Məhkəmə qərarları › İş №2(103)-531/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-531/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-531/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nın Cavabdeh qarşı «kredit borcunun tutulması tələbinə dair» 2(008)- 4963/2021 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 10.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 987,15 ABŞ dolları faiz borcu, 94,98 ABŞ dolları cərimə və kredit müqaviləsi yzrə 10.12.2019-cu il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1086,93 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 48 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. 05.05.2021-ci il tarixədək Cavabdeh banka 10.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 0 əsas borc, 987,15 ABŞ dolları faiz borcu, 94,98 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi yzrə 10.12.2019-cu il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1086,93 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.08.2016-cı il tarixli, 2(008)-7718/2016 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin banka heç bir borcu yoxdur. Məhkəmənin qətnamədə qeyd etdiyi 10.12.2015-ci il tarixli kredit müqaviləsinə görə olan borcunu cavabdeh tamamilə ödəmişdir. Bankdan cavabdehə cəmi 1119,83 manat qalıq borcunun qaldığını bildirilmiş, ona həmin borcu iki aya ödəyəcəyi təqdirdə aralarındakı borcun silinəcəyi təklif edilmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan razılığa əməl edərək həmin qalıq borcu qısa müddətdə ödəmişdir. Cavabdehə bildirilmişdir ki, banka borcunun olmaması ilə bağlı arayışı hazırlayıb ünvanına göndərəcəklər. Bank iddiaçıya heç bir xəbərdarlıq etmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə işi tam araşdırmadan və cavabdehin iştirakı olmadan qətnamə qəbul etmişdir. Cavabdeh iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. İş materiallarından görünür ki, Cavabdeh 10.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 48 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borcu 0, faiz borcu 987,15 ABŞ dolları, cərimə borcu 94,98 ABŞ dolları, 10.12.2019-cu il tarixdən, 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda, ümumilikdə borcu 1086,93 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehdən kredit borcunun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan cərimə borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya baxışı zamanı iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11.02.2022-ci il tarixli rəyə əsasən, Cavabdeh banka olan əsas borcu üzrə 0 ABŞ dolları, faiz borcu üzrə 987,15 ABŞ dolları; cərimə borcu üzrə 94,98 ABŞ dolları, gecikdirilmiş vaxt üzrə 4,80 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ekspert rəyini əsaslıdır və rəyi şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini faiz borcunun və əldə çıxmış faydanın tutulması hissəsində təmin etməkdə dzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası kreditorun əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini, işin hallarını nəzərə alınaraq, hesab edir ki, qətnamə ilə tutulan cərimənin məbləği tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalı cərimə borcu 10 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin məhkəmə iclası barədə məlumatlandırılmamasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin iş materiallarında olan ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Həmin Məcəllənin 139.2.4-cü maddəsinə əsasən məhkəmə bildirişində xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 10.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 987,15 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 10.12.2019-cu il tarixdən, 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1001,95 ABŞ dolları borcu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(008)- 4963/2021 saylı qətnaməsi – iddia tələbinin təmin edilmiş cərimə borcunun tutulan məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 10 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcuna görə 10 (on) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı ASC-dən, 50 (əlli) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar