Məhkəmə qərarları › İş №2(103)-5293/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5293/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5293/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, borc məbləğinin düzgün hesablanmaması, ipotekanın ilkin satış qiyməti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının ("xxxx" ASC, tələbin güzəşti ilə əlaqədar olaraq İddiaçı QSC ilə əvəz olunmuşdur) nümayəndəsi X1 iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank Cavabdeh1 50 000 manat kredit verməyi öhdəsinə götürmüş, həmin müqavilə çərçivəsində 12 avqust 2010-cu il tarixdə ona 18 ay müddətinə qaytarması şərtilə illik 18 faizlə 30 000 manat kredit verilmişdir.

2. "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin qiyməti 90 000 manat müəyyənləşdirilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 22 yanvar 2010-cu il tarixdə ipoteka yüklülüyü qeydə alınmışdır.

4. Bankın təqdim etdiyi maliyyə arayışa görə, xx.xx.2012-ci il tarixinə Cavabdeh1 30 000 manat əsas, 10 225 manat faiz, 8100 manat cərimə borcu yaranmışdır.

5. Bank tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsində qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. "xxxx" ASC (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlandığını və ona 18 ay müddətində qaytarması şərtilə illik 18 faizlə 30 000 manat kredit verildiyini, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsinin ipoteka ilə yüklü edildiyini, borcalanın müqavilə şərtlərini pozduğunu və xx.xx.2012-ci il tarixə 30 000 manat əsas, 10 225 manat faiz, 8100 manat cərimə borcunun yarandığını, xəbərdarlıqlara baxmayaraq borcunu ödəmədiyini bildirmiş, həmin borc məbləğlərinin, habelə dövlət rüsumunun Cavabdeh1 bankın xeyrinə tutulması, Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsinə tutma yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 30 000 manat əsas, 10 225 manat faiz, 8100 manat cərimə borcu olmaqla cəmi 48 325 manat borcun və 18 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsinə tutma yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, torpaq sahəsinin ilkin satış qiymətinin 90 000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə öhdəliklərini lazımınca icra etməmişlər. Məhkəmə iddiaçı bankın təqdim etdiyi maliyyə arayışında göstərilən borc məbləğlərini əsas götürmüş, ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində razılaşdırılan qiymətə əsasən müəyyənləşdirmişdir.

9. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 269.5-ci, 317-ci, 319.1-ci, 385-ci, 386.1-ci, 442-ci, 445-ci, “İpoteka haqqında” Qanunun 33-cü, 34.1.1-ci, 39.3.3-cü maddələrinə istinad etmişdir.

10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin kredit borcunun məbləğinin düzgün hesablanmadığını və əmlaka düzgün qiymət qoyulmadığını nəzərə almadığı, işə iştirakı olmadan baxıldığı arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

11. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktorunun məktubu məhkəməyə daxil olmuş, məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun xx.xx.2017-ci il tarixli müqavilə əsasında İddiaçı QSC-yə güzəşt edildiyi bildirilərək iddiaçının adı çəkilən QSC ilə əvəz olunması xahiş edilmişdir.

12. Məhkəmə kollegiyasının 04 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı QSC "xxxx" ASC-nin prosessual hüquq varisi qismində tanınmış və iddiaçı bank həmin QSC ilə əvəz olunmuşdur.

13. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.

14. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsinin vəsatətləri əsasında mühasibatlıq ekspertizası keçirilmiş, habelə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı rəy alınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

16. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

24. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

25. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya baxışının həddi

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.

38. İş materiallarında cavabdehlərin məhkəmə prosesi barədə məlumatlandırılmış olduqlarına dair heç bir sübut yoxdur, məhkəmə isə onların iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

40. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

41. İddiaçı bank Cavabdeh1 xx.xx.2012-ci il tarixinədək 30 000 manat əsas, 10 225 manat faiz, 8100 manat cərimə borcunun olduğunu irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, ipoteka qoyan Cavabdeh2 isə kredit borcunun mövcudluğunu faktiki olaraq inkar etməyərək borc məbləğlərini və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir.

