Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5317/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-61/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 "xxxx" ASC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 26 % dərəcəsi ilə faiz hesablamaq və 36 ay müddətinə qaytarmaq şərti ilə 8.900 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən tərəflər həmin kredit müqaviləsi üzrə verilmiş 8.900 ABŞ dolları məbləğində kreditin qalığının 6.605,66 ABŞ dolları təşkil etməsi və kreditin müddətinin xx.xx.2018-ci il tarixinədək uzadılması barədə razılığa gəlmişdilər. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən cavabdehin iddiaçı qarşısında olan 4.971,95 ABŞ dolları kredit öhdəliyinin qalığı restrukturizasiya edilməklə (1 USD = 1.40 AZN) 6.708,73 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin illik 17 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə xx.xx.2020-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3194/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduruna başlanılmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişə əsasən cavabdehə xx.xx.2022-ci il tarixə 2.581,80 manat əsas, 1.294,13 manat faiz, 2329.38 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 348,12 manat faiz borcunun yarandığı bildirilmiş, gecikdirilmiş borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun və faizlərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin 2.581.80 manat əsas, 1.294,13 manat faiz, 2.329,38 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 359,28 manat faiz borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4180 nömrəli ekspert rəyinə əsasən xx.xx.2017-ci il tarixdə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə rəsmiləşdirilmiş 2 saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan ümumi borcu 3.020,72 manat, o cümlədən 2.581,80 manat əsas, 438,92 manat faiz borcu müəyyən edilir. Həmin Mərkəzin xx.xx.2024-cü il tarixli, 9/2407 nömrəli ekspert rəyində isə xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altında düşdüyü halda xx.xx.2015-ci il tarixə 1.807,18 manat, xx.xx.2015-ci il tarixə isə 3.481,49 manat kompensasiya məbləğinin hesablanmalı olduğu, xx.xx.2017-ci il tarixə kompensasiya məbləği və restruktruzasiya olunacaq borc nəzərdə tutulmadığı, yalnız 2 tarixə (xx.xx.2015 və 21.012.2015) mövcud olan kredit borclarının qalıqlarına kompensasiya məbləğinin hesablanmasının nəzərdə tutulduğu, hazırda cavabdehin 2.581,80 manat ödənilməmiş əsas borcunun qaldığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2.581,80 manat əsas, 1.294,13 manat faiz, 2.329,38 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 359,28 manat faiz, cəmi 6.564.59 manat borcun və ödənilmiş 85,65 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia işin faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-61/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2.581,80 manat əsas, 359,28 manat faiz, 258 manat cərimə, cəmi 3.199,08 manat məbləğində borcun, habelə iddiaçı tərəfindən ödənilmiş 51,99 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-yə (Ləğv Prosesində) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat və 150 manat pulun Cavabdeh tərəfindən X2 ödənilməsi qət edilmişdir (hakim X6)
5. Məhkəmə əsas borc məbləğinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/2407 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad edərək həmin hissədə iddianı əsaslı hesab etmişdir.
6. Məhkəmə kredit müqaviləsi üzrə faiz borcunun tutulmasına münasibətdə qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə sazişin bağlanmasına baxmayaraq, tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşür, cavabdehlə restrukturizasiya tətbiq olunmaqla yeni müqavilə bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə borcunu silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamış olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi başa düşülür. Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borclarını tələb edə bilərlər. Bu səbəbdən məhkəmə həmin hissədə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir.
7. Məhkəmə iddiaçının tələb etdiyi cərimə borcunun əsas borca mütənasib olmadığı qənaətinə gələrək, cərimə borcunun azaldılaraq əsas borca mütənasib olaraq 258 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.
8. Məhkəmə gecikdirilmiş vaxt üçün faiz borcuna münasibətdə, iddianı əsaslı hesab edərək 359.28 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 51,99 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, o cümlədən 100 manat və 150 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət gəlirllərinə alınmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci, 385-ci, 442-ci, 467-ci, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77-ci, 87-ci, 88-ci, 97-ci, 107-ci, 119.1-ci, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyinin 1 və 2-ci sualları üzrə nəticə hissəsindən görünür ki, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyü halda xx.xx.2015-ci il tarixinə 1.807,18 manat, xx.xx.2015-ci il tarixinə isə 3.481,49 manat kompensasiya məbləği hesablanmalı olduğu müəyyən edilmişdir. Bununla da ona ödənilməli olan kompensasiya məbləği 5.225,67 manat təşkil edir. Belə olan halda xx.xx.2019-cu il tarixindən sonra qalıq qalmış 2.581,80 manat əsas borc məbləği və hesablanmış faiz məbləğləri Cavabdeh ödənilməli olan 5.225,67 manat kompensasiya məbləği ilə əvəzlədirilməlidir. İddiaçıASC sözügedən kredit müqaviləsi barədə məlumatları Mərkəzi Kredit Reyestrinə daxil etməmiş, bununla da Bankın təqsirindən ona ödənilməli olan 5.225,67 manat kompensasiya məbləğinin ona ödənilməsi və xx.xx.2019-cu il tarixindən sonra qalıq qalmış 2.581,80 manat əsas borc məbləği və hesablanmış faiz məbləğləri ilə əvəzləşdirilməsi təmin olunmamışdır. Ona ödənilməli olan 5.225,67 manat kompensasiya məbləğinin ödənilməməsi və xx.xx.2019-cu il tarixindən sonra qalıq qalmış 2.581,80 manat əsas borcun və hesablanmış faiz məbləğinin əvəzləşdirilməməsi bankın təqsirindən baş verdiyindən və bu səbəbdən də Cavabdeh həmin məbləği almaqdan məhrum olduğundan, onun kredit müqaviləsi üzrə hər hansı öhdəliyi qalmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişdir.
15. İddiaçı ləğv prosesində olan "xxxx" ASC “Elektron” Məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayətinə nümayəndələrinin iştirakı olmadan baxılaraq təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq, apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; əvvəlki redaksiyada 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; əvvəlki redaksiyada 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarıına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422- ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırki apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın həmin hissədə də rədd edilməsi xahiş edildiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 26 % dərəcəsi ilə faiz ödəmək və 36 ay müddətinə qaytarmaq şərti ilə 8.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən tərəflər kredit müqaviləsinə əsasən verilmiş 8.900 ABŞ dolları məbləğində kreditin qalıq məbləğinin 6.605,66 ABŞ dolları təşkil etməsi və kreditin müddətinin xx.xx.2018-ci il tarixinədək uzadılması barədə razılığa gəlmişdilər. Həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 2 saylı əlavəyə əsasən isə kredit öhdəliyinin qalığı olan 4.971,95 ABŞ dolları konvertasiya edilməklə (müqavilə restrukturizasiya edilmişdir) 6.708,73 manat təşkil etmiş və həmin məbləğin illik 17 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə xx.xx.2020-ci il tarixədək qaytarılması ilə bağlı tərəflər razılığa gəlmişdilər. Həmin kredit müqaviləsi (əlavə sazişlər) üzrə cavabdeh iddiaçıdan aldığı krediti müəyyən edilmiş müddətlərdə və məbləğdə qaytarmağı, kredit məbləğinə hesablanmış faiz məbləğini, habelə borcun gecikdirildiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya (məktuba) göndərilərək, həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, borcun ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin öhdəlik bundan sonra da icra edilməmişdir. Həmin müqavilə üzrə kredit müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən müqavilə üzrə xx.xx.2022-ci il tarixə cavabdehin 2.581,80 manat əsas, 1.294,13 manat faiz, 2.329,38 manat cərimə, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən illik 5 faiz dərəcəsi ilə hesablanmış 359,28 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4180 nömrəli ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə cavadehin iddiaçıya 2.581,80 manat əsas, 438,92 manat faiz borcu yaranmışdır.
25. Hazırda iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə, onların əsasında bağlanmış əlavə sazişlərə, habelə mühasibat sənədlərinə, o cümlədən maliyyə arayışına istinadən cavabdehin 2.581,80 manat əsas, 1.294,13 manat faiz, 2.329,38 manat cərimə, kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixədək hesablanmış 359,28 manat faiz borcunun yarandığını iddia edir və həmin məbləğin, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbi ilə razılaşmır və onunla bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü, lakin bankın səhlənkarlığı nəticəsində onun adının həmin siyahıya daxil edilmədiyini və tələb edilən məbləğin ona ödənilməli olan kompensasiya məbləği ilə əvəzləşdirilməli olduğunu bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2407 nömrəli ekspert rəyində xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altında düşdüyü halda xx.xx.2015-ci il tarixə 1.807,18 manat, xx.xx.2015-ci il tarixə isə 3.481,49 manat kompensasiya məbləğinin hesablanmalı olduğu göstərilmişdir.
26. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər normalarına, habelə müqavilə şərtlərinə istinadən qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçıdan borc alan cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi də göstərilənləri nəzərə alaraq, haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bu səbəbdən cavabdeh həmin müqavilə üzrə iddiaçıya yaranmış borcunu ödəməlidir.
27. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini iş materiallarında olan muhasibat sənədləri ilə əlaqəli şəkildə nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspert rəylərini həmin hissədə mötəbər sübut kimi qəbul edib və bu rəylərdə göstərilən əsas borcun məbləğini nəzərə alıb, hesab edir ki, iddia tələbi “əsas borcun tutulması” hissəsində əsaslıdır, həmin müqavilə üzrə cavabdehin iddiaçıya məhz 2.581,80 manat məbləğində əsas borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsi üzrə öz qənaətində haqlı olmuş və düzgün olaraq cavabdehdən iddiaçının xeyrinə 2.581.80 manat məbləğində əsas borc məbləğini tutmuşdur.
28. Məhkəmə kollegiyası iddia tələbinin cərimə məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə əlavə sazişə əsasən cavabdeh ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin əlavə sazişdə öz əksini tapmışdır. İddiaçı da məhz aralarında bağlanmış əlavə sazişin şərtlərinə əsaslanaraq, cavabdehdən həmçinin, 2.329,38 manat cərimə borcunun ödənilməsini tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi tələb edilən cərimə məbləğinin əsas borc məbləğinə mütənasib olmaması qənaətinə gəlmiş və azaldaraq, 258 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və belə qənaətə gəlir ki, müəyyən edilmiş 258 manat cərimə məbləği əsas borc məbləğinə tənasübdür, həmin məbləğin azaldılması üçün isə hər hansı əsas yoxdur.
29. Məhkəmə kollegiyası iddia tələbinin kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 fazi dərəcəsi ilə hesablanmış faiz məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin dövr üçün ödənilməli olan faiz məbləği düzgün hesablanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır.
30. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən tələb edilən məbləğin ona verilməli olan kompensasiya məbləği ilə əvəzləşdirilməli olması arqumentinə münasibətdə ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir (6.2-ci bənd). Eyni zamanda, qeyd edilmişdir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar (8.6-cı bənd), restrukturizasiya dedikdə isə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi (8.7-ci bənd) nəzərdə tutulur. Tərəflər arasında xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişin icrası qaydasında sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 240 manat olmaqla cavabdeh tərəfindən hər ay ödəniş cədvəlinə uyğun olan (240 manat) məbləğdə ödənişlər aparlmışdır. Bu baxımdan Fərman qüvvəyə mindiyi günədək bağlanmış həmin kredit müqaviləsi üzrə cavabdeh əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsini nəinki 360 gündən çox, ümumiyyətlə gecikdirməmişdir. Bu baxımdan cavabdeh Fərmanın təsiri dairəsinə düşmür. Başqa sözlə, onunla bağlanmış kredit müqaviləsinin, o cümlədən əlavə saziş üzrə yaranmış kredit borclarının ödənilməsi məqsədilə ona güzəştli kredit verilə (onunla bağlanmış kredit müqaviləsi, o cümlədən əlavə saziş restrukturizasiya oluna) bilməz.
31. Kompensasiya məbləğinin ödənilməsi baxımından müqavilənin Fərmanın təsir dairəsinə düşməsi ilə bağlı isə ümumiyyətlə hər hansı sübut mövcud deyil. Kredit müqaviləsi barədə məlumatların iddiaçı tərəfindən Mərkəzi Kredit Reyestrinə daxil edilməməsini cavabdeh özü də bildirir. Halbuki, məbləğ və müddətlər baxımından həmin müqavilənin fərmanın təsir dairəsinə düşdüyü müəyyən edilsə belə, həmin hal apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq mövcud vəziyyətdə kompensasiya məbləğinin iddia üzrə tələb edilən borc məbləği ilə əvəzləşdirilməsi və bu əsasla iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilən Fərmanda və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasında cavabdeh tərəfindən iddia edilən kompensasiyanın müəyyən edilməsinin və ödənilməsinin xüsusi proseduru nəzərdə tutulmuşdur. Buna baxmayaraq, həmin prosedur üzrə hər hansı tədbir görülməmiş, o cümlədən cavabdehin kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi hər hansı qaydada qiymətləndirilməmiş, nəticə etibarı ilə kompensasiya məbləği müəyyən edilməmişdir. Cavabdeh bununla bağlı aidiyyəti üzrə müraciətlər etsə də, bu məbləğin əsassız olaraq hesablanmamasını və kompensasiya məbləğinin ödənilməsini məhkəmə qaydasında mübahisələndirməmişdir. Bununla belə, kompensasiya məbləğinin hazırki icraat çərçivəsində müəyyən edilməsi və iddia üzrə tələb edilən məbləğdən silinməsi hüquqi baxımdan qeyri-mümkündür. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qəbildən olan dəlillərini əsassız hesab edir.
32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-61/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.