Məhkəmə qərarları › İş №2(103)-5304/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5304/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5304/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit borcu, borcun vərəsədən tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə Bağırova Gülarə Rəşid qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Bağırova Gülarə Rəşid qızına 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6200 manat məbləğində kredit verilmişdir. Bağırova Gülarə Rəşid qızı kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. AZ-İİ seriyalı 320371 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bağırova Gülarə Rəşid qızı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. xx.xx.2023-cü il tarixli 2V-151 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Bağırova Gülarə Rəşid qızının vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs X7 publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 621 saylı məktuba əsasən son haqq-hesabı 1836 manat pul vəsaitindən ibarətdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) paylarına nisbətdə iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsi üzrə 5419.09 manat əsas borcu olmaqla, cəmi 5419.09 manat və ödənilmiş 74.20 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının paylarına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Bağırova Gülarə Rəşid qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 6200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 Rəşid qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Bağırova Gülarə Rəşid qızının vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vərəsəlik şəhadətnamələri xx.xx.2023-cü il tarixində verilmişdir. Maliyyə arayışına əsasən Bağırova Gülarə Rəşid qızından xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsi üzrə kredit borcu üzrə banka ödənilməmiş borcu – 5419.09 manat əsas borcu olmaqla, cəmi 5419.09 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcun qaytarılması haqqında iddiaçıya bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 5419.09 manat olduğundan, iddiaçı tərəfindən 74.20 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Qədirova, iş № 2(008)-2601/25) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) miras paylarına nisbətdə xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsi üzrə 1836 manat məbləğində əsas borc və 38.36 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bağırova Gülarə Rəşid qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 Rəşid qızı xx.xx.2023-cü il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Bağırova Gülarə Rəşid qızının kreditoru olan iddiaçı qarşısında onun vərəsələri-cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini vərəsələrdən tələb etməkdə haqlıdır.

6. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Hazırkı işdən görünür ki, Bağırova Gülarə Rəşid qızının banka 5419.09 manat məbləğində ödənilməmiş borcu vardır və iddiaçı həmin pulu Bağırova Gülarə Rəşid qızının vərəsələrindən-cavabdehlərdən tələb edir. Lakin işin hallarından görünür ki, Bağırova Gülarə Rəşid qızından qalmış miras əmlak 1836 manat pul vəsaitindən ibarətdir. Məhkəmə, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, mirası qəbul etmiş vərəsələr-cavabdehlər onlara çatan miras payı, yəni 1836 manat məbləğində pul vəsaiti həcmində Bağırova Gülarə Rəşid qızının kreditoru olan iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Odur ki, iddia qismən, yəni cavabdehlərdən 1836 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır, ona görə də qismən təmin edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 743.1, 1151.1, 1306.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2və Cavabdeh1 miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə,miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

18. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2və Cavabdeh1 miras əmlakını, yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür.

19. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Göründüyü kimi, cavabdehlər - borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən tam həcmdə deyil, onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Kollegiya birinci instansiya məhkəməsinin mpövqeyi ilə razılaşaraq qeyd edir ki, Bağırova Gülarə Rəşid qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 Rəşid qızı xx.xx.2023-cü il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Bağırova Gülarə Rəşid qızının kreditoru olan iddiaçı qarşısında onun vərəsələri-cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini vərəsələrdən tələb etməkdə haqlıdır.

22. Bununla yanaşı, məhkəmə kollegiyası bir daha birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Hazırkı işdən görünür ki, Bağırova Gülarə Rəşid qızının banka 5419.09 manat məbləğində ödənilməmiş borcu vardır və iddiaçı həmin pulu Bağırova Gülarə Rəşid qızının vərəsələrindən-cavabdehlərdən tələb edir. Lakin işin hallarından görünür ki, Bağırova Gülarə Rəşid qızından qalmış miras əmlak 1836 manat pul vəsaitindən ibarətdir. Məhkəmə, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, mirası qəbul etmiş vərəsələr-cavabdehlər onlara çatan miras payı, yəni 1836 manat məbləğində pul vəsaiti həcmində Bağırova Gülarə Rəşid qızının kreditoru olan iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Odur ki, iddia qismən, yəni cavabdehlərdən 1836 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır, ona görə də qismən təmin edilməlidir.

23. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 03 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar