Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5291/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Ləğv prosessində olan Cavabdeh1 ASC-nə və Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna iddia ərizəsi ilə bağlı mülki üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-6064/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 080-K saylı kredit müqaviləsi üzrə borc məlumatlarının mərkəzi kredit reyestrindən silinməsi və həmin öhdəliyin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-6064/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi, ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi iddia tələbində cavabdeh kimi Əmanətlərin Sığortalanması Fondu, həm də ləğv prosessində olan Cavabdeh1 ASC göstərilmişdir. Eyni zamanda tələb iki hissədən ibarətdir. 1. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 080-K saylıkredit müqaviləsi üzrə borc məlumatlarının mərkəzi kredit reyestrindən silinməsi; 2. Həmin öhdəliyin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması. Qeyd edir ki, ilkin öhdəlik münasibətləri ləğv prosessində olan Cavabdeh1 ASC ilə iddiaçı arasında yarandığından iddia da məhz həmin hüquq qabiliyyətini saxlayan banka qarşı yönəlmişdir. Bununla belə həmin cavabdehlərə qarşı eyni iddiaçı tərəfindən girova xitam verilməsi tələbi üzrə Xətai Rayon Məhkəməsinin icraata qəbul edilmiş (hakim Pərviz Zamanlı) 2(011)-2848/2024 saylı iş vardır. Onu da qeyd edir ki, hüquqi müəyyənlik prinsipi, vahid məhkəmə təcrübəsi ilə bağlı analoji olaraq Ali Məhkəmənin qərarlarını da əlavə edir ki, həmin qərarlardan göründüyü kimi oxşar tələbə dair iş üzrə həm ləğv etmə prosesində olan Bank, həm də Əmanətlərin Sığortalanması Fondu cavabdeh kimi göstərilmiş və işə mahiyyəti üzrə baxılmışdır. Bununla belə eyni tələb üzrə Səbail Rayon Məhkəməsinin digər oxşar qətnaməsini də əlavə edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X4 hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». İstər yerli, istərsə də beynəlxalq qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin məhkəməyə müraciət etmək hüququ və məhkəmənin mümkün qədər şəxsin həmin müraciət etmək hüququnu məhdudlaşdıracaq hallardan qaçması bir-biri ilə vəhdət təşkil etməlidir. Hazırki iş üzrə iddia ərizəsinin mahiyyətindən də göründüyü kimi iddiaçı iki cavabdehə qarşı iddia tələbi ilə çıxış etmiş və Cavabdeh1 ASC-nin ləğv prosesində olduğunu düşünərək tələbin digər cavabdeh tərəfindən icrasının mümkünlüyünü ifadə etmək niyyətində olmuşdur. Kollegiya qeyd edir ki, bu cür hallarda məhkəmələrin iddia ərizəsinin dərhal geri qaytarılmasından qaçması və ərizədə yol verilmiş nöqsanın aradan qaldırılması üçün iddiaçıya müəyyən vaxt və şans tanıması daha məqsədəmüvafiq hesab oluna bilər. Artıq bundan sonra da ərizəçinin ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmaması halında qanunvericiliklə məhkəmənin ərizəni baxılmamış saxlamaq imkanı mövcuddur. Buna görə də məhkəmə kollegiyası hazırki tələbin xüsusiyyətini və iddia ərizəsində qeyd olunan əsasları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, kollegiya göstərilənlərlə yanaşı məhkəməyə əlçatanlığın təmin edilməsi məqsədilə hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6064/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5291/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5291/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver