Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5319/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə çıxarılmış Xətai Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29.400 manatın və cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan məbləğin Milli Bankın faiz uçot dərəcəsinə uyğun faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif dövlətlərdən estetik və digər tibb avadanlıqları gətirib Bakı şəhərində satışını həyata keçirmişdir. 2018-ci ilin oktyabr ayında «Lazer Epilyasiya» aparatının alınması ilə əlaqədar ona Cavabdeh adlı şəxs müraciət etmişdir. Onlar razılaşma əldə etmişlər və Cavabdeh 43.000 manat dəyərində «Lazer Epilyasiya» aparatını alıb aparmışdır. Aparatı alarkən Cavabdeh pulun bir hissəsini ödəmiş, qalan hissəsini isə işləyib qazanc əldə edərək verəcəyinə söz vermişdir. Lakin, həmin vaxtdan artıq bir il keçməsinə baxmayaraq, Cavabdeh aldığı aparatla əlaqədar hələ də 29.400 manat pul borclu qalmışdır. Dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar Cavabdeh müraciət etməsinə baxmayaraq, sonuncu müxtəlif bəhanələr gətirərək bunu etməmişdir. Bu səbəbdən, əlacsız qalaraq borcun ödənilməsində köməklik göstərilməsi ilə əlaqədar polis idarəsinə ərizə ilə müraciət etmişdir. Polis idarəsində araşdırma zamanı Cavabdeh həqiqətən də ona 29.400 borcunun olduğunu etiraf etmiş və yaxın vaxtlarda pulu ona ödəcəyinə söz vermişdir, lakin yenə də bunu etməmişdir. Polisdə aparılan araşdırmanın nəticəsi olaraq faktla əlaqədar cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 saylı, 27.02.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 29.400 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin “cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan məbləğin Milli Bankın faiz uçot dərəcəsinə uyğun faiz məbləğinin cavabdehdən tutulması” hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 saylı, 27.02.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan Xətai Rayon Məhkəməsi işdə hər hansı mötəbər sübut olmadan iddianın qismən də olsa, təmin edilməsi barədə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, birincisi Cavabdeh epilyasiya aparatının alınmasından İddiaçı borclu qaldığı 21.000 ABŞ dolları əvəzinə, xaricdən yeni lazer aparatı gətizdirərək İddiaçı vermiş və o, həmin aparatı qəbul etmişdir. Həmin aparat hal-hazırda da İddiaçı özündədir. Onun iddiaçı qarşısında epilyasiya aparatının alğı-satqısı ilə bağlı icra edilməmiş öhdəlikləri qalmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 saylı, 27.02.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01.04.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdi və izahat verərək göstərdi ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməyib. Belə ki, o, iddiaçıdan lazer cihazını 43.000 ABŞ dollarına almaqla bağlı razılaşmış, həmin pulun 22.000 ABŞ dollarını dərhal vermiş, qalan 21.000 ABŞ dolların isə 1 il ərzində hissə-hissə ödəniləcəyi barədə razılaşmışlar. Həmin məbləği onunla birlikdə alqı-satqıda iştirak edən Qəmbər adlı tanışı ödəmiş, müqavilə də onun adına bağlanmışdır. Lazer cihazını gözəllik salonunda quraşdırmışlar. Bir müddət işlədikdən sonra cihaz xarab olmuş, o, iddiaçıya müraciət edərək usta göndərilməsini xahiş etmişdir. Usta gəlib aparatı təmir edib getmiş, lakin qısa müddətdən sonra cihaz yenidən xarab olmuşdur. Bu dəfə onlar başqa servis xidməti göstərən "xxxx" MMC-yə müraciət etmiş və oradan usta dəvət etmişlər. Həmin usta cihazı müayinə edərək onun təmirinin baha başa gələcəyini (təxminən 5.000 ABŞ dolları), həmin cihazın işlənmiş olduğunu demişdir. Bundan sonra, onlar iddiaçı ilə əlaqə saxlayaraq bu barədə ona bildirmişlər. Lakin iddiaçı ondan pulun qalığını tələb etmişdir. Onun həmin vaxt maddi imkanı olmadığından, həmçinin yeni ailə qurduğundan və ailəsində problemlərin olmasını istəmədiyindən pulu ödəyəcəyinə söz vermiş, borc aldığı 5.000 manat pulu apararaq iddiaçıya vermişdir. Daha sonra isə onun tanışı Qəmbər adlı şəxs vasitəsilə xaricdən yeni və daha bahalı lazer cihazı gətizdirərək borcun qalığının əvəzi kimi iddiaçıya təhvil