Məhkəmə qərarları › İş №2(103)-5301/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5301/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5301/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, vəfat etmiş borcalan X1 Bank ilə bağladığı xx.xx.2022-ci il tarixli, CL-EE000215229 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.853,38 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 0,02 manat olmaqla cəmi 11.853,4 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,56 manat, ödənilmiş bank xidmət haqqının əvəzi olaraq 0,4 manat məbləğində pulun mərhum borcalanın vərəsəsi olan cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hətəm Evraimov, onunla Bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 19,9 faiz dərəcəsi ilə 60 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 15.000 manat məbləğində borc götürmüşdür. Hətəm Evraimov xx.xx.2023-cü il tarixdə ölmüşdür. Öldüyü məqama Hətəm Evraimovun iddiaçı Banka 11.853,38 manat məbləğində əsas kredit borcu, əsas kredit borcuna hesablanmış 0,02 manat məbləğində faiz borcu olmuşdur. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Hətəm Evraimovun vərəsəsi onun arvadı – hazırkı iş üzrə cavabdehdir. Miras əmlak 6.000 manat məbləğində sığorta ödənişi və əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinə əsasən 14 təqvim günündən sonrakı dövr üzrə DSMF tərəfindən ödənilməli olan 326,76 manat pul məbləğidir. İddiaçı Bankın nümayəndəsi iddia ərizəsində qeyd edir ki, cavabdeh, miras əmlakı qəbul etməsinə baxmayaraq mərhumun iddiaçı Banka olan borcunu ödəməmişdir, baxmayaraq ki, Bank tərəfindən ona müraciət edilərək, borcun ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 125,56 manat, rüsumun ödənilməsi üçün isə 0,4 manat məbləğində bank xidmət haqqını ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin verdikləri izahatlar barədə məlumat

3. İddiaçı Bankın nümayəndəsi Rayon Məhkəməsinə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. İş üzrə cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, onun mərhum əri vəfat etdikdən sonra sığortadan 6.000 manat pul almışdır. Yaşadıqları ev isə qayınatasının adına olmuş və qayınatası təxminən 20 il əvvəl vəfat etmişdir. Buna görə də hesab edir ki, iddia rədd olunmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, mərhum X5 arvadı olmaqla sonuncunun birinci növbə vərəsəsidir. X5 sağlığında Bank ilə bağladığı xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə onun öldüyü məqama Banka 11.853,38 manat əsas, 0,02 manat faiz borcu olmaqla cəmi 11.853,4 manat məbləğində kredit borcu olmuşdur. Mərhumun vərəsəsi olan cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr almış və mirası qəbul etmiş və ona yiyələnmişdir. Belə olan halda, o, mərhumun iddiaçı Banka olan borcunu ödəməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin miras payına uyğun azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Əsasları, cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatın məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh miras əmlak kimi yalnız və cəmi 6.326,76 manat məbləğində pulu qəbul etmişdir. Mərhumun başqa əmlakı olmamışdır. Onların yaşadıqları ev isə cavabdehin qayınatasının adına olmuş və qayınatası təxminən 20 il əvvəl vəfat etsə də, ev, miras əmlak kimi cavabdehin mərhum ərinin mülkiyyətinə keçməmişdir ki, hazırda da cavabdehin mülkiyyətinə keçmiş olsun. Miras əmlak kimi yalnız 6.326,76 manatı qəbul etmiş cavabdehdən Rayon Məhkəməsinin qətnaməsi ilə tutulması qət edilmiş məbləğdə pulun tutulması ədalətsiz və qanunsuzdur. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Apellyator olan iş üzrə cavabdeh apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

11. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmuna uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçı Bank ilə cavabdehin əri Hətəm Evraimov arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Hətəm Evraimov həmin müqaviləyə əsasən Bankdan illik 19,9 faiz dərəcəsi ilə 60 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 15.000 manat məbləğində pulu borc götürmüşdür.

14. İş materiallarında olan AZ-İİ seriyalı, 367898 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Hətəm Evraimov xx.xx.2023-cü il tarixdə ölmüşdür.

15. Bank tərəfindən işə baxmış Rayon Məhkəməsinə təqdim edilmiş “Maliyyə arayışından” görünür ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Hətəm Evraimovun öldüyü tarixə olan əsas borcu 11.853,38 manat, faiz borcu isə 0,02 manat məbləğində olmuşdur.

16. İş materiallarında alan və 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2023cü il tarixdə vəfat etmiş Hətəm Evraimovun vərəsəsi onun arvadı – hazırkı iş üzrə cavabdehdir. Miras əmlak 6.000 manat məbləğində sığorta ödənişidir.

17. Həmin məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, mərhum Hətəm Evraimovun vərəsəsi onun arvadı olan cavabdehdir. Miras əmlak – əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinə əsasən 14 təqvim günündən sonrakı dövr üzrə DSMF tərəfindən ödənilməli olan 326,76 manat məbləğində puldur.

18. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (maddə 1153.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman qüvvədə olmuş 1307-ci maddə).

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına istinad edilərək qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən İcranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edilir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

20. Qeyd edilən maddi hüquq normaların, tələblərindən və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarlarda təsbit edilmiş hüquqi mövqedən məlum olur ki, mərhumun vərəsəsi olan cavabdeh iddiaçı Bank ilə bağladığı “Kredit müqaviləsi” üzrə yaranmış borcu ödəməlidir.

21. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti əsassızdır.

22. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, mərhumun sağlığında cavabdeh ilə birgə yaşadığı ev cavabdehin qayınatasının – mərhum Hətəm Evraimovun atasına məxsus olmuş və o, 20 il əvvəl vəfat etsə də, ev, miras əmlak kimi Hətəm Evraimov mülkiyyətinə keçməmişdir ki, hazırda da cavabdehin mülkiyyətinə keçmiş olsun.

23. Məhkəmə, cavabdehin bu dəlilini əsaslı hesab etmir, çünki qeyd edilən hal, yuxarıda qeyd edilənlərə əsasən iddianın tam və ya qismən rədd edilməsi üçün əsas ola bilməz. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

27. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

28. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar