqaviləsinin bağlanmasına dair razılaşma olsa da, sonradan belə bir müqavilə bağlanmamışdır. Belə müqavilənin olmaması Bakı Apellyasiya məhkəməsinn yuxarıda qeyd edilən qətnaməsi ilə də müəyyən edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, kollegiyanın qənaətinə görə, iddiaçının tərəflər arasında gələcəkdə müqavilənin bağlanacağına dair razılaşmalarına istinad edərək cavabdehlərdən onların razılaşdıqları 3000 manat aylıq icarə haqqını tələb etməsinin qanuni əsası mövcud deyildir. Bundan başqa, iddiaçı qeyd edilən müddət ərzində cavabdehlərin həmin qeyriyaşayış sahəsindən təyinatı üzrə istifadə edərək gəlir əldə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə, mübahisəli qeyriyaşayış sahəsinn cavabdehlərin sahibliyində olması özlüyündə onların həmin sahədən təyinatı üzrə istifadə etməklə gəlir əldə etmələri anlamına gəlmir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, mübahisəli əmlakın hal-hazırda hansı əsaslarla cavabdehlərin sahibliyində olması halına da qiymət verilməlidir. Belə ki, tərəflər arasında əvvəl mövcud olmuş mülki mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarlarında müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi tərəflərin razılaşması əsasında mülkiyyətçi tərəfindən cavabdehlərin sahibliyinə və istifadəsinə verilmişdir. Həmin məhkəmə qərarları ilə mübahisəli qeyri-yaşayış sahəsinin boşaldılaraq onun mülkiyyətçisinə təhvil verilməsi ilə mülkiyyətçidən həmin sahənin təmirinə xərclənmiş 58797 manat pul vəsaitinin alınaraq cavabdehə verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçının həmin vəsaiti ödəməkdən yayınması səbəbindən məhkəmənin həmin qətnaməsi icra edilmədən qalmışdır. Göründüyü kimi, həmin qeyri-yaşayış sahəsinin hazırda cavabdehlərin sahibliyində olması məhkəmənin qərarı ilə tanınmış və onun iddiaçıya təhvil verilməsi sonuncu tərəfindən qərarda müəyyən edilmiş pul məbləğinin cavabdehə verilməsindən asılı edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iddia tələbinin qanuni əsası kimi cavabdehin əsassız varlanması ilə bağlı mülki qanunvericiliyin normalarına da istinad edilə bilməz. Belə ki, AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi ilə bağlı istinad etdiyi sübutlara – mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinə aparılması və müayinə zamanı Babaşov Umud Əli oğlu adlı şəxsin dediklərinə istinad etməsinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi həmin sübutları mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə etdiyindən, həmin sübut mötəbər hesab edilə bilməz və məhkəmənin qərar qəbul edərkən həmin sübuta əsaslanması yolverilməzdir. Belə ki, iş materiallarında olan mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinəsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli «Yerli baxış protokolu»ndan görünür ki, məhkəmə özünü «Math Academy» adı ilə fəaliyyət göstərən hazırlıq kurslarının rəhbəri kimi təqdim etmiş Babaşov Umud Əli oğlu adlı şəxs həmin qeyriyaşayış sahəsini xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh2 adlı şəxsdən icarəyə götürdüyünü, lakin bununla bağlı aralarında icarə müqaviləsi bağlanmadığını, onun Cavabdeh2 hər ay 2000 manat icarə haqqı ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən və iddianı qismən təmin edərkən Babaşov Umud Əli oğlunun dediklərinə istinad etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Babaşov Umud Əli oğlunu faktiki olaraq şahid qismində dindirmiş, lakin şahidin dindirilməsi ilə bağlı mülki-prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, AR Mülki-Prosessual Məcəlləsinin 194.1-ci maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bundan başqa, tərtib edilmiş protokoldan görünür ki, məhkəmə adı çəkilən şəxsi öz təşəbbüsü ilə dindirmiş, sonradan isə onun verdiyi ifadəyə istinad etməklə iddianı təmin etmişdir. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə görə, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qeyd edilən hüquqi mövqedən çıxış edərək və mülki-prosessual qanunvericiliyin sadalanan normalarına istinad edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinəsi zamanı öz təşəbbüsü ilə Babaşov Umud Əli oğlu adlı şəxsi mülki-prosessual qanunvericiliyin tələblərini pozmaqla şahid qismində dindirərkən haqlı olmamışdır və protokolun həmin şəxsin ifadəsini əks etdirən hissəsindən (mübahisəli qeyri-yaşayış sahəsində «Math Academy» adı ilə hazırlıq kurslarının fəaliyyət göstərməsi, Babaşov Umud Əli oğlu adlı şəxs həmin kursun rəhbəri olması, qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh2 adlı şəxsdən icarəyə götürməsi, lakin bununla bağlı aralarında icarə müqaviləsi bağlanmadığı, onun Cavabdeh2 hər ay 2000 manat icarə haqqı ödəməsi) məhkəmə tərəfindən qərar qəbul edilərkən istifadə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edildiyi, yəni Cavabdeh2 həmin sahəni xx.xx.2019-cu il tarixdən başqa şəxsə icarəyə verərək ayda 2000 manat icarə haqqı almaqla gəlir əldə etməsini sübuta yetmiş hesab etmək olmaz. Belə ki, göstərilən halı təsdiq edə biləcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda sadalananlara əsaslanaraq, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissədə ləğv edilərək iddianın tam edilməsinə dair İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız, Cavabdeh2 həmin qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunmasına dair apelyyasiya şikayətinin dəlillərini isə qismən əsaslı hesab edir. Belə ki, cavabdeh apelyasiya şikayətində qətnamənin tam ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, qətnamənin yalnız ona münasibətdə təmin edilmiş hissəsini mübahisələndirmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməməli, cavabdehin verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)- 266/2020 saylı qətnaməsi qismən – iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5291/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5291/2020
08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver