Məhkəmə qərarları › İş №2(103)-531/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-531/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-531/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin ləğvedicisi «X1 Company» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3118502Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi «X1 Company» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)-6136/2015 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 24 iyun 2011-ci il tarixli, KM/FŞ 276 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 19 faiz ödənilməsi şərti ilə, 6 ay müddətinə 61000 ABŞ dolları məbləğində kredit vermişdir.

2. 26 dekabr 2011-ci il tarixli KM/FŞ 276 nömrəli müqaviləyə 1 saylı əlavə sazişdən görünür ki, cavabdeh ilə bağlanmış kredit müqaviləsinə dəyişiklik edilmiş və müqavilənin müddəti 26 iyun 2012-ci il tarixə qədər uzadılmışdır.

3. 27 iyun 2012-ci il tarixli KM/FŞ 276 nömrəli müqaviləyə 2 saylı əlavə sazişdən görünür ki, cavabdeh ilə bağlanmış kredit müqaviləsinə dəyişiklik edilmiş və müqavilənin müddəti 27 iyun 2013-cü il tarixə uzadılmışdır.

4. 07 dekabr 2015-ci il tarixli arayışdan görünür ki, iddiaçı cavabdehə qarşı "kreditin, kredit borcuna görə hesablanmış faizlərin və cərimələrin ödənilməsi tələbinə dair mülki işlə əlaqədar bildirir ki, cavabdehin iddiaçıya 07 oktyabr 2015-ci il tarixinə əsas borc üzrə 61000 ABŞ dolları, normal faiz borcu üzrə 49643.58 ABŞ dolları, cərimə məbləği üzrə 26367 ABŞ dolları, ümumilikdə 137010,58 ABŞ dolları kredit borcu vardır. Kredit müqaviləsinin müddəti 24 ay müəyyən olunmuşdur və bu müddət ərzində (24 iyun 2013cü il tarixinə) cavabdeh tərəfindən heç bir ödəniş aparımamışdır. 24 iyun 2013-cü il tarixinə cavabdeh əsas borc üzrə - 61.000 ABŞ dolları normal faiz üzrə 23280 ABŞ dolları borcu qalmışdır.

5. 02 sentyabr 2015-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehi banka ona olan borcun ödənilməsi üçün xəbərdar etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. "xxxx" ASC-nin ləğvedicisi «X1 Company» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn ilə bağlanmış 24 iyun 2011-ci il tarixli, 276 saylı kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsinə əsasən əsas borc üzrə 61000 ABŞ dolları, normal faiz borcu üzrə 49643,58 ABŞ dolları, cərimə məbləği üzrə 26367 ABŞ dolları, cəmi 137010,58 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, AR 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 29 iyul 2015-ci il tarixli, 2-1(81)-3854/2015 saylı qərarı ilə "xxxx" ASC-nin ləğv edilməsi, "xxxx" ASC-nin ləğvedicisi qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında 24 iyun 2011-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən ona illik 19 faiz ödənilməsi şərti ilə 6 ay müddətinə istehlak məqsədi üçün 61000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ilə gəlinmiş razılığa əsasən 24 iyun 2011-ci il tarixli KM/FŞ 276 saylı müqaviləyə 1 saylı əlavə sazişə əsasən həmin kreditin ödəmə müddti 12 ay müddətinə 24 iyun 2011-ci il tarixli KM/FŞ 276 saylı müqaviləyə 2 saylı əlavə sazişə əsasən isə həmi kreditin ödəmə müddəti 24 ay müddətinə uzadılmışdır. Bütün bunlara baxmayaraq borclu şəxs, hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirməmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)- 6136/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 61000 ABŞ dolları əsas borc, 23280 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu, cəmi 89280 ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Qətnamə onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirirlmir. Belə ki, cavabdeh müddəti başa çatmamış kredit müqaviləsi ilə götürüdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyəək, bununla da müavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər biri təqsirli pountusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına və kredit müqaviləsinə əsasən xüsusi bilik tələb etmədən cavabdehin həmin kredit müqaviləsinin müddətinin bitməsi tarixinə 23280 ABŞ dolları məbləğində faiz borcunun olması qənaitinə gəlir. Belə ki, iddiaçı tərəfindən təqdi edilmiş maliyyə arayışından da, bu hal müəyyən edilir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kredtə görə hesablanan faizləri nəzərə alır və belə qənətə gəlir ki, cərimə təyin ediilərkən tənasüblük qorunmamış, həm əmlak mənafeləri, həm də bütünəsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 5000 ABŞ dolları məbləğində pul tutulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, cavabdeh məhkəmə işlaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmamış, onun məhkəmə baxışında iştirakı təmin edilməmişdir. İddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəməyə ərizə vermək hüququndan istifadə edə bilməmişdir. Həmçinin keçən müddət ərzində cavabdeh müxtəlif kredit təşkilatlarından böyük məbləğlərdə kreditlər götürmüş, həmin kreditlər faziləri ilə birlikdə vaxtlı-vaxtında kredit təşkilatlarına qaytarılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanıldığıı göstərilən kredit müqaviləsinə 1 və 2 saylı əlavələr cavabdeh tərəfindən imzalanmamışdır. Həmin müqavilələrdən cavabdehin ümumiyyətlə məlumatı yoxdur. Bundan əlavə işə baxan məhkəmə tərəfindən cavabdehdən tutulması tələb olunan əsas, faiz, cərimə borcunun düzgün hesablanmamasını müəyyən etmək məqsədilə is üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3118502Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

16. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 4/380 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, mülki işin 10-cu vərəqində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2011-ci il tarixli KM/FŞ №276 saylı kredit müqaviləsinə aid 26 dekabr 2011-ci il tarixli, 1 nömrəli əlavə sazişin sonunda “Borcalan” qrafasından aşağı hissədə yerləşən imza və 11-ci vərəqədə olan 27 iyun 2012-ci il tarixli, 2 nömrəli əlavə sazişin sonunda “Borcalan” qrafasından aşağı hissədə yerləşən imza Cavabdeh tərəfindən icra olunmuşdur.

18. Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 4/380 nömrəli ekspert rəyinə əsasən mülki işin 2-ci cildinin 152-ci vərəqində olan 24 iyun 2011-ci il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.

19. Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 9/1967 nömrəli ekspert rəyinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2011-ci il tarixli KM/FŞ №276 saylı kredit müqaviləsinin şərtləri üzrə 27 iyun 2013-cü il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu ümumilikdə 72590 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən 27 iyun 2013-cü il tarixə (müqavilə müddətinin bitmə tarixinə): əsas borc üzrə 61000 ABŞ dolları; faiz borcu üzrə 11590 ABŞ dolları. Qeyd edilir ki, iş materiallarında 24 iyun 2011-ci il tarixli KM/FŞ №276 saylı kredit müqaviləsinin üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmışdır.

20. İddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ekspert rəyinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, ekspert faiz borcunun məbləği hissəsində səhv qənaətə gəlmişdir. Belə ki, 61000 ABŞ dollarının 19% dərəcəsi ilə bir illik faizi 11590 ABŞ dolları təşkil edir. Lakin nəzərə alsaq ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 27 iyun 2013-cü il tarixədək uzadılmışdır, yəni iki il müəyyən olunmuşdur onda faiz borcu, 11590 ABŞ dolları deyil, iki dəfə çox, yəni 23180 ABŞ dolları olmalıdır. Ekspert qarşısında yaranmış cərimə borcunun məbləği barədə də sual qoyulmasına baxmayaraq, o bu hissədə də rəy verməmiş və qeyd etmişdir ki, “kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır”. Ekspertin bu fikri ilə də razı deyilik, belə ki, tərəflər arasında bağlanmış 24 iyun 2011-ci il tarixli 276 nömrəli kredit müqaviləsinin 2.5; 4.4.10 və 5.2-ci bəndlərində cərimə və dəbbə pulunun hesablanmasının şərtləri açıq-aydın göstərilmişdir. Müqavilənin 5.2-ci bəndində göstərilmişdir: “Borcalan” bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas boc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün “Kreditor”a vaxtında qaytarılmayan məbləğin illik 38 %-i miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. “Borcalan” kredit öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində “Kreditor”a vurulan zərərə görə tam məsuliyyət daşıyır”.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir.

25. Apellyasiya şikayətində ilkin olaraq mübahisələndirilən xüsusat müqaviləyə əlavələrin cavabdeh tərəfindən imzalanmaması olduğundan bu halın aydınlaşdırılması üçün məhkəmə tərəfindən məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmiş və rəyə əsasən müəyyən olunmuşdur ki, sazişlər cavabdeh tərəfindən imzalanmışdır.

26. Bundan sonra cavabdehin nümayəndəsi tərəfindən 24 iyun 2011-ci il tarixli xəzinə məxaric orderindəki imzanın cavabdehə məxsus olması mübahisələndirildiyindən məhkəmə tərəfindən yenidən ekspertiza keçirilmiş, rəyə əsasən müəyyən olunmuşdur ki, xəzinə məxaric orderindəki imza Cavabdeh tərəfindən icra olunmuşdur.

27. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, işə baxan məhkəmə tərəfindən cavabdehdən tutulması tələb olunan əsas, faiz, cərimə borcunun düzgün hesablanmamasını müəyyən etmək məqsədilə is üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir.

28. Apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmiş və 22 aprel 2025-ci il tarixli, 9/1967 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 24 iyun 2011-ci il tarixli kredit müqaviləsinin şərtləri üzrə 27 iyun 2013-cü il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borc əsas borc üzrə 61000 ABŞ dolları, faiz borcu üzrə 11590 ABŞ dolları olmaqla ümumilikdə 72590 ABŞ dolları təşkil edir.

29. İddiaçının nümayəndəsinin həmin rəyə dair etirazının əsaslarından birini o təşkil edir ki, kredit müqaviləsinin müddəti 27 iyun 2013-cü il tarixədək uzadılmış, yəni 2 il müəyyən olunmuşdur. Bu zaman faiz borcu 11590 ABŞ dolları deyil, iki dəfə çox, yəni 23180 ABŞ dolları olmalıdır.

30. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Ekspert rəyinin tədqiq edən məhkəmə kollegiyası qeyd edir ki, faiz borcu aşağıdakı qaydada hesablanmışdır: - müddət 27 iyun 2012-ci il tarixdən 27 iyun 2023-cü il tarixədək göstərilmişdir və gün sayı 360 gün olmaqla hesablanma aparılmışdır; - hər günə düşən faiz məbləği 32,19 ABŞ dolları olmaqla illik faiz məbləği 11590 ABŞ dolları müəyyən olunmuşdur.

32. Halbuki, ekspert qarşısında qoyulan sualın məzmunu ondan ibarət olmuşdur ki, 24 iyun 2011-ci il tarixli, KM/FŞ 276 nömrəli kredit müqaviləsinin və həmin müqaviləyə əlavə sazişlərin şərtlərinə əsasən hal – hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə 27 iyun 2013-cü il tarixə olan yaranmış borcu (əsas, faiz və cərimə borcları ayrı – ayrılıqda göstərilməklə) nə qədər təşkil edir?

33. Sualın məzmunundan da görünür ki, ekspertin qarşısında 24 iyun 2011-ci il tarixdən 27 iyun 2013-cü il tarixə kimi yaranmış borcun hesablanması ilə bağlı sual qoyulsa da, ekspert tərəfindən yalnız 27 iyun 2012-ci il tarixdən 27 iyun 2013-cü il tarixədək olan faiz borcu ilə bağlı hesablama aparılmışdır.

34. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə hər hansı ödəniş aparılmadığından və ekspert tərəfindən 1 ilə görə hesablanmalı olan faiz borcunun məbləği dəqiq müəyyən edildiyindən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, 2 ilə görə - 24 iyun 2011-ci il tarixdən 27 iyun 2013-cü il tarixə kimi yaranmış faiz borcunun hesablanması hazırkı vəziyyətdə xüsusi bilik tələb etmir, adi riyazi hesablama ilə faiz borcunu müəyyən etmək mümkündür və buna görə də yenidən ekspertiza keçririlməsinə zərurət yoxdur. Əgər 1 ilə görə hesablanmış faiz borcu ekspert tərəfindən 11590 ABŞ dolları müəyyən olunursa, 2 ilə görə hesablanmış faiz borcunun məbləği 23180 manat təşkil edir.

35. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcu ilə bağlı hissədə dəyişdirilərək məbləğ 23180 ABŞ dolları müəyyən olunmalıdır.

36. Məhkəmə kollegiyası cərimə borcunun məbləğinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni, cərimənin məbləğinin 5000 ABŞ dolları müəyyən olunması ilə razılaşır və bu hissədə qətnamənin dəyişdirilməsinə zərurət görmür.

37. Apellyasiya şikayətinin bir dəlilini də iddia müddətinin ötürülməsi təşkil edir.

38. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 27 iyun 2013-cü il tarixdə başa çatmış, yəni, iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. İddiaçı tərəfindən məhkəməyə 09 oktyabr 2015-ci il tarixdə müraciət olunduğu nəzərə alınarsa, müqavilə tələbləri üzrə mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)- 6136/2015 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)- 6136/2015 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh 61000 ABŞ dolları əsas borc, 23180 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 89180 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-xəttşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 127 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsinə sərf olunmuş 100 manat məbləğində pul vəsaitinin 57 manat məbləğində hissəsi Cavabdeh, 43 manat məbləğində hissəsi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar