Məhkəmə qərarları › İş №2(103)-5309/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5309/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5309/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduğunu, nikahlarından xx.xx.2012-ci il tarixdə Nuray, xx.xx.2014-cü il tarixdə Teymur adını verdikləri uşaqlarının dünyaya gəldiyini, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında nikahlarına xitam verildiyini və övladlarının saxlanılması üçün cavabdehdən onun maaşının 1/3 hissəsində aliment tutulduğunu, hazırda bu məbləğin uşaqların tələbatlarını ödəməyə kifayət etmədiyini bildirmiş, buna görə də cavabdehdən tutulmalı olan alimentin miqdarının dəyişdirilməsini və iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hər ay uşaqların hər biri üçün 193 manat müəyyən edilməklə ümumilikdə 386 manat məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 264/2021 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının sabit pul məbləği şəkilində müəyyən edilərək artırılması və hər uşağa görə 100 manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 100 manat olmaqla cəmi 200 (iki yüz) manat məbləğində pulun qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 44 (qırx dörd) manatın tutulması qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiasının tam təmin olunmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuş, uşaqlar üçün yaşayış minumumunun 193 manat müəyyənləşdirildiyini, uşaqların bütün qayğılarının məhz onun üstündə olduğunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə 300 manat əmək haqqı aldığını və ikinci dəfə ailə həyatı qurduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə faktiki olaraq qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Başqa sözlə, iddianın təmin olunan hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Kollegiya izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına görə, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2012-ci il tarixdə Nuray, xx.xx.2014-cü il tarixdə Teymur adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların analarının yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin ondan tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını (dəyişdirilməsini) tələb etməkdə haqlı olmuşdur; belə ki, Səbail Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment tutulmasını müəyyənləşdirərkən iddiaçının aliment barədə tələbinin olmamasını, həmin dövrün həyat standartlarını, uşaqların yaşını və onların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün artırılaraq 193 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Uşaqların iddiaçının himayəsində olmasını, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz iddiaçı tərəfindən çəkildiyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli deyildir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Cavabdehin rəsmi iş yerinə sahib olmaqla 300 manat əmək haqqı aldığını, bununla belə həkim olduğu üçün daha yüksək qazanc əldə edə biləcəyi ehtimalının mövcudluğunu nəzərə almaqla kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavadehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 150 (yüz əlli) manat məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab edir. Cavabdehin ikinci dəfə nikaha girməsi dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin artırılmış (dəyişdirilmiş) məbləğinin qətnamənin qanuni qüvvəyə minəcəyi gündən hesablanmalı olduğunu müəyyən etməklə maddi hüquq normasını düzgün tətbiq etmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğu təsbit edilsə də, bu norma məhz aliment tutulması ilə bağlı irəli sürülən iddialara şamil oluna bilər. Başqa sözlə, iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmədiyi, hazırkı mülki icraat “alimentin müəyyən olunmuş miqdarının artırılması” iddiası əsasında başladığı üçün, müəyyən edilmiş aliment məbləği qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1016/2022 saylı iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar