Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5301/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 545/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 5042.96 manat məbləğində əsas borc, 449.14 manat məbləğində faiz borcu, cəmi 5492.1 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018 il tarixli, 109804-564193/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında xx.xx.2018 il tarixli, 109804-564193/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin- 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalan tərəfindən xx xxxxxx 2018 il tarixli, 109804-564193/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Daha sonra iddiaçının nümayəndəsi X1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4954.6 manat əsas və 697.19 manat faiz borcu olmaqla, cəmi 5651.79 manatın və 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-545/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4954.6 manat əsas borc, 697.19 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 5651.79 (beş min altı yüz səksən bir manat yetmiş doqquz qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Xəzər rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-545/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılan zaman cavabdeh maddi imkanın zəif olması ilə əlaqədar olaraq, hər ay 100-150 manat hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. Məhkəmə isə bu hala qiymət verməmişdir. cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 384.0.2, 357.1, 385.1.3, 372, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə istinad etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 109804-564193/1 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı ASCarasında illik 27 % olmaqla 36 ay müddətinə 6500 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 7.1-ci bəndindən görünür ki, bu müqavilə təsdiq edildiyi vaxtdan hüquqi qüvvəyə minir və borcalan tərəfindən əsas borc, faizlər və digər xərclər banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 109804-564193/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1nın İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 109804-564193/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 zamin durmuş və borclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank ilə bağlanmış xx.xx.2018-ci il tarixli 109804-564193/1 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə borcalanın Banka 4954.6 manat əsas və 697.19 manat faiz borcu olmaqla, cəmi 5651.79 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin halları və Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia tələbinin etiraf edilməsinə dair ərizə (i.v 41) əsasında müəyyən edilir ki, cavabdehin iddiaçıya 5651.79 manat borcu vardır. Belə olan halda, Kollegiya hesab edir ki, iddia tələbində göstərilən 5651.79 manat borcun olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı verilmiş ərizədə qeyd olunan borcun hissə-hissə ödənilməsinə münasibətdə Kollgiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan normanın mahiyyətinə görə, hissə-hissə icra mövcud qanuni qüvvəyə minmiş qətnaməyə münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh hissə-hissə icra barəsində ərizəsini iş üzrə qətnamə qanuni qüvvəyə minməzdən əvvəl təqdim edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-545/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5301/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5301/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver