Məhkəmə qərarları › İş №2(103)-5303/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5303/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5303/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5303/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1925/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən borc alana 36 ay müddətinə, xx.xx.2021-ci il tarixinədək illik 22% faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir.

2. Həmin müqavilə üzrə “borc alan” X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdi.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" QSC-də kollektiv müqavilədə qeyd edilmiş maddi yardım 2360 manat pul məbləğindən ibarətdir.

4. Hazırda iddiaçı X4 vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 746.32 manat əsas, 15.04 manat faiz borcu, cəmi 761.36 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 3000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən, X4 xx.xx.2024-cü il tarixinə əsas borcu 746.32 manat, faiz borcu 15.04 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №213889 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən V.Muradovun vəfatından sonra Bakı şəhəri 21 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır və X4 vərəsəsi – ünvan 2 ünvanında qeydiyyata olan Cavabdehdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, X4 vərəsəsi Cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаzırdа cavabdehin “Аzər-Türk Bаnk” АSC-yə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 761.36 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1925/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558, 1151.1 və 1152-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli şəhadətnamə ilə hazırki mülki iş üzrə cavabdeh-vərəsəyə keçmiş 2360 manat məbləğində pul vəsaiti miras əmlak kütləsinə daxil olduğu halda birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmiş, bununla da maddi hüquq normasını düzgün tətbit etməmişdir. MMnin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Pulun təyinatı ilə DSMF-na müvafiq sorğular göndərilməmiş, "xxxx" QSC-nin 1501 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X1 İttifaqı arasında bağlanmış Kollektiv müqavilənin 11-ci kompensasiyalar, əlavə güzəştlər, metropoliten işçilərinin və onların ailə üzvlərinin sosial müdafiəsinin təminatları maddəsinin 11.4.1-ci bəndinə əsasən ("xxxx" QSC-nin işçiləri vəfat etdikdə dəfn mərasimlərinin təşkil edilməsi məqsədi ilə qohumlarına ölüm tarixinə qüvvədə olan minimum əmək haqqının 10 (on) misli miqdarında maddi yardım göstərilməsi) istismar vəsaiti hesabına Elektromexanika xidmətinin çilingəri X4 vərəsələrinə 3000 manat maliyyə vəsaiti ayrılması və bu əmrə əlavə edilmiş bank rekvizitlərinə müvafiq olaraq ödənilməsi qərara alınması göstərilsə də, Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" QSC-də kollektiv müqavilədə qeyd edilmiş maddi yardım 2360 manat pul məbləğindən ibarətdir. Məhkəmə tərəfindən qeyd edilən ziddiyətlər araşdırılmamışdır. Ümumiyyətlə həmin məbləğin hansı bank rekvizitləri üzrə köçürülməsi ilə bağlı cavabdeh tərəfindən hər-hansı sübut iş materillarına əlavə edilməmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada m\lumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işin hallarını, eləcə də işdə olan sübutlar əsasında işə baxılmasının mümkünlüyünü nəzərə alaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 558. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur

17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

18. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

19. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

20. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

21. Maddə 1152. miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

22. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

23. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

24. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.[

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı

25. Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki apelyasiya baxışının predmetini qətnamənin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qət edilmiş nəticə işin faktiki hallarına uyğun olmuşdur.

35. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilənin surətindən görünür ki, “borc verən” İddiaçı ASC “borc alan” X5 36 ay müddətinə, xx.xx.2021-ci il tarixinədək illik 22% faiz ödəmək şərtilə 3000 manat məbləğində pul borc verir, “borc alan” isə krediti faizləri ilə birlikdə “borc verənə” qaytarmağı öhdəsinə götürür.

36. Kassa məxaric orderinin surətindən görünür ki, X5 ******* saylı kredit müqaviləsi üzrə 2970 manat pul verilmişdir.

37. Maliyyə arayışının surətindən görünür ki, X4 ******* saylı müqavilə üzrə əsas borcu 746,32 manat, faiz borcu 15,04 manat olmaqla, cəmi borcu 761,36 manat təşkil edir.

38. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir.

39. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" QSC-də kollektiv müqavilədə qeyd edilmiş maddi yardım 2360 manat pul məbləğindən ibarətdir.

40. "xxxx" QSC-nin 1501 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X1 İttifaqı arasında bağlanmış Kollektiv müqavilənin 11-ci kompensasiyalar, əlavə güzəştlər, metropoliten işçilərinin və onların ailə üzvlərinin sosial müdafiəsinin təminatları maddəsinin 11.4.1-ci bəndinə əsasən ("xxxx" QSC-nin işçiləri vəfat etdikdə dəfn mərasimlərinin təşkil edilməsi məqsədi ilə qohumlarına ölüm tarixinə qüvvədə olan minimum əmək haqqının 10 (on) misli miqdarında maddi yardım göstərilməsi) istismar vəsaiti hesabına Elektromexanika xidmətinin çilingəri X4 vərəsələrinə 3000 manat maliyyə vəsaiti ayrılması və bu əmrə əlavə edilmiş bank rekvizitlərinə müvafiq olaraq ödənilməsi qərara alınmışdır.

41. İddiaçı ASC tərəfindən X4 vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-ci il tarixli bildirişin surətindən görünür ki, o, borcun olması, onun 5 iş günü ərzində ödənilməsi və əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

42. Beləliklə, işin mübahisəsiz hallarına görə xx.xx.2021-ci il tarixində vəfat etmiş borcalan X6 ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və bu müqavilə üzrə borcalanın əsas və faiz borcu yaranmışdır. X4 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və onun vərəsəsinə-hazırki iş üzrə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh miras əmlak qismində mərhumun işlədiyi "xxxx" QSC tərəfindən onun ölümü ilə əlaqədar verilən 2360 manat maddi yardım qalmışdır. Bu səbəbdən hazırda iddiaçı kredit müqaviləsi üzrə borcalan X4 öhdəliklərinin onun vərəsəsi Cavabdeh tərəfindən yerinə yetirilməsi üçün ona qarşı iddia qaldırmışdır.

43. Kollegiya bildiir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar....... Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.”

44. Qeyd olunan qərarda şərh edilmiş mövqeyə əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı iddia qaldırmaq hüququ yaransa da, kollegiya hesab edir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında sonuncuya keçən əmlak miras payı kimi qəbul edilə bilməz və bununla da onun kreditor qarşısında hər hansı məsuliyyəti yaranmamış olur.

45. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddənin məzmunundan görünür ki, miras əmlak hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.

46. Lakin işdən göründüyü kimi, vərəsəyə keçən əmlak mərhumun ölümü ilə əlaqədar onu işlədiyi müəssisə tərəfindən yaxın qohumlarına maddi dəstək məqsədilə birdəfəlik ödənilmiş vəsaitdir. Belə olan halda yuxarıda qeyd edilmiş maddənin tələbindən irəli gələrək bu ödənişə miras pay olaraq yanaşılması qanunun tələbləri ilə ziddiyət təşkil etmiş olur. Kollegiya qeyd edir ki, oxşar mövqe yuxarıda göstərilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında da şərh edilmişdir (Qətnamənin 25-ci bəndi).

47. Beləliklə, kollegiya hesab edir ki, vərəsə Cavabdeh mülkiyyətində hazırki iddia ərizəsi üzrə borc tələbinin yönəldilə biləcəyi əmlak olmadığına görə iddia tələbi əsassızdır və təmin edilə bilməz.

48. Kollegiya “tərəflərin iştirakı olmadan işə baxılması ilə bağlı” apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, işə baxılmanın vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə edilmiş, hətta iş materiallarında olan məhkəmə bildirişinin kötüyündən görünür ki, iddiaçı məhkəmə iclasının tarixindən xəbərdar olmuşdur. Bundan əlavə iddiaçı xx.xx.2024-cü il tarixində elektron qaydada ərizə ünvanlayaraq iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya hesab edir ki, iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə tərəflərin iştirakı olmadan baxılmasında prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

49. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1925/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar