Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-532/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçı Banka qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2020-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 026A********** saylı, 22.07.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.440,55 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.261,29 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 6.892,49 ABŞ dolları, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın borcalan Cavabdeh1 və onun yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən – Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 QSC ilə bağladığı 22.07.2015ci il tarixli “Kredit müqaviləsi” əsasında aylıq faiz dərəcəsi 2,25% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.04.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış əsas və faiz borcunu qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5.259,45 ABŞ dolları ödəniş etmiş və onun iddiaçı Banka 3.440,55 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. “Kredit müqaviləsinin” 2.4-cü maddəsinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit və faiz borcunu kreditor Banka qaytarmadığı üçün 27.11.2019-cu il tarixə 947 gün üçün hesablanmış faiz borcu 2.261,29 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 27.11.2019-cu il tarixə 947 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 6.892,49 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan Cavabdeh1 müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bundan başqa, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bank ilə bağladıqları “Zaminlik müqavilələrinə” əsasən Bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin “Zaminlik müqavilələrinin” 1-ci bəndinə əsasən yuxarıda göstərilən “Kredit müqaviləsindən” irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh1 iddiaçı Banka qarşı qarşılıqlı iddia ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Bank arşında bağlanmış 22.07.2015-ci il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilməklə, müqavilənin onun tərəfindən tam icra edildiyini nəzərə alaraq müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 yaşadığı evin tikintisinə vəsait ödəmək üçün qeyd olunan “Kredit müqaviləsi” ilə iddiaçı Bankdan 36 ay müddətinə illik 27 faiz (aylıq 2.25%) dərəcəsi ilə 8.700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Faktiki olaraq ondan 87 ABŞ dolları komissiya tutulmuş və cəmi 8.613 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin ərəfədə 1 ABŞ dollarının qiyməti rəsmi məzənnəyə uyğun olaraq 1,05 Azərbaycan manatı olmuşdur. Cavabdeh1 ABŞ dolları ilə Bank tərəfindən ona verilmiş məbləği Azərbaycan manatına dəyişdirib, ustaların pulunu vermişdir. Qrafik üzrə Cavabdeh1, Banka 36 ay müddətində hər ay 357 ABŞ dolları, yaxud 377 manat ödəmişdir. Beləliklə, 36 ay tamamında Cavabdeh1 tərəfindən Banka həmin kredit müqaviləsinə görə (24.07.2018-ci il tarixdə) 12.877,16 ABŞ dolları, yaxud 13.521,018 manat, o cümlədən 8.700 ABŞ dolları əsas borc (9.135 manat) və 4.177,16 ABŞ dolları faiz borcunu (4.386,018 man.) ödəməli idi. Cavabdeh1, Banka 2015-ci ilin avqustundan başlayaraq 2018-ci ilin iyul ayı daxil 1 ABŞ dolları= 1.05 manat kursu ilə manatla ödəmişdir. Beləliklə, Cavabdeh1 Banka sonda 13.521,018 manat (12.877,16 ABŞ dolları x 1.05 manat-13.521,018 manat) ödəməli idi. Cavabdeh1, kredit götürəndən hər ayın əsas borcunu və faizlərini yalnız 1-ci ayda qrafik üzrə həmin gün, qalan 35 ayda 222 gün vaxtından əvvəl ödəmişdir. 22.07.2018-ci il tarixədək 36 ayda Cavabdeh1, Banka 13.521,018 manat əvəzinə 13.870 manat ödəməklə krediti tam ödəmişdir. Mərkəzi Bankın 21.12.2015-ci il tarixli qərarı ilə dolların manata nisbətdə kursu 1,05 manatdan əvvəlcə 1,50 manata, daha sonra 1,70 manata qaldırılmışdır. Həmin vaxt, yəni 22.12.2015-ci il tarixdə Cavabdeh1, Bakı Apellyasiya Məhkəməsində olarkən beyin insultu keçirmiş və 4 ay ərzində müalicə olmuşdur. 10.02.2016-cı il tarixdə Göyçay filialının müdirinə müqavilənin 4.2.9-cu bəndinin dəyişdirilməsi ilə əlaqədar təkliflər vermişdir. 26.02.2015 tarixdə e-poçtla ACB-nin 25.02.2015-ci il tarixli təklifinə cavab yazmışdır ki, o, götürdüyü krediti 1,05 manat kursu ilə ödəyəcək. Həmin vaxtdan Banka məlum olub ki, o, dolların kursunun dəyişməsi ilə əlaqədar artmış məbləğdə krediti ödəməyəcək. Bundan sonra ona heç bir təklif gəlməyib, bank susmaqla razılığını bildirib. Banka yazdığı məktublarda xüsusilə qeyd etmişdir ki, dolların kursunun dəyişməsi ilə bankın gəlirlərinin azalması onun təqsiri üzündən baş verməyib. Bankın gəlirinin azalmasının səbəbkarı o, yox, bilavasitə Mərkəzi Bankdır. Bank insayder məlumatına malik olaraq, dolların kursunun kəskin artacağını, onun həmin şərtlərlə müqavilə bağlamayacağını bilərək, bu barədə susmuş, manatla kredit verməkdən imtina edərək, dollarla krediti verərkən əvvəlcədən öz vəzifələrini vicdanla həyata keçirməməklə və öz hüququndan sui-istifadə etməklə Mülki Məcəllənin 5.3-cü, 16.1-ci və 339.2-ci maddələrinin tələblərini pozmuşdur. Bankla onun arasında müqavilə annuitet qaydasında bağlanıb. Annitet ödənişinin mahiyyəti özünü onda göstərir ki, kredit ödənişinin ilk ilində aylıq ödənişlərin tərkibində əsas payı borc üzrə faizlər tutur. Amma əsas borc məbləği çox cüzi hissədə azalır və ya ümumiyyətlə azalmır. Kredit müqaviləsinin son aylarında (və ya illərində) ödənilir. Banklar üçün annuitet ödəniş sistemindən istifadə zamanı faizlərlə daha çox mənfəət qazanırlar. Bank MM-nin 741-ci maddəsinin tələbini pozaraq avtomatik olaraq müqavilənin etibarsız hesab edilməsi üçün əvvəlcədən zəmin yaratmışdır. Bank 26.02.2016-cı il tarixdən bilirdi ki, o, dolların artan kursu ilə krediti ödəməyəcək və ödəmirdi. Bank öz hüquqlarının “pozulduğunu” 2016-cı ilin fevralından bildiyi halda iddianı yalnız 2019-cu ilin dekabrında, yəni 3 il 8 ay sonra qaldırmaqla iddia müddətini ötürmüşdür. Ona görə də, iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək, kredit müqaviləsinin etibarsız hesab edilməklə kredit müqaviləsinin onun tərəfindən tam icra edildiyini nəzərə alaraq müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.06.2020-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, Cavabdeh1 iddiaçı Bankın xeyrinə 3.440,55 ABŞ dolları əsas, 14,85 ABŞ dolları faiz borcu və 344 ABŞ dolları cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməməsini, ekspertiza tədqiqatının dəyəri 150 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh1, Banka 13.521,02 manat (12.877,16 ABŞ dolları x 1.05 manat) ödəməli idi. 22.07.2018-ci il tarixədək 36 ayda Cavabdeh1, Banka 13.521,02 manat əvəzinə 13.870 manat ödəməklə krediti tam ödəmişdir. Cavabdeh1, 10.02.2016-cı il tarixdə iddiaçı Bankın “Göyçay” filialının müdirinə müqavilənin 4.2.9-cu bəndinin dəyişdirilməsi və ödənişlərin əvvəlki məzənnəyə uyğun müəyyənləşdirlməsi ilə əlaqədar təkliflər vermişdir. 23.02.2020-ci il tarixdə Bankın əməkdaşı X2 Cavabdeh1 elektron məktubla cavab vermişdir ki, əgər Cavabdeh1 razılaşarsa onda aylıq ödənişlər 238 ABŞ dolları məbləğində müəyyən edilsin, hesablanmalı olan 3.104,63 ABŞ dolları sonuncu aya keçirilsin və sonda güzəşt olunsun. Bundan sonra Cavabdeh1 Bankın əməkdaşı İ.Həmidova yeni təkliflər barədə elektron məktub göndərmişdir. 25.02.2020-ci il tarixdə İ.Həmidov isə Cavabdeh1 elektron məktubla cavab vermişdir ki, dollar kreditlərini manata çevirmək hazırda mümkün deyil. Daha sonra, yəni 26.02.2015-ci il tarixdə Cavabdeh1 İ.Həmidova elektron məktub göndərərək bildirmişdir ki, o bundan sonra götürdüyü krediti “1 ABŞ dolları = 1,05 Azərbaycan manatı” kursu ilə ödəyəcək. Cavabdeh1 bu məktubundan sonra ona cavab verilməmişdir. Beləliklə, Bank susmaqla razılığını bildirmişdir. Həmçinin, həmin vaxtdan etibarən Cavabdeh1 Bankdan götürdüyü krediti “1 ABŞ dolları = 1,05 Azərbaycan manatı” kursu ilə ödəmişdir. Bank həmin vaxtdan da hüquqlarının pozulduğunu bilmiş, lakin məhkəməyə müraciət etməmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Cavabdeh1 apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi, şikayətinin və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, bildirdi ki, Bank susmaqla müqavilə şərtlərinin dəyişdirilməsinə, yəni ödənişlərin dolların müqavilə bağlanılan zaman kursuna uyğun həyata keçirilməsinə razılıq bildirmişdir. Buna görə də faizlər müqavilə bağlanan zaman mövcud olmuş dolların rəsmi valyuta məzənnəsinə uyğun olaraq hesablanmalıdır. Belə olduqda isə onun Banka heç bir borcu qalmır, hətta artıq məbləğdə ödəniş etdiyi müəyyən olunur. Bundan başqa, Bank həmin vaxtı bildirdi ki, o artırılmış məbləği ödəməyəcək, lakin pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməyərək, iddia müddətini ötürmüşdür. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O bildirdi ki, Cavabdeh1 Banka borcu dolların əvvəlki məzənnəsinə uyğun ödəyəcəyini bildirsə də, Bank buna razı olmamışdır. Bankın Cavabdeh1 müraciətinə cavab verməməsi (susması) razılıq əlaməti kimi hesab olunmamalıdır. 22.07.2015-ci il tarixli, 026F********** saylı “Kredit müqaviləsindən” görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 22.07.2018-ci il tarixdə həyata keçirilməli idi. Buna görə də üç illik iddia müddəti həmin tarixdən hesablanır. Bank isə bir il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi Bankın iddiasının bir qismini təmin etməsə də, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamənin həmin hissəsi ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnamənin iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 22.07.2015-ci il tarixli, 026F********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçı Bank ilə bağladığı 026A********** saylı, 22.07.2015-ci il tarixli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.700 ABŞ dolları məbləğində kredit verilmişdir. 22.07.2015-ci il tarixli ödəniş planından görünür ki, borclu Cavabdeh1 22.07.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə borcunu ödəməyə 22.07.2015-ci il tarixdə başlamalı, hər ay 357 manat ödəməklə, 22.07.2018-ci il tarixdə bitirməlidir. 22.07.2015-ci il tarixli, 026G**********01 və 026G**********01 saylı “Zaminlik müqavilələrindən” görünür ki, “Kredit müqaviləsi” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı Bank qarşısında borclu Cavabdeh1 ilə müştərək məsuliyyət daşımaları barədə üzərilərinə öhdəlik götürmüşlər. Bank tərəfindən təqdim edilmiş 04.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22.07.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən 27.11.2019-cu il tarixə əsas borcu 3.440,55 ABŞ dolları, faiz borcu 2.261,29 ABŞ dolları, cərimə borcu 6.892,49 ABŞ dolları təşkil edir. Bank tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, Bank borcun könüllü ödənilməsini cavabdehlərə təklif etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında məlum vermişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehin 27.11.2019-cu il tarixə əsas borcu 3.440,55 ABŞ dolları, faiz borcu 2.261,29 ABŞ dolları, cərimə borcu 6.892,49 ABŞ dolları təşkil edir. Hazırda Cavabdeh1 onunla iddiaçı Bank qarasında bağlanmış “Kredit müqaviləsinə” xitam verilməsini və ya iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini tələb edir. Cavabdeh1 dəlilləri yuxarıda şərh edildiyindən Məhkəmə həmin dəlilləri bir daha açıqlamağa lüzum görmür. Rayon Məhkəməsi işin hallarını və iş üzrə tərəflərin dəlillərini nəzərə alaraq hesab etmişdir, borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə hesablanmalıdır və dolların hazırki məzənnəsinə uyğun olaraq borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 12.03.2020-ci il tarixli, 4721 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, “kredit statusu vərəqəsindəki” məlumatları, ödəniş qəbzləri, “Kredit müqaviləsinin” şərtlərinə müvafiq olaraq onun 22.07.2018-ci il tarixə (sualda qeyd edilən tarixə) banka olan borcu ümumilikdə 3.974,41 ABŞ dolları müəyyən olunur, o cümlədən: (22.07.2018-ci il tarixə) əsas borc üzrə 3.959,56 ABŞ dolları, faiz borcu üzrə 14,85 ABŞ dolları. Cavabdeh1 bildirir ki, Bankın susması razılıq kimi qiymətləndirilməli və borcun məbləği müqavilə bağlanılan tarixdə dolların məzənnəsinə uyğun hesablanmalıdır. Məhkəmə, Cavabdeh1 dəlilləri ilə bağlı, şərti olaraq ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsinin (1 ABŞ dolları = 1,05 Azərbaycan manatı) sabit qalması nəzərə alınaraq borclunun borcunun müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 30.11.2020-ci il tarixli, 9/4548 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 22 iyul 2015-ci il tarixli 026A********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri, eləcə də, ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1,05 Azərbaycan manatı olmaqla şərti olaraq nəzərə alındığı təqdirdə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə kredit müqaviləsinin müddətinin bitdiyi 22 iyul 2018-ci il tarixə borcu müəyyən edilmir, bundan əlavə olaraq 303,86 manat məbləğində artıq ödəniş etdiyi müəyyən edilir. Bundan əlavə qeyd edilir ki, şərti olaraq nəzərə alınsa ki, ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi (1 ABŞ dolları = 1,05 Azərbaycan manatı) sabit qalıb, belə olan halda Cavabdeh1 iddiaçı ‘İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinə 22 iyul 2015-ci il tarixli, 026A********** nömrəli kredit müqaviləsi üzrə etdiyi ödənişlərdə gecikmə müşayiət edilmir. Göründüyü kimi ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1,05 Azərbaycan manatı olmaqla şərti olaraq nəzərə alındığı təqdirdə cavabdehin iddiaçı Banka borunun olduğu müəyyən edilmir, hətta artıq ödəniş etdiyi məlum olur. Həmçinin qeyd olunan hal şərti olaraq nəzərə alındığı təqdirdə cavabdeh tərəfindən borcun ödənilməsində gecikmələr də müşayiət olunmur. Lakin apellyasiya baxışı zamanı məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, borcun məbləğinin müqavilə bağlanılan tarixdə dolların məzənnəsinə uyğun hesablanması ilə bağlı tərəflər arasında razılaşmanın olması təsdiq olunmur. Belə ki, iddiaçı Bank bildirir ki, bank buna razılıq verməmiş və bununla bağlı tərəflər arasında müqaviləyə dəyişikliklər olmamışdır. Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərində göründüyü kimi müqavilənin şərtlərinin dəyişdirilməsi ancaq tərəflərin razılığı əsasında mümkündür. Lakin hazırki iş üzrə iddiaçı Bank ilə Cavabdeh1 bununla bağlı yazılı razılığa gəlmələri müəyyən olunmur. Tərəflər bununla bağlı müqavilə bağlamamışlar. Müqavilənin dəyişdirilməsi qaydalarına riayət olunmadığı üçün müqavilənin dəyişdirilməsi barədə cavabdehin dəlili əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdeh1 başqa bir tələbi iddiaçı Bank tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddəti tətbiq edilməklə Bankın iddiasının rədd edilməsidir. Bu tələb ilə bağlı iddiaçı bildirir ki, Cavabdeh1 iddiaçı Banka 10.02.2016-cı il tarixdə müraciət edərək, borcu dolların müqavilə bağlanılan zaman mövcud olmuş məzənnəyə uyğun ödəyəcəyini bildirmişdir. Həmin tarixdən Bank artıq hüququnun pozulduğunu bilirdi, lakin üç illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə görə, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilənlərə əsasən Məhkəmə cavabdehin dəlilini əsassız hesab edir. Çünki qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, iddia müddətinin axımı öhdəliklərin icra müddəti bitdikdən sonra hesablanmağa başlanmalıdır. Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış 22.07.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, 22.07.2015-ci il tarixli ödəniş planından isə görünür ki, sonuncu ödəniş tarixi 22.07.2018-ci il tarixdədir. İddiaçı Bank isə üç illik iddia müddətini ötürmədən, yəni 10.12.2019-cu il tarixdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdeh Cavabdeh1 aid edilsin. Bu məqsəd ilə Cavabdeh1 145 (yüz qırx beş) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-532/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-532/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver