Məhkəmə qərarları › İş №2(103)-5298/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5298/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5298/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı QSC “Bank Standard” KB-nin nümayəndəsi X2, Cavabdeh X3 vəkili X1 iştirakı ilə, İddiaçı QSC “Bank Standard” KB-nin cavabdeh X4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(009)-943/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21.01.2013-cü il tarixli, 100/00/26609/13/1 saylı kredit müqaviləsi üzrə 75,52 ingilis funt sterlinqi məbləğində əsas borc, 11,85 ingilis funt sterlinqi məbləğində faiz borcu, 48,46 ingilis funt sterlinqi məbləğində cərimə, 10,61 ingilis sterlinqi məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 146,44 ingilis funt sterlinqi borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə X8 arasında 21 yanvar 2013-cü il tarixində kredit verilməsi haqqında 100/00/26609/13/1 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 ingilis funt sterlinqi məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə əlavə sazişlər imzalanmış və həmin sazişlər əsasında kredit müqaviləsinin müddəti uzadılaraq 21 yanvar 2017-ci il tarixi müəyyən edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka borcu qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(009)-943/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, icraatın sadələşdirilmiş və ya iddia icraatı olmasından asılı olmayaraq ədalət mühakiməsi orqanı kimi məhkəmə tərəfindən tərəflərin bərabərliyi, ədalətlilik və obyektivlik kimi prosessual prinsiplərə riayət olunmalı, borc mübahisəsinin həlli üzrə hər iki tərəfin sübut təqdim etmək imkanı təmin olunmalı idi. Lakin məhkəmə tərəfindən kiçik iddialar üzrə sadələşdirilmiş icraatın aparılmasına dair mülki prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, cavabdeh kimi onun barəsində həyata keçirilən məhkəmə icraatında iştirak etmək, sübutlar, etiraz və mülahizələr təqdim etmək kimi mühüm prosessual hüquqları məhdudlaşdırılmışdır. Habelə, məhkəmə iş üzrə gəldiyi nəticəni mötəbər sübutlarla əsaslandırmamış, birtərəfli mövqe nümayiş etdirməklə yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında qərar qəbul etməklə, əsassız yerə iddiaçının xeyrinə borc tutmuşdur. Belə olan halda, hüquqlarını və qanuni mənafeyini kobud şəkildə pozan məhkəmə qətnaməsi ləğv edilməli və borc tələbi əsassız olduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(009)-943/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı QSC «Bank Standard» KB ilə X5 arasında 21 yanvar 2013-cü il tarixində kredit verilməsi haqqında 100/00/26609/13/1 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 ingilis funt sterlinqi məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə əlavə sazişlər imzalanmış və həmin sazişlər əsasında kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti uzadılaraq 21 yanvar 2017ci il tarixədək müəyyən edilmişdir. Cavabdehə Banka olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 18 dekabr 2019-cu il tarixə bağlanmış müqavilə üzrə 75,52 ingilis funt sterlinqi məbləğində əsas borcu, müqavilə müddətinin sonuna 11,85 ingilis funt sterlinqi məbləğində faiz borcu, 48,46 ingilis funt sterlinqi məbləğində cərimə borcu, 10,61 ingilis sterlinqi məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 146,44 ingilis funt sterlinqi məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində kiçik iddialar üzrə sadələşdirilmiş icraatın aparılmasına dair mülki prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasını göstərsə də, pozuntunun nədən ibarət olduğunu əsaslandırmamış, ümumi sözlərlə ifadə etmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin ünvanına göndərilən məhkəmə bildirişi “ünvan düzgün deyil” səbəbindən geri qaytarılmışdır. Belə olan halda məhkəmə bildirişinin ona çatmaması riskini cavabdeh özü daşımaqla bu, məhkəmə tərəfindən prosessual pozuntuya yol verilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(009)-943/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar