Məhkəmə qərarları › İş №2(103)-5300/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5300/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5300/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kreditin, ona hesablanmış faizlərin qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1138/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı ASC Cavabdeh qarşı, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 15499.12 (on beş min dörd yüz doxsan doqquz manat on iki qəpik) manat əsas borc, 826.58 (səkkiz yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat faiz borcu və 61.72 (altmış bir manat, yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16387.42 (on altı min üş yüz səksən yeddi manat qırx iki qəpik) manat məbləğində borcun və 139.16 (yüz otuz doqquz manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.3 faizlə, 48 ay müddətinə 20000 (iyirmi min) manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci ilin dekabrın ayının 09-dək cavabdehin banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 15499.12 (on beş min dörd yüz doxsan doqquz manat on iki qəpik) manat əsas borc, 826.58 (səkkiz yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat faiz borcu və 246.87 (iki yüz qırx altı manat səksən yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16572.57 (on altı min beş yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-1138/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia tələbi təmin edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh məkəməyə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəsmi arayış təqdim edərək, xx.xx.2023-cü il tarixdə banka olan borcu tam ödədiyini, öhdəliyi icra etdiyindən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəm iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ( məhkəmə iclası bağlı elan edildikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 10:40-da məhkəməyə elektron kabinet vasitəsi ilə verilən xx.xx.2023-cü il tarixli məlumatında, iddiaçı bank məhkəmənin icraatında olan “İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair hazırkı mülki iş üzrə Cavabdeh tələb olunan borc məbləği razılıq əsasında tam ödədiyindən, iddia tələbindən imtina etiklərini, həmin mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər). Sübutların tədqiqi:

8. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 11-Y-2-0- 1347-21 saylı kredit müqaviləsinə əsasən kreditor borcluya 48 ay müddətinə, illik 17.3% olmaqla 20000 (iyirmi min) manat məbləğində kredit vermişdir.

9. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə banka 15499.12 (on beş min dörd yüz doxsan doqquz manat on iki qəpik) manat əsas borc, 826.58 (səkkiz yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat faiz borcu, 246.87 (iki yüz qırx altı manat səksən yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 16572.57 (on altı min beş yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində borcu vardır.

10. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, xx.xx.2021-ci il tarixdə bağlanmış 11-Y-2-0-1347-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 20.000 AZN məbləğində kredit verilmişdir. Hal-hazırda (xx.xx.2023-cü il tarixinə), 11-Y-2-0-1347-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ("xxxx" İKB ASC) qarşısında heç bir öhdəliyi mövcud deyil.

11. (Eyni zamanda, İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 10:40-da (hazırkı iş üzrə məhkəmə iclası bağlı elan edildikdən sonra) məhkəməyə elektron kabinet vasitəsi ilə verilən xx.xx.2023-cü il tarixli məlumatdan məlum olur ki, məhkəmənin icraatında olan “İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair hazırkı mülki iş üzrə Cavabdeh tələb olunan borc məbləği razılıq əsasında tam ödədiyindən, iddia tələbindən imtina etiklərini, həmin mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər). Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

14. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

18. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

22. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

25. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

26. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

27. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

30. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

31. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

32. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

33. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, hazırkı vəziyyətdə iddia tələbi təmin edilməməlidir.

36. Belə ki, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan məlum olur ki, xx.xx.2021-ci il tarixdə bağlanmış 11-Y-2-0-1347-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 20.000 AZN məbləğində kredit verilmişdir. Hal-hazırda (xx.xx.2023-cü il tarixinə), 11-Y-2-0-1347-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ("xxxx" İKB ASC) qarşısında heç bir öhdəliyi mövcud deyil.

37. Eyni zamanda, İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 10:40-da (hazırkı iş üzrə məhkəmə iclası bağlı elan edildikdən sonra) məhkəməyə elektron kabinet vasitəsi ilə verilən xx.xx.2023-cü il tarixli məlumatdan məlum olur ki, məhkəmənin icraatında olan “İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair hazırkı mülki iş üzrə Cavabdeh tələb olunan borc məbləği razılıq əsasında tam ödədiyindən, iddia tələbindən imtina etiklərini, həmin mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçının həmin ərizəsi məhkəmə iclası başa çatdıqdan sonra daxil olduğundan, ona hər hası münasibət bildirilməsi mümkünsüz olmuşdur.

38. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

39. MPM-in Maddə 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı təqdim edilən və cavabdeh tərəfindən öhdəliyin icra edilməsini təsdiq edən müvafiq arayış, həmin arayışın birinci instansiya məhkəməsində qətnamə qəbul edilən zaman verilməsinin mümkünsüz olması (çünki borc tələbi üzrə öhdəlik qətnamədən sonra icra edilmişdir) səbəbindən sübut kimi qəbul edilərək, nəzərə alınmalıdır və müvafiq münasibət bildirilməlidir.

42. Beləliklə də, həmin sübut nəzərə alındıqda müəyyən olunur ki, hazırkı iddia tələbinin verilməsinə əsas olmuş 11-Y-2-0-1347-21 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən borc tam olaraq ödənilmiş, yəni öhdəlik icra edilmişdir, demək ki, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Çünki Mülki Məcəllənin 527.1ci maddəsinə görə, öhdəliyə icra, ..... nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə ...xitam verilir. Nəticə:

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin verilməsinə əsas olmuş 11-Y-2-0-1347-21 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən borcun ödənilməsi müəyyən edildiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-1138/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi (hal-hazırda borclu tərəfindən öhdəliyin tam olaraq icra edildiyi müəyyən olunduğundan) təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar