Məhkəmə qərarları › İş №2(103)-5317/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5317/2023

04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5317/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “aliment məbləğinin həcminin artırılması”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1536/2023 saylı işi üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1536/2023 saylı işi üzrə 16 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2162/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2011 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 36 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1; Azərbaycan Respublikası Konstitusiyasının 17; «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 233.4-cü maddələrinə; «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanununa; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8-ci bəndinə istinadən qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı,mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, hazırda uşaqlar üçün yaşayış minimumu norması, əvvəl təyin edilmiş alimentin müvafiq ilin yaşayış minimumu həddində müəyyən edilməsi və uşaqların əvvəlki təminatının səviyyəsinin maksimal saxlanması zərurəti, iddiaçının hazırda işsiz olması, cavabdehin isə konkret iş yerinə və aylıq qazanca malik olması, cavabdehin aylıq qazancının 1/3 hissəsinin uşaqların maddi təminatı baxımından azlığı və uşaqlar üçün yaşayış minimumu həddinin təmin edilməsi zərurəti nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 36 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1555/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsinin surətinə əsasən X8 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 349 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011-ci il təvəllüdlü X1 anaları X5 yanında qalmalarının müəyyən edilməsi, 19 iyun 2020-ci il tarixindən başlayaraq 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir; - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2162/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən 31 dekabr 2015-ci il təvəllüdlü X4 və 24 noyabr 2011 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir; - AZ-İ seriyalı, 398649 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X8 arasında nikahın ləğv edilməsi 31 avqust 2021-ci il tarixində qeydiyyata alınmışdır. Nikah pozulduqdan sonra qadına Quliyeva soyadı verilmişdir; - AZE seriyalı, 12494843 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 xx.xx.2011 -ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan AZE seriyalı, 12095306 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası Bəbişova Nərgizdir; - "AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh ilə bağlı xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Cavabdeh "Nimex” MMC-də tikinti üzrə mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı 1101,68 manatdır; - "AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı ilə bağlı xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı 2-ci qrup əlilliyə görə 220 manat məbləğində pensiya alır, habelə Lənkəran-Astara regional təhsil idarəsində müəllim işləyir və 366,68 manat əmək haqqı alır. Əmək kitabçasının surətinə əsasən xx.xx.2023-cü il tarixli, 36 saylı əmrlə əmək müqaviləsinin müddəti başa çatdığı üçün xx.xx.2023-cü il tarixdən İddiaçı işdən azad edilmişdir; - Ödəniş qrafikinin surətinə əsasən "RabitəBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 25 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il 2(002)-1536/2023 saylı qətnaməsini dəyişərək hər ay bir uşağa görə 200 manat, iki uşağa görə 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 17.2; Ailə Məcəlləsinin 76.1, 76.1.2, 78.2; Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 14.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, uşaqları saxlamaq valideyn kimi hər ikisinin vəzifəsidir. Lakin məhkəmə bu vəzifəni yalnız ona həvalə edərək əmək haqqının 1/3 hissəsi və əlavə olaraq 72 manat aliment tutması tamamilə əsassızdır. O, Təmir-Tikinti İdarəsində mühəndis işləyir, aylıq əmək haqqı 977 manat təşkil edir. Başqa heç bir qazancı yoxdur. Himayəsində yaşlı ata-anası vardır.Onlara da baxır. Uşaqları ilə hər həftə ünsiyyət saxlayır. Onlarla hər görüşdə 70-80 manat pul xərcləyir, onları gəzməyə, parka, kinoya, teatra, kafeyə əyləncə yerlərinə aparır, uşağın həmin yerlərdə istədiyi əşyaları, qidaları alır. Uşaqlar hər görüşdə əyləncə yerlərinə getməyi gözləyirlər. Əlavə olaraq aliment ödəyəcəyi təqdirdə uşaqlar öyrəşdikləri əyləncələrdən məhrum olacaqlar. Uşaqlar üçün iddiaçıya ödədiyi alimentin çox hissəsini o, öz şəxsi ehtiyacları üçün xərcləyir. Məhkəmə onun maddi vəziyyətini nəzərə almamışdır. Aliment uşaqlar üçün nəzərdə tutulmuşdur və o, alimentdən əlavə uşaqları üçün ünsiyyət zamanı xərcləyir. Alimentin miqdarı artırılması gələcəkdə onun uşaqları ilə ünsiyyət zamanı onların artıq öyrəşdikləri asudə vaxtlarının onunla bərabər əyləncəli keçirməkdən məhrum edəcəkdir. Çünki görüş zamanı onları parka, əyləncəli yerlərə, uşaqlar üçün kafeyə aparmağa da maddi vəsait lazımdır. Maddi imkanı olmadığı üçün uşaqlarla görüşə bilməyəcəyi təqdirdə bu onların psixoloji vəziyyətinə təsir edəcəkdir. Məhkəmə isə bu halları nəzərə almamışdır. Məhkəmə iclasında da hər ay 400 manat aliment ödəyə biləcəyini bildirmişdir. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq ondan qazancının 1/3 hissəsi miqdarında aliment və əlavə olaraq hər uşağa görə 36 manat sabit pul məbləğində aliment tutulmasını qət etmişdir. Qazancının 1/3 hissəsi midarında alimentin tutulması tələbi olmadığı halda məhkəmə tələbdən kənara çıxaraq ondan qazancının 1/3 hissəsi midarında aliment tutmuşdur. Eləcə də 1/3 alimentdən əlavə sabit pul məbləğində də aliment tutmuşdur. İddiaçının bir tələbi olduğu halda məhkəmə ondan iki tələblə aliment tutmuşdur.Məhkəmə aliment tələbini təmin edərkən onun maddi və digər vəziyyətlərini nəzərə almamışdır. Onun hər hansı maddi imkana malik olduğuma dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin qət etdiyi məbləğdə alimentin tutulması onun özünün yaşayış həyatına ciddi təsir göstərə bilər. Eyni zamanda səhhətində,yəni belində 12 mm qrıja olduğu üçün yenidən təkrarən ikinci dəfə "xxxx"dan 8000 manat kredit götürmüşdür, hazırda banka kredit borcu vardır. Aylıq 370 manat kredit ödəyir. Bu barədə sənədlər məhkəməyə təqdim etmişdir və bu qətnamədə də öz əksini tapmışdır. Lakin məhkəmə qətnamə qəbul edərkən onun kredit bocunun olmasını, özünun yaşayışını, müalicəsinə görə əlavə xərclərinin olmasını, uşaqları ilə görüşərkən onlar üçün də pul xərcləməyini, maddi imkanı olmadığı üçün uşaqlarla görüşə bilməyəcəyi təqdirdə bunun onların psixoloji vəziyyətinə təsir edəcəyini və digər halları nəzərə almamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə proses iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, məhkəmə tərəfindən tutulan aliment məbləğinin qanunvericiliklə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu ilə təxmini eynilik təşkil etdiyini bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları” haqqında Qanunun 5, 6, 13; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80- 82, 106.2, 119.1, 216, 217, 385-390-cı maddələrinə; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və bunun göstəricisi olan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun (uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının) alternativ forması, habelə əvvəlki qətnamə ilə ödənilməli olan alimentin miqdarı müəyyən edildikdən sonra mövcud maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi ilə bağlı dəlillər sübuta yetirilmir. Maddi vəziyyətə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının da maddi vəziyyətinin üstün olmadığı müəyyən edillir. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

11. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1536/2023 saylı işi üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar