Məhkəmə qərarları › İş №2(103)-5314/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5314/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5314/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı «xxxx» QSC BOKT-un Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)-4581/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» QSC BOKT Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə 14.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2182,04 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxx» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(004)- 4581/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia rədd edilmiş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması və şikayətə qanunla müəyyə edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilməməsi əsası ilə). Sonradan iddiaçı müvafiq nöqsanları aradan qaldıraraq, yenidən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətə həmçinin buraxılmış prossual müddətin bərpa edilməsi barədə ərizə də əlavə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)- 4581/2020 saylı qərardadı ilə (hakim Vahid Hacıyev) buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, karantin elan edilməsi ilə əlaqədar müddətin ötürülməsi və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-nin 395.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İşdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(004)-4581/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilkin olaraq 06 yanvar 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərardadı ilə şikayət prosessual müddətin ötürülməsi ilə deyil, digər əsaslarla qeyrimümkün hesab edilmişdir. Mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan dərhal sonra iddiaçı müvafiq nöqsanları aradan qaldıraraq, prosessual müddətin bərpa edilməsi barədə ərizə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)-4581/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Halbuki, MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası göstərilən halları üzrlü sayaraq, hesab edir ki, buraxılmış prosessual müddət bərpa olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa olunmalı, mülki iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» QSC BOKT-un Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)-4581/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(004)- 4581/2020 saylı qərardadı ləğv edilsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(004)-4581/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət iddiaçıya aid hissədə üzrlü sayılaraq bərpa olunsun və mülki iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar