Məhkəmə qərarları › İş №2(103)-5298/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5298/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5298/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı2 və Cavabdeh aralarında mübahisə yaranmamışdan bir müddət əvvəl tanış olmuşlar. Cavabdeh iddiaçıdan 16 000 ABŞ dolları məbləğində borc almışdır. Tərəflər arasında pulun verilməsi ilə bağlı hər hansı müqavilə bağlanmamışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehdən 3100 ABŞ dolları ödənilən günə Azərbaycan manatına olan məzənnəsi məbləğində pul vəsaitinin, 73 manat dövlət rüsumunun və 150 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında şifahi borc sazişi bağlanmış və 16000 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verilmişdir. Həmin puldan 12900 ABŞ dolları pul vəsaiti cavabdeh tərəfindən müxtəlif vaxtlarda hissə-hissə olaraq qaytarılmış və 3100 ABŞ dollar məbləğində pul vəsaiti qalıq borc olaraq qalmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-3517/2024) iddia qismən təmin edilərək, 271 ABŞ dolları məbləğində pul vəsaiti və 73 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında qanunla nəzərdə tutulmuş formada yazılı müqavilə bağlanmasa da, cavabdeh iddiaçıdan 16 000 ABŞ dolları məbləğində borc aldığını, həmin pulu müəyyən müddət ərzində qaytaracağı barədə cavabdeh qarşısında öhdəlik götürdüyünü etiraf etmişdir. Məhkəmə qeyd etmişdir ki, bu halın cavabdeh tərəfindən etiraf edilməsi artıq iddiaçını 16 000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə borc verilməsi ilə bağlı faktı sübut etmək vəzifəsindən azad edir. Tərəflər arasında hazırki mübahisə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış pul vəsaitinin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən borcdan 12 900 ABŞ dolları pul vəsaitinin qaytarıldığını, qalıq borcun 3100 ABŞ dolları təşkil etdiyini bildirir. Cavabdeh isə iddiaçının bu tələbi ilə razı olmayaraq iddiaçıya yalnız 250 ABŞ dolları məbləğində borcunun qaldığını bildirir. Qeyd edilən halın aydınlaşdırılması məqsədilə tərəflər arasında olan əvvəlki 2(011)-144/2024 saylı iş üzrə (iddia tələbi baxılmamış saxlanılmışdır) məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8669 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının bank hesabına 1120 manat və 15 100 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsi müəyyən edilir. 1120 manat məbləğində pul vəsaiti 2024-cü ilin məzənnəsinə uyğun olaraq 629 ABŞ dolları təşkil edir. Məhkəmə hesab etmişdir ki, 271 (16 000 – 15 100 – 629 = 271) ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın verdiyi məktubda qeyd olunur ki, Cavabdeh 2020 manat və 12900 ABŞ dolları göndərib. Cavabdeh təqdim etdiyi qəbzlərdən görünür ki, o, 1120 manat və 15100 ABŞ dolları göndərib. Əvvəla, Cavabdeh təqdim etdiyi qəbzlər ona təqdim olunmamış, elektron kabinetə qoyulmamış və həmin qəbzlərlə tanış olmamışdır. Əgər həmin qəbzlər Turanbanka aid deyilsə, başqa banklarla başqa vaxtlarda göndərilmiş pullardısa, o zaman Turanbankın dediyi pullarla qəbzlərdə olan pullar toplanmalı və aydınlaşdırılmalıdır ki, həmin pullar ona təqdim olunub, ya olunmayıb. Yoxsa Cavabdeh pulu onun ünvanına göndərdikdən sonra o, pulları almağa macal tapmamış Cavabdeh həmin pulları geri almış, lakin məhkəməyə yalnız pulu göndərdiyi qəbzləri təqdim etmişdir və yaxud da Cavabdeh məhkəməyə təqdim etdiyi qəbzlər TuranBankın qəbzləridirsə və qəbzlərə inanmalıyıqsa onda Turan bank 2020 manat yazdığını qəbzlərdə isə 1120 manat göründüyü aydınlaşmalıdır. Ekspert rəyi nəticə ilə əsaslandırma hissəsində uyğunsuzluq olduğundan həmin ekspret rəyi sübut kimi qəbul oluna bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Hazırkı mübahisə 3100 ABŞ dolları pulun qaytarılması ilə bağlıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı 16.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə verdiyini, sonuncunun isə həmin borcdan 12900 ABŞ dolları pul vəsaitini hissə-hissə qaytardığını və 3100 ABŞ dolları məbləğində borcun qaldığını iddia edir.

19. Cavabdeh isə iddaçıdan 16.000 ABŞ dolları borc aldığını mübahisələndirmir, borcu qaytardığını, 250 ABŞ dolları borcunun qaldığını bildirir.

20. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

21. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı 16.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə verdiyini sübut etmişdir. Eyni zamanda iddiaçı həmin puldan 12900 ABŞ dollarının cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir.

22. Beləliklə, cavabdeh iddiaçıya 16 000 ABŞ dollarının qaytarılmasını sübut etmə yükündən azaddır.

23. Tərəflər arasında olan əvvəlki 2(011)-144/2024 saylı iş üzrə (iddia tələbi baxılmamış saxlanılmışdır) məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8669 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının bank hesabına 1120 manat və 15 100 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsi müəyyən edilmişdir. 1120 manat məbləğində pul vəsaiti 2024-cü ilin məzənnəsinə uyğun olaraq 629 ABŞ dolları təşkil edir.

24. Cavabdeh məhkəmə iclası zamanı ekspert rəyi ilə razı olduğunu bildirmiş, iddiaçı isə ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini mötəbər sübut hesab edərək haqlı olaraq belə qənaətə gəlmişdir ki, 271 (16 000 – 15 100 – 629 =271) ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə kollegiyasının gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır.

27. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

30. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

31. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

35. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar