Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-530/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 cavabdeh X13 və iddiaçı X6 cavabdeh X21 qarşı işlər üzrə QƏTNAMƏ İş № 2(103)-530/2023 (Açar sözlər: mənzilə istifadə hüququ tanınması, mənzilə köçürülmə) Bakı şəhəri 18 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X14 və X7 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı X6 nümayəndəsi-vəkili Vəkil2, birləşdirilmiş mülki iş cavabdeh X15 nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X6 cavabdeh X13 qarşı “mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1645/2018 saylı, 03 aprel 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs X25 tərəfindən, birləşdirilmiş mülki iş üzrə iddiaçı X6 cavabdeh X21 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh X25 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 47 sayevin 11 sayli mənzili əvvəlcə, yəni 2008-ci ildə X6 anası Cavabdeh adına dövlət qeydiyyatından keçmiş, sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə X15 adına dövlət qeydiyyatından keçmisdir. X4 Mehparə Telman qızının və X15 övladıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X22 cavabdeh X16 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 11 saylı mənzilinə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 47 saylı evin 11 saylı mənzili onun anası cavabdeh X9 xüsusi mülkiyyətindədir. O, həmin mənzildə qeydiyyatda olmaqla uzun illərdir ki, həmin mənzildə yaşayır və cavabdehin oğlu kimi ailə üzvü olduğundan həmin mənzilə istifadə hüququ vardır. Hazırda o, Azərbaycan ordusunda müddətli hərbi xidmətdədir, xx.xx.2018-ci il tarixdən xx.xx.2018ci ilədək olan müddət ərzində növbəti məzuniyyətə buraxılmış, yaşadığı mənzilə gələrkən anası onu mənzilə buraxmadığından nənəsinin mənzilində yaşamalı olmuşdur. Bir müddətdir ki, anası ona həmin mənzili satmaq istədiyini deyir və bu məqsədlə də onu mənzildən qeydiyyatdan çıxarmaq üçün ondan etibarnamə tələb edir. Lakin anası mənzildən çıxmağının qarşılığında ona hər hansı bir kompensasiya ödəmək istəmədiyindən onun gələcəkdə ordudan tərxis olunduqdan sonra yaşamağa başqa yaşayış yeri olmayacaqdır. Ona görə də onun həmin mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1645/2018 nömrəli 03 aprel 2018ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddianın təmin edilməsi, X6 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 11 saylı mənzilə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir.
5. Sonradan (birləşdirilmiş iş üzrə) iddiaçı X22 istifadə hüququnun tanındığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 47 say evin 11 sayli mənzilinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun qeydiyyatda olduğu və yaşadığı mənzil əvvəlcə anası X10 adına qeydiyyatdan keçmiş və tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Hərbi xidmətdə olarkən anası mənzili satmaq istəmiş, lakin yeganə yaşayış sahəsi olduğu üçün o, mənzilin satilmasına razılıq verməmişdir. Hərbi xidmətdən qayitdiqdan sonra anası onu mənzilə buraxmadığı üçün məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə onun istifadə hüququ tanınmaqla mənzilə köçürülmüşdür. Lakin valideynlərinin boşanması səbəbindən atasının anasına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mənzil tam mülkiyyət hüququ ilə atası X21 verilmişdir. Bununla da mənzilin mülkiyyətçisi dəyişmiş və mülkiyyətçisi olan atası xx.xx.2021-ci il tarixdən onu mənzildən istifadə hüququndan məhrum etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2022 nömrəli 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın təmin edilməsi, X6 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 11 saylı mənzilə köçürülməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir-biri ilə əlaqə olduqlarından bir icraatda birləşdirilmişdir.
9. Məhkəmələr öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2, 228.5, və Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1645/2018 nömrəli 03 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş X25 qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xatai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-5973/2016 sayl qətnaməsi ilə Cavabdeh ilə X26 arasındakı nikah pozulmuşdur, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 evin 11 saylı mənzil və ** UB *** dövlət nömrə nişanlı “X38” markalı nəqliyyat vasitəsi X17 xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində ev 47, mənzil 2 də yerləşən ev və KİA Sportage markalı 99UB226 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının anası Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. 2017-ci ildən 2019-cu il tarixinə qədər ünvan 1 evin 11 saylı mənzilin 1/2 hissəsi Madən Apaydının mülkiyətində olmuşdur. Məhkəmə qətnamə çıxararkən isə digər mülkiyyətçi olaraq Madən Aydının mülkiyyət hüququnu pozmuşdur. 2018-ci il tarixdən məhkəmə qətnaməsi ilə həmin əmlak Apaydının tam mülkiyyətinə verilmişdir. 2019-cu il tarixdə əmlak Apaydının adına ƏMDKY DƏDRX-da qeydiyyatdan keçmişdir. 2016-cı il tarixdən Oğuzhanın anası X23 ilə atası X25 arasındam əmlak bölgüsü tələbinə dair məhkəmə prosesləri başlamışdır. Bundan sonra atası ilə Oğuzhanın ailə münasibətləri kəskin şəkildə pisləşmişdir. Ehtimal edilir ki, iddiaçı ilə anası Cavabdeh ünvan 1 evin 11 saylı mənzilini məhkəmələr tərəfindən Apaydına verilməsini görərək gələcəkdə Apaydına maneə yaratmaq üçün bu cür iddia qaldırmışdır. Çünki, 2015-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, General Sıxlinski küçəsində yerləşən 291 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İllərdir Oğuzhan həmin evdə yaşayır. İddiaçı ünvan 1 evin 11 saylı ünvanında yerləşən yaşayış sahəsində heç vaxt yaşamamışdır. ünvan 2 ünvanda 3 mərtəbəli həyət evində yaşamışdır. İddiaçının hazırda yaşadığı mənzil əvvəllər özbaşına tikili olduğu üçün valideynləri arasında olan əmlak bölgüsündə bölünməmişdir. İddiaçının iddia etdiyi ünvan 1 evin 11 saylı mənzil hər zaman kirayəyə verilmişdir və orada müxtəlif vaxtlarda müxtəlif kirayəçilər yaşamışdır. İddiaçı məhkəmə qətnaməsi ilə atasına verilmiş evdə anasının yaşamasına maneə yaratmaq üçün mənzilə köçürülmə barədə iddia qaldırmışdır. Çünki valideynləri arasında əmlak bölgüsü zamanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prt, ev 47, mənzil 2 anasının mülkiyyətinə verilmişdir. Yəni iddiaçının anasının mülkiyyətində əmlak olduğu halda məqsədli şəkildə məhkəmə qətnaməsi ilə atasının mükiyyətinə verilmiş əmlaka dair iddia qaldırmışdır. Məhkəmə qətnaməsinə diqqət yetirdikdə görünür ki, cavabdeh ilə birlikdə yaşayan anası məhkəmə proseslərində iştirak etməmişdir. Digər ailə üzvü bacısı isə iddiada göstərilmiş əsassız halları təsdiqləmək üçün şahid qismində iştirak etmişdir. Bütün bu hallara əsasən ehtimal edirik ki, həmin mənzilin məhkəmə qətnaməsi ilə ataları Apaydın Madanə verilməməsi ilə əlaqədar hazırlanmış bir plandır. Çünki, Apaydının adına həmin mənzilin tam mülkiyyətinə verilməsinə dair çıxarış verildikdən sonra iddiaçı yenidən Apaydın Madənə qarşı iddia qaldırdığı zaman artıq ilkin hazırkı məhkəmə qətnaməsi predusial əhəmiyyət daşıdığı üçün iddia araşdırmadan təmin edilmişdir. Bu hal isə Apaydının mülkiyyət hüquqlarının pozulmasına əsas olmuşdur.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2022 nömrəli 03 mart 2022ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş cavabdeh X25 qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti yuxarıda qeyd edilən apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. İddiaçı X22 apellyasiya şikayətlərinə etiraz verərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, qətnamələrin dəyişdiriləmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
15. Apellyasiya baxışı zamanı birləşdirilmiş mülki iş cavabdeh X15 nümayəndəsivəkili Vəkil1 verilmiş apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs 2016-cı ildə evdən qovulmuşdur. 2016-cı ildə X26 ilə Cavabdeh arasında nikah pozulmuşdur. Məhkəmə tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi nəticəsində isə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 2 saylı mənzil X2 arvadı X18, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 47 saylı evin 11 saylı mənzil isə X21 verilmişdir. Həmçinin, “AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Həmçinin, Oğuzxanın həmin mənzilə istifadə hüququ və mənzilə olan ehtiyacı mövcud deyil. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.
16. Apellyasiya baxışı zamanı iddiaçı X6 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, həqiqətəndə nənəsi tərəfindən Oğuzxana ev bağışlanılmış və 2015-ci il tarixdən mülkiyyətindədir, lakin həmin evdə digər şəxslər qaldığından Oğuzxan orada yaşamır.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnamələrinin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilməməlidir.
26. Məhkəmə qeyd edir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 47 nömrəli evin 11 nömrəli mənzili mülkiyyət hüququ üzrə xx.xx.2008-cü il tarixdə X11 adına qeydiyyata alınmışdır, ona görə tərəflərin hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Kollegiya hesab edir ki, tərəflər arasında olan hazırkı mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin müddəaları tətbiq edilməlidir.
27. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, həmin mənzil Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 1249/2018 saylı qərarına əsasən xx.xx.2019-cu il tarixdə Maden Apaydanın adına qeydiyyatdan keçmişdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
29. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.
30. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsmi şərhinə dair hesab edir ki, Maden Oğuzxan 2008-ci ildə mənzil əldə olunarkən mübahisəli mənzilə Mülki Məcəllənin 228.5-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir.
31. Bu isə o deməkdir ki, daha sonra, yəni 2018-ci ildə iddiaçının qaldırdığı tələbin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti və onun saxlanılıb-saxlanılmamasının müəyyən edilməsindən asılıdır.
32. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.
34. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar...”.
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, (iş materiallarında olan Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna qoşma olan sənədlərdən də görünür) X1 Fatma Məhərrəm qızının əvəzinə ünvan 3 ünvanında yerləşən mənzili X12 bağışlamış və X6 həmin mənzil üzərində xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır və hal-hazıradək mövcuddur.
36. Məhkəmə kollegiyası edir ki, X12 mübahisəli mənzilə ilkin olaraq istifadə hüququ yaransa da, sonradan (2015-ci ildə) mülkiyyətinə mənzil verilmiş və onun hazırki mübahisəli mənzildən istifadə ehtiyacı aradan qalxmış olmuşdur. Və atası ilə anasının əmlak bölgüsü ilə bağlı mübahisəsi mövcud ola-ola (məhkəmə müstəvisində) atanın xəbəri olmadan anaya qarşı qeyd olunan iddiası əsassız olmuşdur. Digər tərəfdən işin halları ilə müəyyən edilmişdir ki, ata-övlad arasında etibarlı ailə münasibətləri də mövcud deyildir.
37. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin mübahisələndirilən qətnamələrinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
38. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
39. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1645/2018 saylı, 03 aprel 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova