Məhkəmə qərarları › İş №2(103)-5306/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5306/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5306/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası; iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «kredit müqaviləsinin etibarsız hesab edilməsi, pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1915/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə borcverən borcalana 150.000 ABŞ dolları həmin vaxt manatla kurs üzrə (1 ABŞ dolları=1.57 manat) 235500 manat məbləğində pul borc verməyi, borcalan isə krediti 3 il 9 ay müddətinə - 17 noyabr 2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürüb. Borc məbləği borcalan tərəfindən hər üç aydan bir 10000 ABŞ dolları, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.57 manat)15700 manat qaytarmaq şərtilə götürülür.

2. 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

3. Cavabdeh 21 yanvar 2023-cü ildə yazdığı əlyazma ilə İddiaçı 150.000 ABŞ dolları (235.500 manat) pul götürməsini, bu puldan 38050 manat ödədiyini, 197.450 manat borcu qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini, axırıncı ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olduğunu təsdiq etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 197450 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 488 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, almış olduğu borcu kredit müqaviləsində göstərilən forma və məzmunda icra etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə qaytarmalı olduğu borcun bir hissəsini, yəni 2016-cı il üzrə - noyabr 2016 -1000 manat, dekabr 2016- 500 manat, 2017-ci il üzrə - yanvar 2017- 300 manat ,fevral 2017-500 manat, mart 2017- 650 manat, aprel 2017-700 manat, may 2017-300 manat, iyun 2017-300 manat, avqust 2017-400 manat, sentyabr 2017-500 manat, oktyabr 2017-600 manat, noyabr 2017-600 manat, dekabr 2017-600 manat, 2018ci il üzrə - 17 fevral 2018-300 manat, 25 fevral 2018-400 manat, 16 mart 2018 - 200 manat, 05 aprel 2018-500 manat, 23 may 2018-300 manat, 02 iyul 2018-500 manat, avqust 2018-500 manat, sentyabr 2018-600 manat, oktyabr 2018-300 manat, noyabr 2018-1000 manat, 2019-cu il üzrə - yanvar 2019-400 manat, mart 2019-500 manat, may 2019- 400 manat, iyun 2019-300 manat, iyul 2019- 700 manat, sentyabr 2019-500 manat, oktyabr 2019-600 manat, dekabr 2019-1200 manat, 2020-ci il üzrə yanvar 2020-800 manat, fevral 2020-500+500=1000 manat, 20 mart 2020- 300 manat, 28 aprel 2020-400 manat, 21 may 2020-500 manat, 25 may 2020-500 manat, 15 iyun 2020-500 manat, 13 iyul 2020-500 manat, 22 avqust 2020-500 manat, 05 oktyabr 2020-500 manat, 24 oktyabr 2020-700 manat, 26 noyabr 2020-1200 manat 2021-ci il üzrə - 24 yanvar 2021-700 manat, 26 fevral 2021-700 manat, 16 mart 2021-500 manat,19 may 2021-500 manat, 09 iyul 2021-700 manat, 03 avqust 2021-600 manat, 28 avqust 2021- 700 manat, 25 sentyabr 2021-700 manat, 28 oktyabr 2021-700 manat, 26 noyabr 2021- 700 manat, 2022-ci il üzrə 05 yanvar 2022-700 manat, 29 yanvar 2022-500 manat, 26 fevral 2022-700 manat, 28 mart 2022-700 manat, 15 aprel 2022-400 manat, 27 aprel 2022-300 manat, 06 may 2022- 300 manat, 18 may 2022-200 manat, 01 iyun 2022-300 manat, 12 iyun 2022-200 manat, 06 iyul 2022-500 manat, 16 avqust 2022-700 manat, 17 sentyabr 2022-500 manat, 22 oktyabr 2022-500 manat, 15 noyabr 2022-400 manat, 05 dekabr 2022-300 manat, 28 dekabr 2022-200 manat, 2023-cü il üzrə 19 yanvar 2023-700 manat miqdarda geri qaytarmışdır. xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh ilə borc verən İddiaçı arasında borcun son qalıq miqdarının dəqiqləşdirilməsinə dair iki tərəfli akt tərtib olunmuşdur. Həmin aktla borc alan Cavabdeh bir daha 235500 manat borcu olduğunu bildirmiş və eyni zamanda sonuncu ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olmaqla ödəniş etdiyini, xx.xx.2023- cü il tarixə yekun olaraq 197450 manat borcunun qaldığını etiraf etmişdir. Tərəflər arasında bağlanmış bu akt borc alan Cavabdeh və borc verən İddiaçı qarşılıqlı imzaları ilə bir daha təsdiq olunmuşdur.

6. Ağcayev X6 Fərid Bəbir oğluna qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək sözügedən kredit müqaviləsinin etibarsız əqd hesab edilməsi, iddia müddətini ötürdüyünə görə təmin olunmaması, bununla bağlı qəbul olunmuş müvəqqəti təminat tədbirinin ləğv olunması və İddiaçı Cavabdeh almış olduğu 51650 manat pul vəsaitinin, 245 manat dövlət rüsumu və 100 manat müdafiə xərclərinə görə sərf etdiyi pul vəsaitlərinin Cavabdeh qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddiada göstərilir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı uzun illərdir ki, onunla dostluq edən şəxs olmuşdur. İddiaçı ilə 2013-cu ildən birgə kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Həmin illərdə Cavabdeh Xətai rayonunda kafe (təndir evi ) və Düşpərə sexini işlətmişdir. İlkin fəaliyyətə başladığı dövrdə Fərid ona 50.000 manat və 100 (yüz min) ABŞ dolları dəyərində onda ABŞ dolları 78 qəpiyə olduğundan 78.000 manat pul vəsaitini (ümumilikdə 128.000 manat) işləməklə ona faizlə pulu ödəməyini təklif etdiyinə görə onunla razılaşmışdır. 2016-cı ilə qədər olan müddətdə o, Fəridə əvvəllər hər ayda 6- 7, sonra isə 10-15 min manat pul ödəməklə ümumilikdə ona 330.000 manat pul qaytarmışdır. Ondan sonra kafe fəaliyyətini ziyana işlədiyinə görə dayandırmışdır. Fəridə aldığı pulla bağlı faiz verməyi qurtarmaqla bu söhbətə də son qoyulmuşdur. 2016-cı ilin fevral ayında Fərid ona pis vəziyyətdə olduğunu, dayısının evini Banka girov qoyaraq 150.000 ABŞ dolları götürüb həmin pulla kommersiya işlərini görsə də, fəaliyyəti uğursuz alındığından pulları itirdiyini və ziyana düşdüyünü, dayısının isə həmin pulları istədiyini bildirmişdir. Ona kömək etməyini xahiş etməklə dayısını inandırmaq istəmişdir ki, pulları iş görmək üçün qoymuşdur. Rasim buna görə nə etməli və ona necə kömək edə biləcəyini soruşduqda Fərid onunla birlikdə notariusa gedib kredit müqaviləsini (borca pul almağı barədə) bağlamağını, həmin müqaviləni isə dayısına göstərməklə, onu inandırmaq istədiyini bildirmişdir. Rasim Fəridlə dost olduğuna görə ona kömək etmək qənaətinə gəlmişdir. Ona görə də Fəridlə birlikdə Nərimanov rayonundakı 9 saylı notariat ofisinə gedib belə bir müqavilə imzalamışdır ki, guya Fərid ona 150.000 ABŞ dollarını 235500 manat borc verir. Əslində isə heç bir pul məbləği ortada olmamışdır. Sadəcə həmin müqaviləni dayısına göstərməklə vaxt qazanmasından ötrü bağlamışdır. Hətta müqaviləni rəsmiləşdirən notarius onlara əgər real pul yoxsa bu müqavilənin heç bir əhəmiyyəti olmadığını bildirdikdə belə Fərid notariusa bunu sadəcə öz aralarında bağladıqlarını bildirmişdir. Belə bir pulun Rasimə verilməsi olmuş olsaydı bu bank vasitəsilə olunacaq və notariat sənədlərində də əksini tapacaqdı. Ondan bir müddət sonra 2016-cı ilin noyabr ayında Nərimanov rayonunda 9 saylı notariat ofisinin yaxınlığında Fəridlə görüşərkən Fərid pula möhkəm ehtiyacı olduğundan Rasimdən ona 40-50 min manat pulun verilməsində kömək etməyini xahiş etmişdir. Fəridin əvvəllər ona gördüyü işlərlə bağlı yardımçı olduğunu və dostluq münasibətləri olduğundan ona hər ay müəyyən qədər lazım olan məbləğdə pul verə biləcəyini bildirmişdir. Fərid buna razı olduğunu bildirdiyinə görə 2016-cı ilin noyabr ayından başlayaraq hər ay ona müəyyən məbləğ pul verməyə başlamışdır. Fərid isə ona çətin günlərində kömək əlini uzatdığına görə Rasimə minnətdarlığını bildirmişdir. Bundan sonra Fəridə hissə-hissə 2023-cü ilin yanvar ayı da daxil olmaqla 46650 manat pul vermişdir. Bu ilin yanvar ayında Fəridlə Nərimanov rayonundakıı Montin otelinin restoranında görüşəndə Fərid Rasimin verdiyi pulları cədvəl halında yazmağını, bunu dayısına göstərəcəyini və gələcəkdə ondan almış olduğu pulun məbləğinin bilməsindən ötrü etdiyini bildirdi, Rasim də etiraz etməmişdir. Bundan sonar, fevral ayında da daha 5000 manat Fəridə pul vermişdir. Ümumilikdə, Fəridə bu dövrlər ərzində 51650 manat pul vəsaitini vermişdir. İddiaçı ondan pul tələbinə dair Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonradan Rasim dostu İddiaçı bu sadəlövlüyündən istifadə etdiyini və həmin sənədləri məhkəmə vasitəsi ilə ondan pul tələb etməsinə görə hazırladığını bilmişdir. Ona görə də bununla bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İşdə əsas olan bağlanmış “kredit müqaviləsi”nin bağlanan zaman həmin müqavilənin 2-ci bəndindən görünür ki, İddiaçı onunla bağladığı “kredit müqaviləsi”nin 3 il 9 ay müddətinə bağlandığı və xx.xx.2019-cu il tarixdə “Borc verənə” qaytarmağı öhdəsinə götürməsi göstərilmişdir. Müqavilə şərtlərinə görə həmin müddətin xx.xx.2019-cu ildə tamamlanmasına baxmayaraq, borc verən iddia tələbini həmin müddətdən 3 illik iddia müddəti keçdikdən sonra 30 yanvar 2023-cu il tarixdə iddia tələbi qaldırması iddia müddətinin keçməsini göstərir. Buna görə də həmin iddia icraata qəbul olunmamalıdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1915/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, ilkin iddia tələbinin hüquqi əsasını İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixdə bağlanmış Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş kredit müqaviləsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixdə kredit müqaviləsi Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X4 tərəfindən rəsmiləşdirilsə də, Cavabdeh həmin müqaviləyə əsasən ona İddiaçı tərəfindən 150.000 ABŞ dolları məbləğində borcun verilməsini təkzib etmiş, həmin müqavilənin görüntü üçün bağlandığını iddia etmişdir. Cavabdehin bu dəlili Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X2 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarındakı ifadəsi ilə üst-üstə düşmüşdür. Belə ki, araşdırma zamanı izahatı alınmış 9 saylı notariat ofisinin notariusu X1 Fərid Bəbir oğlunun Cavabdeh ilə bağladığı kredit müqaviləsinin formal olaraq bağlandığını təsdiq etmiş, bu isə həmin kredit müqaviləsi bağlanılan zaman İddiaçı Cavabdeh hər hansı pul vəsaitinin verilməməsini bir daha təsdiqləmiş olmuşdur. Bununla yanaşı 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış tərəflərin izahatlarından və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər arasında işgüzar münasibətlər mövcud olmuş, bununla bağlı aralarında mübahisə yaranmışdır. Belə ki, İddiaçı həmin vaxt verdiyi izahatında bildirmişdir ki, Cavabdeh qardaşı Ruslan Ağcayevin ona 200.000 manat borcu yaranmış, lakin o, həbs edildiyinə görə borcu ödəyə bilməmişdir. Yaranmış borcla əlaqədar Ruslanın qardaşı Rasim ilə görüşəndə o, qardaşının borcunu ödəyə bilmədiyini söyləyib birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif etmişdir. Birgə bizneslə məşğul olmaq üçün Cavabdeh əvvəl Binəqədi rayonu 7-ci mikrorayonda yerlşən ofisində 50.000 manat, sonradan fəaliyyətini genişləndirmək üçün 100.000 ABŞ dolları vermişdir. Qeyd edilməlidir ki, Cavabdeh iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin məhkəmədə iddia qaldırmaq məqsədilə formal tərtib edildiyini bildirmişdir. Məhkəmə bu dəlilin həqiqətə uyğun olduğunu hesab etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş həmin qəbzin mətnindən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 150000 dollar pul götürdüyünü, 197450 manat borcunun qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini bildirdiyi, qəbz hər iki tərəfin imzası ilə təsdiq edildiyi halda, İddiaçı cəmi 10 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid də eyni vaxtda Cavabdeh bu məsələ ilə bağlı ondan məsləhət aldığını təsdiq etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisənin predmeti olan borc müqaviləsi formal bağlanmaqla yalan əqd olduğu üçün əhəmiyyətsiz əqd olduğundan, tərəflər arasında əslində borc münasibətləri və qeyd edilmuş müqavilə üzrə öhdəliklər yaranmadığından ilkin iddia tələbi təmin edilməməlidir. Eyni əsaslara görə məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə də hesab edir ki, tərəflər arasında faktiki olaraq borc münasibətlərindən fərqli olan işgüzar münasibətlərinin mövcudluğu ehtimal edildiyindən 51650 manat pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı borc olaraq verilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2016-cı ildə notarial qaydada bağlanan kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 3 il 9 ay müddətinə 150.000 ABŞ dolları həmin vaxtda manatla kurs üzrə (1 ABŞ dolları=1.57 manat) 235500 manat pul borc vermişdir. Cavabdeh 2023-cü ilin yanvar ayının 19-na qədər kredit müqaviləsi üzrə borcu kiçik məbləğlərlə ödəsə də, qalıq 197.450 manat borcun ödənilməsindən imtina etmişdir. Cavabdeh bir sıra əsassız tələblər irəli sürərək borcun ödənilməsindən boyun qaçırmağa çalışmışdır. Xətai Rayon Məhkəməsi mülki işə münasibət bildirərkən qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarına əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Məhkəmə bunu qeyd edərək əsaslandırmağa çalışmışdır ki, tərəflər arasında bağlanmış müqavilə formal olmuşdur. Lakin məhkəmə uğursuz və absurd əsaslandırmalar edərək iddiaçını konstitusion və mülki hüquqlarını pozan qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə mülki qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmış, əqdin subyektlərinin tərkibi və məzmunu tam qanunauyğun olmuş, tərəflərin iradə ifadəsinin bildirilməsi yolu ilə bağlanmışdır. Məhkəmə bu faktlarla bağlı, yəni müqavilənin formal olması ilə bağlı heç bir mötəbər sübut və əsaslandırma irəli sürə bilməmişdir. Cavabdeh şikayəti üzrə Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında da notariusun sözləri təhrif edilmiş, müstəntiq tərəfindən tərəflər arasında bağlanmış müqavilə “formal” müqavilə adlandırılmışdır. Məhkəmə isə notarius Rəşadət Sadıqovun ifadəsi ilə tanış olmadan, müstəntiqin qeyd etdiyi xüsusatları əsas kimi gətirərək qətnamədə qeyd etmişdir. İlk növbədə, müstəntiq mülki işə qiymət verərək və notariusun ifadəsini öz istəyi kimi dəyişərək müqaviləni formal adlandırmış, məhkəmə də müstəntiqin bu əsassız qərarına əsaslanaraq müqavilənin guya formal olduğu qənaətinə gəlmişdir. Notariusun ifadəsinin təhrif edilərək qərarda qeyd edilməsi ilə bağlı qarşılıqlı iddiaya etiraz ərizəsində və məhkəmə baxışında da toxunulmasına baxmayaraq, məhkəmə hansısa səbəblərdən bunu görməzdən gəlmiş və qətnamədə belə bir absurd fikri əsas götürərək müqaviləni formal hesab etmişdir. Bu, ədalətli məhkəmə araşdırılmasının, işə obyektiv və qərəzsiz baxılması prinisipinin məhkəmə tərəfindən darmadağın edilməsinə gətirib çıxarmışdır. Cavabdeh qanunsuz və əsassız qarşılıqlı iddia tələbi irəli sürərək kredit müqaviləsi üzrə pul tələbinə dair iddianın müddətin ötürülməsi səbəbi ilə təmin edilməməsini xahiş etmişdir. Şikayət verən bu məsələ ilə bağlı bildirir ki, borc müqaviləsinin icra müddəti 2019cu ildə bitsə də, iddia müddəti ötürülmüş hesab edilə bilməz. Belə ki, xx.xx.2023-cü ildə tərəflərin iştirakı ilə tərtib edilmiş aktda və həmin dövrə qədər tərtib edilmiş qiymət cədvəlində Cavabdeh özü də təsdiq etmişdir ki, borc müqaviləsi üzrə ödənişləri davamlı şəkildə 2023-cü ilin yanvar ayına qədər etmişdir. Həmçinin bu fikir Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində də təsdiqlənir. Qarşılıqılı iddia ərizəsində Cavabdeh bildirmişdir ki, “...Bundan sonra Fəridə hissə-hissə 2023-cü ilin yanvar ayı da daxil olmaqla 46650 manat pul vermişəm...”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad edərək bildirir ki, kredit müqaviləsinin icra müddəti 2019-cu ildə bitsə də, Cavabdeh kredit müqaviləsi üzrə borcunu 2023-cü ilin yanvar ayına qədər ödəmişdir. Daha sonra isə, iddiaçıya olan borcunu ödəməmək üçün tərəflər arasında bağlanan kredit müqaviləsinin formal olaraq, guya İddiaçı kömək etmək məqsədi lə bağladığını iddia etmişdir. Cavabdehin iddiasına görə kredit müqaviləsi bağlanılan zaman İddiaçı Cavabdeh hər hansı pul vəsaiti verməmişdir. Buradan belə bir sual yaranır ki, əgər heç bir vəsait verilməmişdirsə, niyə xx.xx.2023-cü il tarixinə qədər İddiaçı borcu qaytarmaq məqsədilə ödənişlər etmişdir? xx.xx.2023-cü il tarixli Cavabdeh aid olan əlyazma ilə bir daha sübut olunur ki, Cavabdeh İddiaçı 150000 dollar (235.500 manat) pul götürmüşdür. Bu puldan 38050 manat ödəmiş, 197.450 manat borcu qalmışdır. Bu pulu hissə-hissə ödəyəcəkdir. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 700 manat olmuşdur. Yuxarıdakı faktlardan görünür ki, cavabdehin iddiası ilə ifadələri arasında uyğunsuzluq mövcuddur, borcu ödəməkdən yayınmaq məqsədilə bir-birini təkzib edən ifadələr vermişdir. Nəticə etibarilə cavabdeh almış olduğu borcu kredit müqaviləsində göstərilən forma və məzmunda icra etməmişdir. Kredit müqaviləsi üzrə borclunun əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, Mülki Məcəlləninin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı isə humanist yanaşma sərgiləyərək mülki qanunvericilikdə nəzərdə tutulmuş zərərə görə əlavə pul və borc faizini Cavabdeh tələb etməmişdir. Cavabdeh minnətdarlıq etməli olduğu yerdə, əsassız və absurd olan iddialarından savayı, müdafiə xərclərinə sərf etdiyi 100 manat pulu da İddiaçı tələb etmişdir. Bütün bu faktlardan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi əhəmiyyət kəsb edən bu faktları təhrif etməklə qətnamə qəbul etmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh tərəfindən qarşılıqlı iddia verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd etmişdir ki, “mülki iş barədə bildiriş poçt ünvanına 11 fevral 2023-cü il də göndərilmişdir və həmin bildiriş ona 2 mart 2023-cü ildə verilmişdir”. Bununla bağlı isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1, 154.1-ci maddələrinə istinad edərək Cavabdeh göstərdiyi hər iki tarixə (11 fevral və 2 mart) görə qarşılıqlı iddianın verilməsi müddətini ötürmüş hesab edir. Çünki o, qarşılıqlı iddianı xx.xx.2023-cü ildə məhkəməyə ünvanlamış, bununla da qarşılıqlı iddia vermə müddətini ötürmüşdür. Məhkəmə isə ümumiyyətlə qarşılıqlı iddia ərizəsini icraatına götürüb-götürməməsi barədə heç bir hərəkət etməmiş, İddiaçı etiraz ərizəsinə də münasibət bildirmədən birbaşa qətnamə qəbul edərək qarşılıqlı iddia ərizəsini də rədd etmişdir. Lakin yuxarıda göstərilən xüsusatlara əsasən, məhkəmə qarşılıqlı iddia ərizəsini icraata götürməməli, götürdüyü təqdirdə isə onu əsaslandırmalı idi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə yazılı etirazda şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən qətnamənin ləğv edilərək ilk iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1.(xx.xx.2023-cü ilədək qüvvədə olan)Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni ilk iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, hər iki iddia rədd edildiyindən şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İlk iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən, yəni ilk iddianın təmin edilmədiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilkin iddiaya aid faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından ilkin iddia haqlı sayılır.

23. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

24. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 17 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmçinin Cavabdeh 21 yanvar 2023-cü ildə İddiaçı 150.000 ABŞ dolları (235.500 manat) pul götürməsini, bu puldan 38050 manat ödədiyini, 197.450 manat borcu qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini, axırıncı ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olduğunu təsdiq edən əlyazma yazmış və bu yazılı sənədi hər iki tərəf imzalamışdır. Bu faktı tərəflərin heç biri inkar etmir.

25. İşin mübahisəli halı isə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıdan hər hansı bir məbləğdə pul almadığını, yalnız iddiaçının xahişinə əsasən formal bağlandığını və həmin əqdin əhəmiyyətsiz olmasını, eləcə də 21 yanvar 2023-cü il tarixli borcun etirafı barədə sənədi də formal yazdığını bəyan etməsidir.

26. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.

27. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc (kredit) müqavilələri yaxud mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə yaxud borcun etirafını təsdiq edən digər yazılı sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi müqavilənin formal bağlandığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansada və cavabdeh sonradan əlyazma ilə yazdığı sənəddə iddiaçıya 197.450 manat borcu qaldığını etiraf etsə də cavabdeh iddiaçıdan pul almadığını və ya borcu qalmadığını, müqavilənin və borcun etirafı barədə yazılı sənədin formal olaraq tərtib olunduğunu bəyan etdiyi üçün birinci instansiya məhkəməsi də bununla razılaşıb kredit müqaviləsini əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir.

29. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən cavabdehin şikayəti üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət təqibi üzrə aparılan araşdırma zamanı kredit müqaviləsini təsdiq etmiş notariusun izahatına əsaslanmışdır. Ancaq şikayətə əlavə edilmiş izahatında notarius tədiq etdiyi müqaviləni formal adlandırmamışdır. Əksinə, notarius izahatında kredit müqaviləsi təsdiq edilərkən pul vəsaitinin notariat kontoruna gətirilmədiyini və bank hesabına köçürülmədiyini, tərəflər qabaqcadan öz aralarında razılaşmaya əsasən pulu alıb verdiklərini, daha sonra həmin vəsaitin rəsmiləşdirilməsi barədə müraciət etdiklərini, 2019-cu ilədək borcun verilməsinin bankın depozit hesabı vasitəsilə həyata keçirilmədiyini və bunun vacib olmadığını, müqavilənin bağlanması zamanı pulun alınması barədə bütün müştərilərə suallar verdiyini, onların da pulun alınması barədə cavab verdiyini, lakin pulun həqiqətən alınıb verilməsi barədə məlumatının olmadığını göstərmişdir. Cinayət işinin başlanmasını rədd edən müstəntiq isə qərarında notariusun izahatını təhrif edərək onun müqavilənin formal olaraq bağlandığını təsdiq etdiyini, bu isə İddiaçı Cavabdeh hər hansı bir pul vəsaitinin verilməməsini bir daha təsdiqləmiş olduğunu, belə olduğu halda həmin müqavilənin etibarsız müqavilə hesab olunmalı olduğunu göstərmişdir. 30.Göründüyü kimi, müqavilənin “formal bağlanması” və “etibarsız müqavilə” hesab olunması barədə ifadələrin notariusun yox, müstəntiqin mülahizələri olması həm cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həm də notariusun izahatında açıqaşkar görünməsinə baxmayaraq məhkəmənin belə bir qənaətə gəlməsi anlaşılan olmamışdır. Çünki, kredit müqaviləsi bağlanan zaman pul vəsaitinin notariat kontorunda yaxud notariusun iştirakı ilə verilməməsi həmin əqdin etibarsız olması demək deyildir. Kredit müqaviləsinin məzmununa diqqət yetirdikdə də aydın olur ki, borcverənin müqavilədə göstərilən məbləği borcverənə verməyi, borcalanın isə müqavilədə nzərdə tutulmuş müddətdə və qaydada borcverənə qaytarmağı öhdələrinə götürmələri barədə razılığa gəlmişlər. Deməli, müqavilənin bu şərtinin məzmununa görə pul vəsaiti müqavilə bağlanmamışdan əvvəl də, sonra da verilə bilərdi. Buna dair qanunvericilikdə həmin vaxt hansısa qadağa nəzərdə tutulmamışdır. Ona görə məhkəmənin kredit müqaviləsini əhəmiyyətsiz, üstəlik yalan əqd kimi qiymətləndirməsi əsaslandırılmalı, o cümlədən pərdələnən əqdin hansı əqd olduğu dəqiq göstərilməli idi. Ancaq məhkəmə bunların heç birini etməmişdir.

31. Tutaq ki, 17 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan müqavilədə göstərilən məbləği almamış və həmin müqavilə məhkəmənin qeyd etdiyi kimi etibarsız əqd olmuşdur. Onda cavabdeh 21 yanvar 2023-cü ildə iddiaçıdan 150.000 ABŞ dolları (235.500 manat) pul götürməsini, bu puldan 38050 manat ödədiyini, 197.450 manat borcu qaldığını, bu pulu hissə-hissə ödəyəcəyini, axırıncı ödənişin xx.xx.2023-cü il tarixdə 700 manat olduğunu nə üçün öz əlyazması ilə yazıb borcunu etiraf edirdi. Əlbətdə ki, bu ritorik sual olsa da, cavabdeh bunlara cavab verməyə hazır olmalı idi. Çünki, həm müqavilənin bağlanması, həm də iddiaçıdan borc almasını və borcu qalmasını yazılı sənəddə, özü də müqavilənin bağlandığı tarixdən 7 il sonra da etiraf etməsi formal ola bilməzdi. Çünki, bu cür vəziyyət həyatda həmişə baş verən hallara uyğun gəlmir. Ən azından cavabdehin gətirdiyi arqumentlər inandırıcı və ağlabatan olmalı idi. Hətta bir anlığa təsəvvür edilsə ki, kredit müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur, cavabdeh 21 yanvar 2023-cü il tarixli əlyazma ilə borcunu etiraf edərkən həmin müqaviləni təsdiq etmişdir. Demək əhəmiyyətiz əqd bağlamış olsa belə onu təsdiq etdiyi üçün onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir(MM.m.351).

32. Bununla yanaşı, borcun etirafı institutu da tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Cavabdehin 21 yanvar 2023-cü il tarixdə əlyazma ilə yazdğı sənədi mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirdikdə də yenədə ilkin iddia əsaslı idi və məhkəmənin də ilk iddianı rədd etməsi əsassız olmuşdur.

33. Bundan əlavə, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, ...iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi;əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

34. Cavabdeh br tərəfdən kredit müqaviləsi üzrə və ümumiyyətlə iddiaçıdan hər hansı bir məbləğdə vəsait almadığını və müqavilənin əhəmiyyətsiz əqd olduğunu bəyan edir, digər tərəfdən isə iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın rədd olunmasını xahiş edib. Bu mövqelərin biri digəri ilə ziddiyyət təşkil edir. Yəni, cavabdeh kredit müqaviləsi əhəmiyyətsiz olduğuna görə iddianın rədd edilməsini bəyan edirsə, demək iddia müddətinin tətbiqi ilə bağlı hüquqi müdafiə vasitəsindən istifadə etməyə də gərək yoxdur. Başqa sözlə, iddia əsassızdısa onsuzda rədd olunacaqdı. Cavabdehin bu davranışı da ilk iddianın əsaslı olduğuna dəlalət edir. Çünki, bu yanaşma onu göstərir ki, cavabdeh özü də əmin deyil yaxud qətiləşdirməmişdir ki, iddiaçıya borcu qalıb yoxsa qalmayıb. Bununla yanaşı, iddiaçı müqavilənin bitdiyi tarixdən 3 il keçdikdən sonra məhkəməyə müraciət etsə də, cavabdeh müqavilənin müddətinin bitdiyi tarixdən 21 yanvar 2023-cü ilədək davamlı olaraq iddiaçıya hissə-hissə ödənişlər etmişdir. Bunu iş materialında olan ödənişlərin tarixini göstərən sənədlər də təsdiq edir. 21 yanvar 2023-cü il tarixdə isə cavabdehi özünün yazdığı və iddiaçının da imzaladığı yazılı sənəddə tələb edilən məbləğdə borcunun qaldığını etiraf etmişdir. Demək ki, iddia müddətinin keçməsi barədə dəlil də təsdiq olunmur.

35. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilk iddia üzrə cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

36. Şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1915/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilmədiyi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməli; Cavabdeh 197450(yüx doxsan yeddi min dörd yüz əlli) manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 488(dörd yüz səksən səkkiz) manat alınaraq İddiaçı ödənilməli; qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1915/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilmədiyi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh 197450(yüx doxsan yeddi min dörd yüz əlli) manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 488(dörd yüz səksən səkkiz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar