Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5318/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (borcun tutulması) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1612/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” barədə iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1612/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1; Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2-ci maddələrinə istinadən) təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3282 manat əsas kredit borcunun və 3.17 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3285.17 manatın və 52.86 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.
2. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: - ”Bank Respublika” ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 010CASA191710006 saylı güzəşli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3792.07 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 ilə 010FİZAM35268603 saylı, xx.xx.2019-cu il tarixli və Cavabdeh2 ilə 010FİZAM35237203 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər (iş səh. 5-8). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, ekspertiza təyin edilərək əsas borcun müəyyən edilməsi və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1612/2023 saylı qətnaməsinin dəyişdirilərək əsas borcun ekspertin müəyyən edəcəyi həddə qət edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.2; Mülki Prosessual Məcəlləsinin 9, 14.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh3dur, o isə zamin olmuşdur. Cavabdeh3 borcu tam şəkildə ödəyəcəyini öhdəsinə götürsə də müəyyən ödənişlər etmiş, lakin sonradan ödənişlərdə gecikmələr yaranmışdır. Hazırda borcu ödəməkdə davam edirlər, kredit üzrə borcu bir dəfəyə ödəməyə imkanları yoxdur. Məhkəmə tərəfindən edilmiş ödənişlər tam nəzərə alınmamış və ondan pul tutulmuşdur. O, banka müəyyən məbləğdə ödənişlər etsə də bank həmin pulları faizə çıxmış əsas borcu əsassız olaraq artırmışdır. Belə ki, ödəniş pulları birinci növbədə əsas borca hesablanmalı olsa da bank qanunun bu tələbinə əməl etməmişdir. Bank tərəfindən qanunun bu tələbi pozularaq, onun ödənişlərinin əsas borca deyil, faiz borcuna hesablanması onun onsuz da ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olmuşdur. Məhkəmə onun maddi vəziyyətini və evlərinin yanması ilə bağlı ödənişlərdə gecikmələr olmasını nəzərə almamışdır. Onun ödədiyi ödənişlər nəzərə alınmamışdır. Kredit borcu üzrə ilk aylar həmişə artıqlaması ilə ödənişlər etmişlər, lakin sonradan ödənişlərdə gecikmələr yaranmışdır. Hazırda borcu ödəməkdə davam edirlər, ödədikləri pullar düzgün hesablanmamış və əsas borcdan çıxılmamışdır. Onların ilk aylar kredit borcunu ödəniş cədvəlindən artıq məbləğdə ödəmələrinə baxmayaraq əsas borc azalmamışdır. İddiaçı və məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə tərəfindən əsasın necə müəyyən edildiyi aydınlaşdırılmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında borc müəyyən edilmişdir. Məhkəmə işə baxarkən ödənilmiş pulun əsas borca deyil, faiz borcuna hesablanmasını və əvvəllər artıq ödənişlərin olmasını nəzərə almalı idi. Ödənilmiş məbləğlər nəzərə alınmadan iddiaçının təqdim etdiyi sübutlar əsasında borc müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Apellyasiya baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385- 390-cı maddələrinə istinadən, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, cavabdeh özünün etiraf etdiyi kimi kreditin qaytarılmasını gecikdirmiş və bununla da öhdəliyin pozulması öz təsdiqini tapmışdır.
7. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.
8. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.
9. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1612/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.