vermişlər. Sonradan iddiaçı onun barəsində yenə də polisə müraciət etmiş və onu izahat vermək üçün polis idarəsinə dəvət etmişlər. Həmin vaxt o, 8 aylıq hamilə olmuş, polisdə ona təxyiqlər edilmiş və o, həmin vəziyyətdə izahat yazaraq iddiaçıya borcu olduğunu etiraf etməyə məcbur olmuşdur. Onların arasında həmçinin razılıq olmuşdur və bu razılığa əsasən iddiaçı hər iki cihazı sataraq öz pulunu götürməli, pulun qalığını isə onlara qaytarmalı idi. Hətta iddiaçı ona satmış olduğu lazer cihazının 5000 manat dəyərində başlığını sökərək satmış, lakin sonradan öz sözünə əməl etməmişdir. Hazırda həmin cihaz "xxxx" MMC-nin anbarında yararsız vəziyyətdə saxlanılır. Qeyd edilənlərə əsasən hesab edir ki, onun iddiaçı qarşısında hər hansı borcu qalmamışdır və iddiaçının ondan pul tələb etməsi əsassız olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli qətnaməsindən verilən şikayətlər üzrə işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin həmin işlə bağlı əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin sözügedən işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı məzmunda olmuşdur: “...Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən apellyasiya şikayətinə əlavə edilmiş ksero surət olan fotoşəkilə (iş v. 100) istinad edərək iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanmamasını, iddiaçı ilə müqavilə münasibətlərinin Qəmbər Bəybalayev adlı şəxs arasında yaranmasını qeyd edərək iddia tələbini bu əsasla rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuş, işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməyərək düzgün olmayan nəticəyə gəlmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, həmin sənəd kserosurət olmaqla apellyasiya instansiyası məhkəməsi həmin sənədin sübut kimi qəbul edilməsinin mümkünlüyünü müzakirə etməmişdir. MPM-nin 89.3-cü maddəsinin tələbinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən iddiaçı iddia tələbində cavabdehə “Lazer Epilyasiya” aparatı satdığını və cavabdehin həmin aparatın pulunun bir hissəsini ödəmədiyini iddia etmişdir. Cavabdeh polis orqanlarında verdiyi izahatda bu halları təsdiq etmiş, lakin başqa əsaslarla (malın xarab olması, Ukraynaya getməsi, digər aparatın alınması və s.) pulun qalan hissəsini ödəmədiyini qeyd etmişdir. Eyni zamanda apellyasiya şikayətində də cavabdeh polis idarəsində verdiyi izahatlara uyğun olaraq iddiaçıdan həmin aparatı almasını mübahisələndirməmiş, lakin etirazının əsası kimi başqa hallara istinad edərək pulun qalan hissəsinin ödənilmədiyini qeyd etmişdir. Apellyasiya məhkəmə iclasında isə Cavabdeh “Lazer Epilyasiya” aparatının onun tərəfindən alındığını, aparata görə iddiaçı ilə onun hesablaşdığını göstərmiş, lakin yuxarıda qeyd edilən ksero surət müqavilənin tanışı Qəmbər Bəybalayevlə bağlandığını göstərmişdir. İddiaçı apellyasiya məhkəməsində verdiyi izahatında həmin müqavilənin MMC-nin adından onun tərəfindən bağlandığını, lakin “Lazer Epilyasiya” aparatının alqı-satqısı ilə bağlı münasibətlərin Cavabdeh ilə olduğunu, aparatı ona satdığını göstərmişdir. Həmin müqavilədən görünür ki, tərəflər "xxxx" MMC (satıcı) və Qəmbər Bəybalayevdir (alıcı). MMC-nin adından müqaviləni hazırkı iş üzrə İddiaçı müəssisənin təsisçisi kimi imzalamışdır. Müqavilə-sifariş “Lazer Epilyasiya” aparatının nisyə alqı-satqısı barədədir, 43.000 ABŞ dolları qiymətləndirilən lazer aparatının dəyərindən 22.000 dollar əvvəlcədən, qalan 21.000 dollar isə 01 noyabr 2018-ci il tarixdən başlayaraq bir il müddətinə ödənilməsi şərtləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin polis orqanında, apellyasiya şikayətində, apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında göstərdiyi hallara əhəmiyyət verməmiş, hər iki tərəfin “Lazer Epilyasiya” aparatının nisyə alqı-satqısını həyata keçirdiklərini etiraf etdiklərini nəzərə almamış, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi ksero surət sənəddə göstərilən Qəmbər Bəybalayevin hazırki iş üzrə tərəflər arasında olan müqavilə münasibətlərinə aidiyyatının olması, onun iddiaya cavab verməli şəxs olması qənatinə gəlmişdir. Lakin tərəflərin izahatları ilə müəyyən edilir ki, həmin sənəd hazırkı iş üzrə tərəflər arasındakı əmlakın nisyə alqı-satqısı ilə bağlı münasibətlərin təsdiqi kimi tərtib olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, zərurət olarsa Qəmbər Bəybalayev adlı şəxs işə cəlb edilməklə onun tərəfindən imzalanmış müqavilə-sifarişin hazırkı mübahisəyə nə dərəcədə aidiyyatının olmasını müəyyən etməli, bundan sonra araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı hüquqi mövqeyi nəzərə alaraq, həmçinin iş materiallarındakı sübutların məcmusuna qiymət verərək kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi şikayət təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində qeyd etmişdir ki, Cavabdeh ondan 5000 manat pul istəmiş, o da KapitalBankdan həmin məbləğdə pulu götürüb Fidanla birlikdə Kənanın ofisinə gedərək Kənana həmin pulu lazer aparatının ödənişi kimi vermişdir. İş materiallarında olan 03 oktyabr 2019-cu il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» haqqında Qərarın surətindən görünür ki, İddiaçı 24.09.2018-ci il tarixdə ərizə ilə Yasamal RPİ-nə müraciət edərək bildirmişdir ki, 2018-ci ilin oktyabr ayında Fidan Babayeva adlı qadın ondan 43.000 manat dəyərində Lazer Epilyasiya aparatı almış, həmin aparatın pulunun bir hissəsini ödəmiş, lakin qalan 32.500 manat pulu isə ödəməkdən yayınmışdır. Həmçinin, 25.09.2018-ci il tarixdə İddiaçı yenidən ərizə ilə ilə polisə müraciət edərək 2019-cu ilin yanvar ayında Ülviyyə adlı şəxsin satıb pulunu ona ödəyəcəyi adı ilə aldadaraq ona məxsus 27.200 manat dəyərində Lazer Epilyasiya aparatını ələ keçirdiyini, bu günə qədər nə onun pulunu ödədiyini, nə də aparatı geri qaytardığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək kredit yolu ilə Kənandan təxminən 20.000 ABŞ dolları dəyərində lazer aparatı aldığını, Mərdəkan qəsəbəsində yerləşən gözəllik salonuna icarəyə verdiyini, bir müddət sonra aparatın nasaz olduğunu, təmir üçün təxminən 7000 manat pul laxım olduğunu, laxer aparatını təmir edib işlək vəziyyətə gətirə bilmədiyini göstərmişdir. O, həmçinin Kənana cəmi 29.400 manat pul borcu qaldığını, hazırda aparatı həmin vəziyyətdə Kənana qatyarmağa razı olduğunu, qalan pulu isə hesablaşaraq ən qısa müddət ərzində Kənana ödəyəcəyini bildirmişdir. İş materiallarında olan AzCosmetics MMC tərəfindən tərtib edilmiş 01.10.2018-ci il tarixli müqavilə-arayışın surətindən məlum olur ki, satıcı MMC alıcı Qəmbər Bəybalayevə DL1 prem. Diode Lazer aparatını 43.000 ABŞ dollarına satmış, həmin pulun 22.000 ABŞ dolları nəğd ödənilmiş, qalan 21.000 ABŞ dollarının isə 1 il ərzində ödənilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, mülki işin materialları, iddiaçının izahatı və cavabdehin ibtidai istintaq orqanında verdiyi ifadəsi ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı 20.000 ABŞ dolları dəyərində Lazer aparatı aldığını və həmin aparata görə 29.400 manat pul borclu olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin izahatı hamilə vəziyyətdə təzyiq altında olduğu üçün yazmağa məcbur olması barədə dəlilini ağlabatan hesab etmir. Belə ki, onun tərəfindən izahatı bu cür təzyiq altında və ya öz istəyinin əksinə olaraq verməsi ilə bağlı hər hansı orqana müraciət etməmiş, bu barədə yalnız ona qarşı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırılan zaman yada salmışdır. Cavabdeh tərəfindən lazer epilyasiya cihazının onun tərəfindən deyil, əslində Qəmbər adlı şəxs tərəfindən alınması, pulun da onun tərəfindən verilməsi və bunu təsdiq edən sübut kimi kserosurət olan arayış-müqaviləyə istinad edilməsi ilə bağlı məhkəmə bu qənaətə gəlir ki, həmin sənəd hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi, cavabdeh həmin sənədin əslini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixlə Qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə prinsipi və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli, 2(011)-1796/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5319/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5319/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver