Məhkəmə qərarları › İş №2(103)-5326/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5326/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5326/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Pirallahı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(094)-106/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 sentyabr 2009-cu il təvəllüdlü X1 və 18 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Qəhrəman oğlundan hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(094)- 106/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Qəhrəman oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Pirallahı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, 03 sentyabr 2009-cu il təvəllüdlü X1 və 18 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Qəhrəman oğlundan hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmiş, işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, qətnamədə 2021-ci il üçün müəyyən edilmiş uşaqların yaşayış minimumu nəzərə alınmamışdır. Cavabdehin ödədiyi aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Cavabdeh uşaqları ilə ümumiyyətlə maraqlanmır. Birinci instansiya məhkəməsi tərəfindən uşaqların maddi təlabatlarının artması nəzərə alınmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də həmin qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi, yəni alimentin artırılması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Bakı şəhəri Pirallahı Rayon Məhəkəməsinin 2(094)-414/2014 nömrəli, 27 noyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Qəhrəman oğlundan 28 oktyabr 2014-cü il tarixdən başlayaraq 03 sentyabr 2009-cu il təvəllüdlü X1 və 18 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 103 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhəkəməsinin 2(094)-273/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhəkəməsinin 2(094)-414/2014 nömrəli, 27 noyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh Qəhrəman oğlundan tutulan alimentin məbləği artırılmış, Cavabdeh Qəhrəman oğlundan 16 may 2018-ci il tarixdən başlayaraq 03 sentyabr 2009-cu il təvəllüdlü X1 və 18 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, məhkəmə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı məsələni həll edərkən xeyrinə aliment tutulan uşaqların təminat səviyyəsi ilə yanaşı, aliment ödəyənin maddi vəziyyətini nəzərə almalıdır. Bu zaman məhkəmə minimum dolanacaq xərclərinin qanunvericilik aktlarında müəyyən edilmiş dəqiq məbləğə bağlı deyil və göstərilən halları nəzərə alaraq ona yaxın məbləği də aliment kimi müəyyən edə bilər. Apellyasiya instansiya məhkəməsində tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan bu yaxınlarda uşağı doğulacaqdır. Bundan başqa, cavabdeh Mərdanov X3 rayon Mühafizə İdarəsində polis nıəfəri işləyir və 539 manat əmək haqqı alır, həmin puldan iddiaşıya hər ay 308 manat aliment ödəyir, onun başqa gəlir yeri yoxdur. İşin qeyd edilən hallarını, həmçinin cavabdehin maddi vəziyyətində aliment məbləğini ödəmək qabiliyyətinin artmasına imkan verən hansı dəyişiklik baş vermədiyini nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırki vəziyyətdə aliment miqdarının artırılmasının cavabdehin həmin məbləği ödəməsini mümkünsüz edəcəkdir. Kollegiya hesab edir ki, alimentin məbləği müəyyən edilərkən digər hallarla yanaşı, hər iki tərəfin maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Alimentin artırılması xahiş edilən məbləğinin bir il üçün ödənilməli hissəsi 2000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(094)-106/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Vəfaddin İbayev Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar