Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5311/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Mikavıl oğlu və Bakı Sığorta ASC-dən “BMW 528 minik" markalı 10-1L-098 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3555 (üç min beş yüz əlli beş) manat məbləğində maddi zərərin, taksiyə ödənilmiş 600 (altı yüz) manat və iddia ərizəsi verildikdə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun, ümumilikdə 4225 (dörd min iki yüz iyirmi beş) manat iddiaçı X5 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia tələbi qismən təmin edilmiş, "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan kimi cavabdeh "xxxx" ASC-dən 826,50 manat və Cavabdeh1 2428,50 manat və cavabdehlər "xxxx" ASC-dən 18 manat dövlət rüsumu və Cavabdeh1 52 manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, hazırkı iddianı qaldırmaq hüququ olmayan şəxs tərəfindən iddia qaldırılmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu, M.Qaşqay küçəsi ilə M.Sənani küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ASC-də sığortalanmış “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə almışdır. Qeyd edilən halı əvvəl məhkəməyə göndərdikləri etiraza əlavə etdikləri BA160003 saylı nəqliyyat vasitəsinin uçot kartoçkası təsdiq edir. Sığorta hadisəsi isə xx.xx.2021-ci il tarixdə baş vermişdir və hadisə baş verən vaxt zərər dəymiş “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində və ya sahibliyində olmamışdır. Həmçinin, həmin avtomobil üzərində sərəncam hüququnun iddiaçıya aid olduğunu təsdiq edən və hadisə baş verən zaman qüvvədə olmuş hər-hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, Q.Alıyevin hadisə baş verdiyi anda əmlakın sahibi olmasını təsdiq edən heç bir hadisəni qeydə alan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPİ tərəfindən iş materiallarına əlavə edilməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məsələyə birinci instansiya məhkəməsinin mövqeyindən yanaşıldığı halda avtomobilin sığorta hadisəsi baş verən andakı mülkiyyətçisi X10 tərəfindən sonradan "xxxx" ASC-yə qarşı iddia qaldırıldığı halda qanuni əsaslarla ona ödənilməli olan sığorta ödənişinin ödənilib-ödənilməməsi məsələsini, belə bir tələb olduğu halda hansı qanuni əsasla "xxxx" ASC-nin həmin ödənişin edilməsindən imtina etməli olduğu sualını yaradır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclsında "xxxx" ASC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, bildirdi ki, zərəri ödəməyə hazırdırlar, lakin hesab edirlər ki, siğorta hadisəsi baş verən vaxt avtomobil kimin mülkiyyətində olubsa ona ödəyə bilərlər.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, sığorta hadisəsi olan vaxt avtomobil onun mülkiyyətində olmasa da, faktiki olaraq ona məxsus olmuş, sonradan həmin avtomobil mülkiyyətçi tərəfindən xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır, eyni zamanda sığorta hadisəsi baş verən avtomobilə qanuni əsaslarla sahiblik edən Q.Alıyev tutulacaq pulun iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini yazılı şəkildə bildirmişdir, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Sübutların tədqiqi: X9 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış ərizəyə əsasən, yol nəqliyyat hadisəsi baş verən zaman “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, lakin faktiki olaraq İddiaçı istifadəsində olduğunu bildirmişdir. Qətnamə ilə tutulacaq pulun iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3255 manat müəyyən edilir. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə **-NE-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ VİANO minik" markalı avtomobilin sürücüsü Cavabdeh1 hərəkət edərkən yolhərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. ADN seriyalı 241676 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, **-NE-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ VİANO minik" markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. "xxxx" ASC tərəfindən X6 ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2021 ci il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş zərərin müəyyən edilməsi ilə bağlı “BMW 525” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə müstəqil ekspertin təyini üçün BS-C21/3869 nömrəli xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. Hər iki tərəfin razılığı ilə seçilmiş müstəqil ekspert Əhməd Talıblı zərər dəymiş avtonəqliyyata texniki baxış keçirmiş və dəymiş zərər 1880,00 (bir min səkkiz yüz səksən) manat məbləğində müəyyən etmişdir. Digər zərərçəkmiş hesab olunan X3ma məxsus BMW-530 markalı, ** XX *** döviət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 9490,00 (doqquz min dörd yüz doxsan) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” qanunun 58.3 maddəsinə əsasən hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 5000 manat məbləğində sığorta ödənişinin 16,53 %-i, yəni 826,50 (səkkiz yüz iyirmi ahı manat 50 qəpik) manat məbləğində sığorta ödənişini tərəfinizdən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda X7, 83,47 %-i, yəni 4173,50 (dörd min bir yüz yetmiş üç manat 50 qəpik) manat məbləğində sığorta ödənişini isə X1 hesabına köçürməyə hazır olduqlarını BS-C-21/4089 nömrəli xx.xx.2021-ci il tarixli məktublarında bildiriblər. "xxxx" MMC tərəfindən tərtib edilən № 0002 nömrəli xx.xx.2022-ci il müstəqil ekspert rəyində qeyd olunmuşdur ki, “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün yerində baxış keçirilmiş və BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən ziyanın məbləği 5437 AZN manat müəyyən edilmişdir. AR DİN BDYPİ-nin sorğuya cavab məktubundan görünür ki, “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021- xx.xx.2022 tarixlərdə etibarnamə ilə X4 etibarnamə ilə istifadəsinə verilmişdir. Daha sonra xx.xx.2021xx.xx.2022 tarixlərdə İddiaçı etibarnamə ilə istifadəsinə verilmişdir. Həmin avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “satıcı” X11 “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili “alıcı” İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili “alıcı” X2 mülkiyyətinə vermişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
15. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
16. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun:
21. 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
22. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.
23. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
24. 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
25. 58.3-cü maddəsinə əsasən, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə əsasən iddia tələbinin ona aid hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, sığorta hadisəsi baş verən vaxt “BMW 528 minik” markalı 10- TL-098 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11, avtomobili idarə edən şəxs X9 olduğundan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Məsələyə birinci instansiya məhkəməsinin mövqeyindən yanaşıldığı halda avtomobilin sığorta hadisəsi baş verən andakı mülkiyyətçisi X10 tərəfindən sonradan "xxxx" ASC-yə qarşı iddia qaldırıldığı halda qanuni əsaslarla ona ödənilməli olan sığorta ödənişinin ödənilib-ödənilməməsi məsələsini, belə bir tələb olduğu halda hansı qanuni əsasla "xxxx" ASC-nin həmin ödənişin edilməsindən imtina etməli olduğu sualını yaradır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının belə bir iddia irəli sürməyə subyektiv hüququ olmuşdur. Belə ki, yolnəqliyyat hadisəsi baş verən anda avtomobil qanuni əsaslarla iddiaçıya məxsus olmasa da, həmin vaxt avtomobilə qanuni əsaslarla sahiblik edən Q.Alıyev ərizəsində avtomobilin faktiki olaraq iddiaçıya məxsus olduğunu, bu səbəbdən də sığorta ödənişinin onun xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir.
41. Bundan əlavə mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “satıcı” X11 “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili “alıcı” İddiaçı satmışdır. Göründüyü kimi hadisədən sonra avtomobilə mülkiyyət hüququ iddiaçıya keçmiş, avtomobilin əvvəlki mülkiyyətçisi isə sığorta ödənişinin alınması üçün cavabdeh şirkətə bir dəfə də olsun müraciət etməmiş, əksinə müraciətlər Q.Alıyev tərəfindən olmuş, sonuncu isə öz ərizəsində avtomobilin hadisə vaxtı iddiaçıya məxsus olduğunu bildirmiş, məhkəmədə onun iddia qaldırmasına etiraz etməmişdir.
42. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Beləliklə, sığorta hadisəsi baş verən həmin vaxt avtomobilə qanuni əsaslarla sahiblik edən Q.Alıyev ərizəsində avtomobilin faktiki olaraq iddiaçıya məxsus olduğunu, bu səbəbdən də sığorta ödənişinin onun xeyrinə tutulmasına etiraz etmədiyini bildirdiyindən və xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən N.Abbasov tərəfindən “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırkı İddiaçı satıldığından, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
44. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdeh "xxxx" ASC-nin özünə aid edilməlidir.
46. Mübahisəndirilən hissədə iddianın qiyməti 826,50 manat təşkil etdiyindən, MPMin 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov