Məhkəmə qərarları › İş №2(103)-5295/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5295/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5295/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6458/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “RoyalBank" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4850 manat əsas borcun, 3702.53 manat faiz borcunun, 1261 manat dəbbə pulunun, cəmi 9813,53 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın 21.11.2011-ci il tarixli, 2277 saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və borclu Cavabdeh məxsus “Mercedes Benz C 230" minik markalı, 1998-ci il buraxılışlı, qara metal rəngli, Ban WDBHA24g5XA708671.** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2(010)- 6458/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4850 (dörd min səkkiz yüz əlli) manat əsas borc,1895,25 ( min səkkiz yüz doxsan beş manat , iyirmi beş qəpik) manat faiz borcu, 300 manat cərimə və 30 (otuz) manat dövlət rüsumu, cəmi 7075,25 (yeddi min yetmiş beş manat iyirmi beş qəpik) manat iddiaçı "RoyalBank” ASCnin xeyrinə tutulması, tutulacaq məbləğin Cavabdeh məxsus "Mercedes Benz C230" minik markalı, 1998-ci il buraxılışlı, qara metal rəngli, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı "xxxx" ASC-yə ödənilməsi, İddiaçı ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin “Cavabdeh 4850 manat əsas, 1895,25 manat faiz, 300 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 7075,25 manat İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edib, “Cavabdeh ümumilikdə 435,77 manat İddiaçı ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən görünür ki, 3768,28 manat kredit borcu üzrə, 1704,72 manat faiz borcu üzrə, cəmi 5473 manat qismən ödəniş olunmuşdur. Götürülmüş 4850 manat kredit borcundan 3768 manat ödənildiyi halda 4850 manat əsas borcun tutulması, faiz məbləğindən 1058,77 manat ödənilməli olduğu, lakin 1704,72 manat ödənildiyi halda, 3702,53 manat faiz borcu tutulması, kredit borcuna görə ümumilikdə 5908,77 manat ödənilməli olduğu halda, lakin 5473 manat ödənilməsi nəzərə alınmadan ümumilikdə ondan 7075,25 manat tutulması qət edilmişdir. Hesab edir ki, qətnamədə göstərildiyi nəzərə alınaraq, ondan ümumilikdə 435,77 manat borc tutulmalı idi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, 05.12.2011-ci il tarixli AK307 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 18 (on səkkiz) ay müddətinə illik 26% dərəcəsi ilə 4850 (dörd min səkkiz yüz əlli) manat kredit vermişdir. Kreditin aylıq ödənişləri 328,27 manat olmaqla 05.06.2013-cü il tarixinə qədər geri qaytarılmalı idi. 05 dekabr 2011-ci il tarixli AK307 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC ilə bağlamış olduğu kredit müqaviləsinin təminatı kimi özünəməxsus “Mersedes Benz C230” minik markalı, 1998-ci il buraxılışlı, qara metal rəngli, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili (ipoteka predmetini) banka girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış verilmişdir. Borcalan Cavabdeh 05.12.2011-ci il tarixli AK307 nömrəli kredit müqaviləsi üzrə 11.11.2014-cü il tarixə kredit borcu cəmi 9813,53 manat təşkil edir, bundan 4850 manat əsas borc, 3702,53 manat faiz borcu, 1261 manat dəbbə puludur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 14.2.1, 385, 442, 445, 317, 319.1, 319.6; “İpoteka haqqında” Qanunun 33, 34.1.1-ci maddələrinə istinad edərək qənaətini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin qeyd edilə maddələri baxımından məhkəmə hesab edir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan 4850 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti bitdiyi günə qədər (05.06.2013) 1895,25 manat faiz borcu tutulmalıdır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/4485 saylı, 04 avqust 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 05.12.2011-ci il tarixli AK307 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu 05.06.2013-cü il tarixə (bitdiyi tarixə) 4850 manat əsas borc, 1891,50 manat faiz borcu, 16.07.2015-ci il tarixə (sual üzrə tarixə) 4850 manat əsas borc, 2404,12 manat faiz borcu müəyyən edilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində də qətnamənin qismən ləğv edilməsi xahiş edilmiş, demək şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, apellyasiya instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Şikayətin dəlilləri demək olar ki, borcun məbləği ilə bağlıdır. Belə ki, ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi də ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar tapmadı. İkincisi, cavabdeh qeyd olunan kredit və ipoteka müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehlərdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdeh X2 apelliyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6458/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat Cavabdeh oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar