Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5305/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin tutulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan, X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2113/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər X7 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə Sumqayıt şəhər X7 torpaq komissiyasının xx.xx.1992-ci il tarixli, 7 nömrəli protokoluna əsasən "xxxx" kiçik müəssisəsinə milli xalq musiqi alətləri hazırlanmasını və təmirini təminedən bina tikmək üçün Sumqayıt şəhəri, 42-ci məhəllədə 1220 kv.metr torpaq sahəsi və Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10, Koroğlu küçəsində "xxxx" kiçik müəssisəsi üçün pay ayrılmışdır. Həmin sahədə tikilmiş qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə xx.xx.1997-ci il tarixdə "xxxx" kiçik müəssisəsinin adına qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 4/2-292 nömrəli, xx.xx.1999-cu il tarixli qətnaməsinə əsasən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış sahəsinin 10 faizi İddiaçı, 90 faizi isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1607/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən X6 ərizəsi təmin edilmiş, X4 miras qalmış əmlaka, yəni Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı evdə yerləşən "xxxx" kiçik müəssisəsinə qanun üzrə vərəsə olması və miras açıldığı vaxtdan həmin miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, X6, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı evdə yerləşən "xxxx" Kiçik Müəssisəsinə qanun üzrə vərəsə olmaqla, həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Sumqayıt Şəhər Dövlət Notariat Kontoruna həvalə edilməsi qət edilmişdir. "xxxx" MMC xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X9 və maraqlı tərəf X14 Kreditlər Şöbəsinə qarşı “binanın qəzalı vəziyyətinin aradan qaldırılması, bərpası və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X9 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində pulun və ödənilmiş 140 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus 237 kv.m sahə 2015-ci ildə cavabdehin atası X10 tərəfindən qəsdən sökülmüş, sökülən materiallar satılaraq pulu cavabdehə məxsus mənzilin kapital təmirinə sərf olunmuşdur. Cavabdeh atasının bu addımını dəstəkləmiş, həyat yoldaşı da həmçinin, bu işlərdə aktiv iştirak etmişdir. Bu materialların dəyəri alternativ ekspertiza mərkəzinin rəyinə əsasən təxminən 25.000 manatdır. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsində və Bakı Kommersiya Məhkəməsində cavabdehin atasını cavabdeh qismində cəlb etməklə zərərin ödənilməsi tələbi ilə iddia qaldırmışdır. İddia tələbləri cavabdehin atası bu söküntüdən götürdüyü pulları özünə sərf etmədiyi üçün təmin edilməmişdir. Bu səbəbdən o, cavabdehi əsl cavabdehlə əvəzləyərək Cavabdeh əsl cavabdeh kimi işə cəlb etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbində qeyd edilən əmlakın ona heç bir aidiyyəti yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsasən iddiaçının istinad etdiyi əmlakın 10 faiz hissəsi iddiaçıya, 90 faiz hissəsi isə onun atası arasında bölünmüş, o cümlədən iddiaçının üzərinə ayrıca qapı açması ilə bağlı öhdəlik qoyulmuşdur. Onun tərəfindən 2015-ci ildə hansı əmlakın alınmasının və hansı əmlakın satılmasının isə iddiaçıya hər hansı aidiyyəti yoxdur. İddiaçı bizə vurduğu maddi ziyanın ödənilməsi məsuliyyətindən yayınmaq üçün məhkəmədən bizim ailəyə təzyiq göstərmək məqsədi ilə istifadə edir. Belə ki, X10 tərəfindən ona qarşı Sumqayıt Şəhər Məhkəməsində əmlaka vurulmuş zərər görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldırılmışdır. 5.Bundan sonra iddiaçının vəsatətinə əsasən X10 məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2113/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X11).
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən tərtib edilmiş iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində belə müəyyən edilmişdir ki, iddia olunan zərər Cavabdeh tərəfindən deyil, sonuncunun atası tərəfindən vurulmuşdur. Lakin, ümumiyyətlə iddiaçıya zərərin vurulmasına dair əsaslı xüsusatlar qeyd edilməmişdir. Odur ki, nəinki zərərin həddinin müəyyən edilməsi, hətta zərər vurulması ehtimalı, zərərin faktiki əsasları, yaranma meyarları müəyyən edilməmişdir. Cavabdeh əsassız varlanması barədə məhkəməyə əsaslı sənəd, sübut, material (lar) təqdim edilməmişdir .Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, 1092-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 119.1-ci, maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə üçüncü şəxs ona məxsus Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən təsisçisi və varisi olduğu "xxxx" Kiçik müəssisəsinin adına olan birmərtəbəli 237 kv.metr qeyri yaşayış sahəsini uçuraraq tikinti materialını satmış və pulunu hazırda birlikdə yaşadıqları mənzilin kapital təmirinə sərf etmişlər. Qeydiyyatda olduqları ünvan olan həmin mənzil isə cavabdehin adınadır. Beləliklə o, külli miqdarda zərər görən şəxs kimi humanistlik göstərərək, yalnız ona məxsus obyektin satılmış materialının pulunu cavabdehlərdən geri tələb edir. Aralarında digər məhkəmə prosesləri olmuş, bu proseslərin nəticəsi məqsədə uyğun olmadığına görə hazırda davam edir. Cavabdeh və üçüncü şəxsin əməllərində cinayət tərkibi vardır. Birinci instansiya məhkəməsində ona fikrini izah etməyə macal verilməmiş, prosesin gedişatında bir iki ifadə işlətmiş, həmin ifadələrdən biri qətnamənin müəyyən etdi hissəsində xətləmiş formada vurğulanmış və bu ifadə əsas götürülmüşdür. Məhkəmədə onun qarşı tərəflərə məxsus daşınar və daşınmaz əmlakın olub-olmamasıa dair Daşınmaz Əmlak İdarəsinə sorğu verilməsi və mübahisə obyektinə yerli baxış keçirilməsinə dair vəsatətləri təmin olunmamış, nəzarət qaydasında apelyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfində mülki işə baxılarkən onun 2009-cu ildə Sumqayıt Apelyasiya Məhkəməsinə və Şəhər Prokurorluğuna şikayətinin olması, 2024-cü ildə hüquq mühafizə orqanına rəsmi müraciəti və AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-5-1/2-A-24461/2024 saylı cavabı, Sumqayıt şəhər İnzibati məhkəməsinə şikayəti, 1987-ci il Sumqayıt şəhər İcraiyyə Komitəsinin və 1992-ci il Sumqayıt şəhər İcra Hakimiyyətinin Tello müəssisəsinə sahə və torpaq ayrılmasına dair sərəncamları, təsisçisi olduğu Tello MMC-nin adına verilmiş rəsmi sənədlər, Sumqayıt şəhər Məhkəməsinin 237 kv.metr sahəli obyektin sökülməsinə dair təkrar ekspertiza keçirilməsi haqqında qərardadı, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin ekspert rəyləri nəzərə alınmamışdır. Mübahisə obyektinin cavabdeh tərəfindən istismar normalarının pozmasına dair fotoşəkillər düzgün qiymətləndirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. İştirak etdiyi məhkəmə iclasında tərcüməçi ilə təmin edilmiş Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətiinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və haqlı olaraq iddianı təmin etməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.1992-ci il tarixdə "xxxx" kiçik müəssisəsinə milli xalq musiqi alətləri hazırlanmasını və təmirini təmin edən bina tikmək üçün Sumqayıt şəhəri, 42-ci məhəllədə 1220 kv.metr torpaq sahəsi ayrılmış və Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10, Koroğlu küçəsində qeyri-yaşayış binası tikilərək tam mülkiyyət hüququ ilə xx.xx.1997-ci il tarixdə "xxxx" kiçik müəssisəsinin adına qeydiyyata alınmışdır. İddiaçı ilə üçüncü şəxs qeyd edilən qeyri-yaşayış sahəsində birgə fəaliyyətlə məşğul olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4/2-292 nömrəli, xx.xx.1999-cu il tarixli qətnaməsinə əsasən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış sahəsinin 10 faizinin İddiaçı, 90 faizinin isə üçüncü şəxs X9 verilməsi qət edilmişdir. xx.xx.2007-ci il tarixdə 1220 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsi tam mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1607/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı X4 miras qalmış Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10-da yerləşən "xxxx" kiçik müəssisəsinin qanun üzrə vərəsəsi olması və miras aldığı vaxtdan həmin miras əmlakı qəbul etməsi qət edilmişdir. "xxxx" MMC də "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. İddiaçı isə "xxxx" MMC-nin təsisçisidir.
22. Hazırda iddiaçı onun təsisçisi olduğu müəssisəyə məxsus 237 kv.metr sahədə yerləşən qeyri-yaşayış sahəsinin üçüncü şəxs tərəfindən sökülərək satıldığını, satışdan əldə olunan vəsaitin cavabdehə məxsus mənzilin təmirinə xərcləndiyini bildirir və materialların dəyərinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə onun ümumiyyətlə hazırki iddia tələbi ilə heç bir bağlılığının olmamasına istinad edərək, iddianın rədd edilməsini xahiş edir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır.
27. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
28. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının söküldüyünü iddia etdiyi qeyriyaşayış sahəsi "xxxx" kiçik müəssisəsinə məxsus olmuş, sonradan "xxxx" MMC yaradılmış və bu cəmiyyət "xxxx" kiçik müəssisəsinin hüquqi varisi olmuşdur. İddiaçı hazırki iddianı "xxxx" Kiçik Müəssisəsinin varisi kimi (iddiaçı bu fikirləri məhkəməyə təqdim etdiyi dəqiqləşmə ərizəsində qeyd edir) qaldırmasına istinad edir. Halbuki, cavabdeh və üçüncü şəxs tərəfindən sökülməsi iddia edilən 237 kv.metr olçüdə birmərtəbəli qeyri yaşayış sahəsi "xxxx" Kiçik Müəssisəsinin balansında (mülkiyyətində) olmuşdur. Bu baxımdan həmin əmlakın sökülməsindən əldə edilmiş vəsaitdən əsassız olaraq faydalanmış şəxsdən əldə edilənləri məhz onun mülkiyyətçisi, yəni "xxxx" Kiçik müəssisəsi geri tələb edə bilər. İddiaçının həmin cəmiyyətin təsisçisi və qanuni təmsilçisi olması ona öz adından hazırki iddianı qaldırmaq hüququnu vermir. Bununla belə, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində iddianın bu əsasla rədd edilməsini şərtləndirir.
29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olması halında belə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı iddia tələbində özü də qeyd edir ki, mübahisələndirdiyi qeyri-yaşayış sahəsi üçüncü şəxs tərəfindən sökülmüş və sökülən materialların satışından əldə edilmiş vəsait cavabdehin (üçüncü şəxsin qızıdır) mənzilinin kapital təmirinə sərf edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübutun olmamasından əvvəl qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi tikintinin üçüncü şəxs tərəfindən sökülməsi digər mülki iş üzrə icraat çərçivəsində öz təsdiqini tapmamışdır.
30. Belə ki, iddiaçı üçüncü şəxs X9 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (iddiaçı ilk olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin 2(004)-1643/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxıması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir) müraciət edərək, hazırki iddiada qeyd edilən 237 kv.m. ölçüdə qeyriyaşayış sahəsinin onun tərəfindən sökülməsinə görə ondan 22.000 manat məbləğində kompensasiya tələb etmişdir. İşə baxılan zaman onun ərizəsi ilə o, əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilmiş və həmin icraatda iddiaçı məhz "xxxx" MMC-nin qanuni təmsilçisi qismində çıxış edərək, sökülmüş əmlakın cəmiyyətə məxsus olması mövqeyindən çıxış etmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi iddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərin "xxxx" MMC-nin sökülməsi iddia olunan tikili üzərində qanunla qorunan əşya hüququna malik olmasını müəyyən etmək üçün yetərli olmaması, habelə iddiaçının həmin tikilinin nə zaman və kim tərəfindən sökülməsini sübuta yetirə bilməməsi qənaətinə gələrək, 2-2(113)-3291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianı rədd etmişdir. Həmin qətnamə də qanuni qüvvəsini almışdır. Bu halın mövcudluğu da hazırki iddianın hər hansı formada (tam və ya qismən) təmin edilməsini istisna edir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2113/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.