42. Apellyasiya baxışı zamanı təyin olunmuş mühasibatlıq ekspertizasının 28 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli 027 saylı kredit kredit müqaviləsi üzrə müqavilənin müddətinin başa çatdığı xx.xx.2012-ci il tarixinə 30 000 manat əsas, 8100 manat faiz borcu mövcud olmuş, onun tərəfindən ümumiyyətlə kredit ödənişi həyata keçirilməmişdir.

43. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi qənaətinə gəlinməsi mümkündür və ondan ekspert rəyi ilə müəyyənləşdirilmiş əsas və faiz borcu məbləğləri bankın xeyrinə tutulmalıdır.

44. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2012-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh1 arasında bağlanmış həmin müqavilə üzrə kreditin qaytarılma tarixi xx.xx.2012-ci il tarixinə razılaşdırılmış, məhz bu dövr ərzində onun illik 18% ödəməli olduğu təsbit olunmuşdur.

45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.

46. Kollegiya, iddiaçı bankın “8100 manat cərimə borcunun tutulması” iddiasını qismən əsaslı hesab edir.

47. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

48. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

49. Kollegiya hesab edir ki, Cavabdeh1 tutulmalı dəbbə pulunun məbləğinin 2000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qeyd olunmalıdır ki, tərəflər müqavilədə cərimə tətbiqini nəzərdə tutmaqla, cəriməni əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur (§ 22).

50. Qanunvericiliyin tələblərini (§ 15, 16, 23) əsas götürməklə kollegiya, iddianın “Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsinə tutma yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi” hisəsini əsaslı hesab edir; yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir.

51. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı qiymətləndirmə həyata keçirilmiş, qiymətləndirici mütəxəssisin rəyi ilə ipoteka predmetinin likvid qiymətinin 129 000 manat olması müəyyən edilmişdir. Kollegiya əmlakın ilkin satış qiyməti olaraq məhz bu qiymətin əsas götürülməsini məqsədəmüvafiq sayır; çünkü 2010-cu ildən sonra əmlak qiymətlərinin ciddi şəkildə dəyişmiş olduğu hər kəsin bildiyi faktdır və ipoteka müqaviləsində müəyyənləşdirilmiş qiymətin “tərəflərin razılaşdırdıqları” qiymət kimi nəzərə alınması ədalətli deyildir.

52. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh1 tutulub iddiaçı banka ödənilməli, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın və qiymətləndirmənin xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-846/2013 saylı iş üzrə 28 fevral 2013-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi qismən təmin olunsun. Cavabdeh1 "xxxx" ASC-nin prosessual hüquq varisi qismində tanınmış İddiaçı QSC-nin xeyrinə 12 yanvar 2010-cu il tarixli 027 saylı kredit müqaviləsi üzrə 30 000 (otuz min) manat əsas, 8100 (səkkiz min yüz) manat faiz, 2000 (iki min) manat cərimə borcu olmaqla ümumilikdə 40 100 (qırx min yüz) manat kredit borcu, habelə dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat tutulsun. Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən Cavabdeh2 məxsus 1,0 ha torpaq sahəsinə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına 40 100 (qırx min yüz) manat kredit borcu, habelə dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat İddiaçı QSC-nə ödənilsin, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən Cavabdeh2 məxsus 1,0 ha torpaq sahəsinin ilkin satış qiyməti 129 000 (yüz iyirmi doqquz min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 ödəmiş olduğu rüsum məbləği onun özünə aid olunsun; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat ondan alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ30GUNA********************,Bank:"xxxx"ASC,VÖEN:**********,Müxbirhesab:AZ25NABZ* *********00000479,KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manatın 100 (yüz) manatı Cavabdeh1, 50 (əlli) manatı İddiaçı QSC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar