Məhkəmə qərarları › İş №2(103)-5316/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5316/2021

06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5316/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, X22 oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 iştirakı ilə, İddiaçı cavabdehlər X10 və Cavabdeh2 Əbdulovnaya qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı X8 cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-63/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X10 və Cavabdeh2 Əbdulovnaya qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla cavabdeh X18 arasında bağlanmış torpaq sahəsinin alınmasına dair 10 mart 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh X7 və Cavabdeh2 Əbdulovnadan ona vurmuş olduqları zərər qismində 8500 manat məbləğində pul vəsaitinin alınnaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, X8 usta olması səbəbindən onunla müqavilə bağlayaraq, ona məxsus evlərin tikilməsini və mənzil təmirini X2 etmişdir. Aralarında olan razılaşmaya əsasən Şahin ona məxsus mənzili təmir etməli, döşəməsini vurmalı və Hövsan qəsəbəsində onun üçün bir yaşayiş evi tikməli idi. O, Şahinlə bu barədə razılaşdıqdan sonra öz aralarında bu razılaşmanı təsdiq edən bir yazılı müqavilə də bağlamışlar. Həmin müqaviləyə əsasən Şahin ona məxsus evi tam keyfiyyətli, standartlara uyğun şəkildə təmir etməli və öz təmir etdiyi evə görə bir il zəmanət verməli idi. O, Şahinlə bu barədə razılaşdıqdan sonra Şahin Hövsan qəsəbəsində ona məxsus torpaq sahəsində ona məxsus tikinti materialları ilə yaşayış evi tikməyə başlamışdır. Qeyd edilən yaşayış evi kərpicdən tikilməli idi. O, Şahinin işini yoxlamamış, yaşayış evi tikilib pəncərələrin tağları qoyulan zaman o, tikintinin gedişatı ilə maraqlanmağa gəlmişdir. Tikinti ilə tanış olduqda, tikinti işlərinin çox səthi aparılması, divarların əyri hörülməsini, pəncərələrin tağlarına armatur istifadə edilməməsini, tağların çatlamasının şahidi olmuşdur. Bir sözlə həmin tikinti işləri tam keyfiyyətsiz aparılmaqla yanaşı tikintidə gələcəkdə yaşamasını belə təhlükəli etmişdir. Divarlar elə əyri tikilmişdir ki, əyrilik gözlə görünmüşdür. Şahin həmin dövrdə ona məxsus "xxxx" MTK-da yerləşən mənzili də təmir edirdi. O, mənzilə və Hövsan qəsəbəsində yerləşən tikiliyə eyni vaxtda baxış keçirmiş, Şahinin necə keyfiyyətsiz işləməsini görmüşdür. Bundan sonra o, cavabdehin işini dayandırmış, onu tikinti işlərini davam etdirməyə icazə verməmişdir. Həmin vaxta qədər isə, yəni 01 apreldən 09 aprelə qədər Şahinə 2120 manat ödəniş etmiş, 1655 manat isə borclu qalmışdır. Bundan əvvəl isə Şahin onun torpaq alğı-satqısı ilə məşğul olmasını görüb, ondan özü üçün 3 sot torpaq sahəsi almasını xahiş etmişdir. O, Şahinə hissə-hissə ödəməklə torpaq sahəsi ala biləcəyini bildirmiş, Şahin də buna razı olmuşdur. Bununla əlaqədar da onların arasında 10 mart 2018-ci il tarixdə müqavilə imzalanmış, həmin müqaviləni şərtlərinə əsasən o, Şahin üçün Abşeron rayonu, X15 ərazisində 5100 manat dəyərində 3 sot torpaq sahəsi almalı və Şahin də həmin torpaq sahəsinin dəyərini ona 7 ay ərzində ödəməli idi. Həmin dövrdə onun Şahinə 1655 manat borcu qaldığına görə, o, torpaq üçün Şahindən razılaşdıqları pulu almamış, ona borclu olduğu məbləği almalı olduğu pulla əvəzləşdirərək, torpağa dair 700 manat və 955 manat Şahindən alması barədə müqaviləyə qeyd etmişdir. Göründüyü kimi, Şahinlə yaşayış evinin tikilməsinə və mənzilin təmirinə görə bağladıqları müqavilənin icrası ilə əlaqədar onun tərəfindən 2120 manat ödəniş edilsə də, onun apardığı işlər keyfiyyətsiz və yararsız olduğuna görə o, həmin işləri yenidən gördürməyə məcbur olmuş, bununla da cavabdehin əməlləri ilə ona 15000 manat məbləğində zərər dəymişdir. Belə ki, Hövsan qəsəbəsində cavabdeh tərəfindən inşa edilmiş tikilini qismən sökmüş, həmin tikilini yenidən tikməyə məcbur olmuşdur. Həmin tikilinin yenidən tikilməsi ilə əlaqədar ona 6300 manat məbləğində, "xxxx" MTKda yerləşən mənzilin təmiri ilə əlaqədar isə mənzilin döşəməsinin yenidən sökülərək, yeni döşəmənin vurulması, su sisteminin yenidən çəkilməsi nəticəsində ona 2200 manat zərər dəymişdir. Bütün bunlar isə onun tərəfindən vaxtında aktlaşdırılmış və o dəymiş zərəri bütünlüklə hesablamışdır. O, sonradan bilmişdir ki, X18 usta deyil, cavabdeh Musayeva X9 usta kimi təqdim etmiş, məhz, Cavabdeh2 Əbdulovnanın ona yalan deməsi ucbatından ona zərər dəymiş, bu üzdən o, cavabdeh qismində Cavabdeh2 Əbdulovnanı da cəlb etmiş və ona dəymiş zərəri Şahinlə birlikdə ondan da tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, X18 cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddia verərək, İddiaçı 2935 manat mələğində pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat xidmət haqqının və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi, 3065 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində yerləşən “Günəşli İnşaat” tikinti şirkətinin nümayəndəsi İddiaçı yanında usta olaraq işləmişdir. Həmin şirkətdə işləri icra edən, hamının İbrahim deyə tanıdığı və əsl adı İddiaçı olan şəxsin orada işlədiyi vaxt ev tikmək üçün boş torpaq sahəsi almaq istəyini görüb ona torpaq sahəsi tapa biləcəyini söyləmişdir. Firutan Abşeron rayonu Quşçuluq qəsəbəsində 3 sot boş torpaq sahəsinin olduğunu bildirmiş və həmin 3 sot torpaq sahəsini ümumilikdə 5100 manata ona satmağı təklif etmişdir. Firutan ona həmin məbləği hissə-hissə ödəyə biləcəyini söylədikdə o, bunun sərfəli oluğunu görüb onunla razılaşmışdır. Razılığa gəldikdən sonra isə 10 mart 2018-ci il tarixdə onunla müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ona iki dəfəyə 700 manat və 955 manat olmaqla, ümumilikdə 1655 manat pul ödəmişdir. Hər dəfə pulu Firutana verdikdə Firutan bunu öz imzası ilə təsdiq etmişdir. Bundan başqa işlədiyi əməyin haqqı olaraq Firutanın ona verməli olduğu 1280 manat pul ona ödənilməyərək torpaq sahəsinə ödəniləcək pulun dəyəri ilə əvəzləşdirilmiş və torpağın ümumi dəyəri olan 5100 manatın 2935 manatının ödənildiyini bildirmişdir. O, Firutandan həmin əmək haqqından tutmanın da müqaviləyə salınmasını və öz imzası ilə təsdiq etməsini söyləsə də Firutan müxtəlif bəhanələrlə yayınmış, bunu etməmişdir. Sonradan isə o, Firutandan torpaq sahəsini yerində göstərməsini tələb etsə də Firutan bundan yayınmış, bugün-sabah deyə-deyə torpaq sahəsini ona göstəməmişdir. Bundan sonra o, Firutanın yalan danışdığını və onu aldatdığını anlayıb ödədiyi 1655 manat və ödənilməyən 1280 manat xidmət haqqının ona ödənilməsini tələb etdikdə Firutan ona hədə-qorxu gələrək pulunu qaytarmayacağını bildirmişdir. Bundan sonra Firutanın bu əməlləri barəsində Daxili İşlər Nazirliyinə şikayətlə müraciət etmişdir. X23 Nazirliyinə müraciətindən sonra Firutan məsələni mülki məsələyə çevirmək və məsuliyyətdən yayınmaq üçün ona qarşı qondarma bir iddia qaldıraraq guya ona maddi ziyan vurduğunu bildirmişdir. Sonuncu zəngi zamanı Firutan ona veriləcək pulunun olmadığını, “get hara şikayət edirsən et” deyərək pulu qaytarmayacağını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)- 63/2020 saylı qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilk iddia təmin olunmamış, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı 1655 (min altı yüz əlli beş) manat pul vəsaitinin tutularaq X10 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İlk iddia üzrə İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti ilk iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X18 apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, alçipan ustası olmaqla iddiaçının iddia etdiyi işləri görməmişdir. O, iddiaçının yanında işləmiş, əmək haqqısı da tam verilməmişdir. Əksinə, iddiaçı ondan 1655 manat pul alaraq ona 3 sot torpaq sahəsi almağı vəd vermiş, lakin vədini yerinə yetirməmiş, torpaq sahəsini almamışdır. O, iddiaçıdan şikayət etdiyi üçün sonuncu ona qarşı qərəzli və əsassız iddia qaldırmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, ilk iddia rədd, qarşılıqlı iddia ərizəsi isə qismən təmin olunmuş, X18 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz İddiaçı apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. İşdə olan 10 mart 2018-ci il tarixli sadə yazılı müqavilənin surətindən görünür ki, X18 ilə İddiaçı 10.03.2018-ci il tarixdə 0,3 sot torpaq sahəsi üçün müqavilə bağlamış, Abşeron rayonu, X15 ərazisində 0.3 sot torpağa görə X18 7 ay ərzində 5100 manat ödəyəcəyini öhdəsinə götürmüş, hər ay ödəniləcək məbləğin hər iki tərəfin imzaları ilə təsdiq ediləcəyi, məbləğə sənədləşmənin daxil olmadığı, müqaviləyə dəyişiklik edilə bilməyəcəkləri, müqavilənin torpaq sahəsi sənədləşdikdən sonra ləğv olunacağı göstərilmişdir. Həmçinin, müqavilənin tərkibində 700 manat və 955 manat olmaqla, cəmi, 1655 manatın X18 tərəfindən ödənilməsi və İddiaçı tərəfindən qəbul edilməsi onların öz imzaları ilə təsdiq edilmişdir. İşdə olan maaş cədvəlinin surətindən görünür ki, 01 aprel 2018-ci il tarixdən 09 aprel 2018-ci il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə pulun işçi X10 ödənilməsi göstərilmşdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X4 «Günəşli-İnşaat» fərdi evlərin və torpaqların alğı-satqı ofisində 01.10.2017-ci il tarixdən administrator vəzifəsində müddətsiz çalışır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, o, Firutanı tanıyır. Ondan torpaq almışdır. Hal-hazırda yanında işləyir. Firutan tikinti işləri ilə məşğul olur. Müştərilərlə müqavilə bağlayıb tikinti işləri görür. Onun işlərinə Gündüz Yusubov adlı şəxs nəzarət edirdi. O, işi pis aparırdı. Raqif Nəsirov üçün ev tikilməli idi. Ev pis gündə idi. Bir çox insanın evi pis gündə tikilmişdi. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X14 ifadəsində göstərmişdir ki, İddiaçı ilə torpaq alıb ev tikdirmək üçün iş görmüş, müqavilə bağlamışdır. Bundan sonra, evi tikməyə başlamışlar. Ayda 1 dəfə tikintiyə baxmağa getmiş, evin divarının əyri olduğunu görmüşdür. Bundan sonra, Firutana zəng vurmuşdur. Gəldikdən sonra evin divarının əyri olduğunu göstərmişdir. Ona demişdir ki, evi söküb təzədən yığacaq. İlkin ödəniş etmişdir. Torpaqla bir yerdə 6500 manat ödəmişdir. Ayda 700 manat pul ödəməli idi. Abbasov Şahini üzdən görsə tanıyar. Onunla danışmışdır. Ona demişdir ki, ev yaxşıdır. O isə yalan danışdığını demişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən İddiaçı ilə X18 arasında işgüzar - podrat münasibətləri olmuşdur. Aralarında əldə edilmiş razılığa əsasən İddiaçı yaşayış sahələrinin tikintisi və təmiri işlərini görməyi X10 həvalə etmiş və görülmüş işlər müqabilində ona pul ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında yazılı podrat müqaviləsi bağlanmamış, razılaşmanın şərtləri, hüquq və vəzifələr, görüləcək işlərin keyfiyyəti, təminatı, ödəniş şərtləri, risklər və digər əhəmiyyətli hallar barədə nə İddiaçı, nə də X18 tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İddiaçı X8 ona həvalə edilmiş işləri keyfiyyətsiz icra etdiyinə görə həmin işləri söküb yenidən bərpa etdiyini və buna görə də maddi ziyana düşdüyünü qeyd etsə də, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də görünür ki, qərardadda qeyd olunan yaşayış sahələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yaşayış evləri hazırda təmirli vəziyyətdədir, lakin, hazırki təmir vəziyyətindən öncə hər hansı sökülüb – yenidən yığılma vəziyyətini müəyyən etmək eskpert tərəfindən mümkün olmamışdır. Həmçinin İddiaçı iddia tələbində cavabdeh X18 ilə aralarında tərtib edilmiş alğı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh X18 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısı müqaviləsi mülki qanunverciliyin tələb və şərtlərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən də həmin müqavilə onun tərəfləri arasında hüquq və vəzifələr yaratmamışdır və etibarsız əqddir. Müqavilənin ləğv edilməsi üçün onun tərəflər üçün hüquq və vəzifələr yaratması, qanunverciliklə müəyyən edilmiş standart şərtlərin gözlənilməsi, bir sözlə həmin müqavilənin bağlanmış sayılması mülki qanunverciliyə əsasən tanınan olmalıdır. İşdən görünür ki, tərəflər öz aralarında daşınmaz əmlakın – torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilə tərtib etsələr də bu zaman forma, məzmun və standart şərtlər baxımından mülki qanunvericiliyin tələblərini gözləməmişlər Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin aralarında bağlamış olduqları torpaq alğı-satqısı müqaviləsi özlüyündə əhəmiyyətsiz olduğundan, təkrarən məhkəmə qaydasında ləğv edilməsinə maddi hüquqi əsas yoxdur. Belə ki, qanunverici imperativ qaydada müəyyən etmişdir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə notariat qaydasında bağlanılmalı və qanunvericiliyə zidd olan işgüzar adətlər tətbiq edilməməlidir. İşdə olan ödəniş cədvəlindəki, 700 manat və 955 manat olmaqla, ümumilikdə 1655 manat ödənilməsini təsdiq edən imzanın İddiaçı tərəfindən icra edilməsi onun məhkəmə iclasında verdiyi öz izahatı ilə müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı həmin yazıların onun tərəfindən yazılmasını bildirmiş, amma, həmin yazıları üzrə ödəmələrin həyata keçirilmədiyini əsas gətirməklə, həqiqətdə o məbləğlərin X18 tərəfindən ona ödənilmədiyini, həmin ödəniş cədvəlinin həqiqəti əks etdirmədiyini söyləsə də bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı tərəfindən X7 700 manat və 955 manat olmaqla, ümumilikdə 1655 manatın alınmasının qanuni və müqavilə əsası olmamışdır, İddiaçı bu məbləği almaqla və X10 geri qaytarmamaqla əsasız şəkildə varlanmışdır. Birinci instansiya məhkəməsi iddianın digər cavabdeh olan Cavabdeh2 Əbdulovnaya aid hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında Cavabdeh2 X1 İddiaçı ilə tanış etməsi, onun işinin keyfiyyətinə zəmanət verməsi, görülən işlərlə bağlılığı və əlaqəsinin olması, öhdəlik daşıması, İddiaçı bu və ya digər şəkildə maddi vurması müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı tələbinin əsası kimi istinad olunan halları, yəni cavabdehlər tərəfindən ona maddi ziyan vurulmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. MM-nin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. MM-nin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, ilk iddia üzrə İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı rədd etməkdə haqlı olmuşdur. İddiaçı ilk iddia üzrə cavabdeh tərəfindən müvafiq işlərin görülməsini və nəticədə ona ziyan dəyməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə biliməmiş, dəlillərini formal mülahizələri ilə əsaslandırmağı çalışmışdır. Eyni zamanda iddiaçının sübut kimi təqdim etdiyi müvəqqəti işçi müqaviləsində də cavabdeh tərəfindən hansı işlərin görülməli olması və s. hallar konkret müəyyən olunmamışdır. Həmçinin, həmin müqavilə kserokopiya olmaqla, MPM-nin 89.3-cü maddəsinə uyğun olaraq həqiqili lazımı qaydada təsdiq olunmamışdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Bununla yanaşı, işdə olan sübutlardan görünür ki, qarşılıqlı iddia - İddiaçı 1655 manat pul vəsaitinin tutularaq X10 ödənilməsi hissədə əsasıldır. İşdə olan tərəflər arasında sadə yazılı formada tərtib edilmiş 10 mart 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə torpaq sahəsinin alınması üçün bağlanmış, torpaq sahəsinin məbləği 5100 manat razılaşdırılmış, iddiaçı müqavilədə 700 manat və 955 manat olmaqla, ümumilikdə 1655 manat pul vəsaitinin alınmasını imzası ilə təsdiq etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özü də ilk iddia ərizəsində torpaq sahəsinin alınması məqsədilə müqavilədə X7 1655 manat pul vəsaiti almasını qeyd etməsini təsdiq etmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. MM-nin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər X10 və Cavabdeh2 Əbdulovnaya qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı X8 cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-63/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(010)-63/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar