Məhkəmə qərarları › İş №2(103)-5298/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5298/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5298/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Abbas qızı və Cavabdeh iştirakları ilə, İddiaçı Abbas qızının Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi və əlavə xərcin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-938/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3542/2016 saylı xx xxxxxxx 2016cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən birgə nikahdan doğulan xx xxxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində aliment və xx xxxxx 2008-ci il təvəllüdlü X4 xəstəliyi ilə əlaqədar hər ay 200 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx xxxxxxxx 2003-cü ildə nikaha daxil olmuşdur. Həmin nikahdan xx xxxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxx 2004-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri pozulduğundan və cavabdehin uşaqlara və ailəsinə baxmadığından onun müraciətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3542/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən iki uşağın saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi və əlavə olaraq hər uşağa 50 manat aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment uşaqlarının saxlanılmasına çatmır və buna görə də alimentin məhkəmə qaydasında artırılmasını istəyir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-938/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3542/2012 saylı xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh X2 İddiaçı xeyrinə xx xxxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin və xx xxxxx 2008-ci il təvəllüdlü X4 xəstəliyi ilə əlaqədar 50 (əlli) manat məbləğində əlavə xərcin tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-938/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən- iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında xx.xx.2016-cı ildən işləyir, hazırda təsərrüfat xidməti şöbəsində gözətçi vəzifəsində çalışır və əmək haqqı əmək müqaviləsinə əsasən 390 (üç yüz doxsan) manatdır. Vergi və sair tutulandan sonra əmək haqqısı 341,95 (üç yüz qırx bir manat doxsan beş qəpik) manatdır. Bakı şəhər Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-ci il tarixli AZ № 910684 saylı nikah haqqında şəhadətnaməyə əsasən X10 ilə arasında xx.xx.2014-ci il tarixdə nikah bağlanmışdır, nikah bağlandıqdan sonra arvada Rufullayeva soyadı verilmişdir. 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV№248352 saylı doğum haqqında şəhadətnaməyə əsasən X8 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. «xxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş, 11 №-li xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən MMC-nin Kommersiya departamentinin pərakəndə satış şöbəsinin ekspert- məsləhətçisi vəzifəsində çalışan X6 xx.xx.2019-cu il tarixdən bu günə kimi analıq məzuniyyətindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Nərimanov rayon Şöbəsi tərəfindən verilmiş 101349 №-li, xx xxxxxxx 2014-ci il tarixli vəsiqəyə əsasən atası Cavabdeh Nəriman oğlu 2-ci qrup əlildir. Qeyd olunanlardan da göründüyü kimi, aylıq əmək haqqı 341,95 manat təşkil edir, iddiaçı ilə arasında olan nikah pozulduqdan sonra, xx.xx.2014-ci il tarixdə S.Rufullayeva ilə arasında nikah bağlanmış, həmin nikahdan 1 uşağı var və S.Rufullayeva analıq məzuniyyətindədir, eyni zamanda himayəsində olan atası Cavabdeh 2-ci qrup əlildir.Belə olan halla aydın olur ki, iddiaçı ilə arasında olan nikah pozulduqdan sonra ailə və maddi vəziyyətində dəyişiklik olmuş, lakin bu dəyişiklik aliment məbləğinin artırılmasına deyil, əksinə olaraq onun aliment ödəməkdən azad olunmağını üçün əsasdır.Bundan əlavə, «xxxxxxxxxx» MMC-nin 127 №-li arayışından görünür ki, İddiaçı «xxxxxxxxxx» MMC-də xx.xx.2016-cı il tarixindən etibarən Magistral Qoşulma departamentində dispetçer vəzifəsində çalışır və aylıq məvacibi 525 (beş yiiz iyirmi beş) manat təşkil edir. Göründüyü kimi, İddiaçı 2016-cı ildən işləyir və aylıq əmək haqqısı onun əmək haqqısından təxminən 2 dəfə çox olmaqla 525 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, yeni ailə həyatı qurmuş, bir azyaşlı övladı var, hazırki halda alimenti ödəsə öz ailəsinin maddi vəziyyəti pis olacaqdır. Məhkəmə iclasında İddiaçı Abbas qızı bildirdi ki, o, 500 manat maaş alsa da yaşlı valideynləri onun himayəsindədi, əlavə olaraq valideynlərinə də o baxır, bu səbəbdən aldığı maaş kifayət etmir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3542/2012 saylı xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə X2 xx xxxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi və əlavə olaraq hər uşağa görə 50 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 104 №-li arayışdan da görünür ki, Cavabdeh Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında xx.xx.2016-cı ildən işləyir, hazırda təsərrüfat xidməti şöbəsində gözətçi vəzifəsində çalışır və əmək haqqı əmək müqaviləsinə əsasən 390 (üç yüz doxsan) manatdır. Vergi və sair tutulandan sonra əmək haqqısı 341,95 (üç yüz qırx bir manat doxsan beş qəpik) manatdır. İş materiallarına əlavə edilmiş, «xxxxxxxxxx» MMC-nin 127 №-li arayışından görünür ki, İddiaçı «xxxxxxxxxx» MMC-də xx.xx.2016-cı il tarixindən etibarən Magistral Qoşulma departamentində dispetçer vəzifəsində çalışır və aylıq məvacibi 525 (beş yiiz iyirmi beş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-ci il tarixli AZ № 910684 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Cavabdeh arasında xx.xx.2014-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Rufullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV№248352 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni təmin edilən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin təmin olunan hissəsinin faktiki əsası (faktiki hallar), bu hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yeni ailə qurması və bu nikahdan da yetkinlik yaşına çatmayan övladının olması, həmçinin tərəflərin maddi vəziyyəti mütləq şəkildə nəzərə alınmalıdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-938/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia həmin hissədə də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Xəzər Rayon Məhkəməsinin 2(003)-938/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin, iddia həmin hissədə təmin edilməsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar