Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-533/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndələri X1, X2 və Cavabdeh Həsən oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(009)-117/2020 nömrəli qətnaməsindən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.11.2013-cü il tarixli, 119158-CNS-1640/1 saylı kredit müqaviləsinə əsasən 13.11.2018-ci il tarixə banka borclu olduğu 17.276,03 manat əsas borc, 216,68 manat faiz borcu, 120,07 manat cərimə, ümumilikdə isə 17.612,78 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh “Bank VTB(Azərbaycan) ASC-nin xeyrinə tutulmasına, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, qara rəngli, mühərrik G4KDDH444065, ban KNAPC811DD7539694 olan ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin “İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(002)-90/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13 noyabr 2013-cü il tarixli, 119158-CES-1640/1 saylı kredit müqaviləsi üzrə 13.11.2018-ci il tarixədək ödənilməmiş 2.573,42 manat əsas borcun, 19,73 manat faiz borcun, 26,85 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2650 (iki min altı yüz əlli) manatın tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş «Kia Sportage» markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcin tərəflərə aid edilməsi və həmin xərcin 45 manatı Cavabdeh, 100 manatı İddiaçı ASC-dən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və idda tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mütləq sübut kimi qəbul edilən 05.03.2020ci il tarixli 22279 saylı ekpert rəyində aparılmış hesablamalar, ödənişlərin silinmə qaydası, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə ziddir. Ekspert rəyində olan pozuntuları aşağıdakı kimidir:
1. Tərəflər 25.11.2015-ci il tarixə qədər ödənişin xarici valyutada aparılmasını müəyyən etmiş və borclu tərəfindən xarici valyutada olan cari hesabına ABŞ dolları ödəniş ediləndən sonra Bank tərəfindən də həmin ödənişlər konvertasiya edilmədən yenə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə uygun olaraq silinmişdir. Lakin ekspert cari hesaba ABŞ dolları ilə mədaxil olunmuş məbləğləri manatın məzənnəsinə konvertasiya etmiş və ödəniş cədvəlində ödənməli olan məbləğləri də yenə konvertasiya edərək AZN olaraq silinmələr aparmışdır (ekspert rəyi vərəq 4). Tərəflər arasında bağlanmış 13.11.2013-cü il tarixli 119158-CNS-1640 saylı kredit müqaviləsinin 4.2-ci maddəsinə əsasən bu müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər “ödəniş cədvəlinə” əsasən “Kredit alanın” Bankdakı AZ91VTBA**********9158USD001 saylı cari hesabına nağd mədaxil edilməklə və ya köçürməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətinə tamamən qaytarılır. Ödəniş verilmiş kreditin valyutasında həyata keçirilir. Göründüyü kimi qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən ödənişin verilmiş kreditin valyutasına əsasən aparılması müəyyən edildiyi halda ekspert qanuna və müqavilə şərtlərinə zidd olaraq kredit alan tərəfindən edilmiş ödənişləri və ödəniş cədvəlində müəyyən olunan ödənişləri konvertasiya edərək qanunvericiliyin tələblərini pozmuşdur. 2.Tərəflər arasında bağlanmış və 25.11.2015-ci il tarixə qədər qüvvədə olan ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə ödənişlər hər ayın 14-də yerinə yetirilir. Müqavilə şərtlərinə əsasən cari hesaba edilən ödənişlər vaxtı çatdığı zaman kredit borcuna silinir. Əgər kredit alan vaxtından əvvəl və ya məbləğdən artıq ödəniş edərsə, ödənilmiş vəsait kredit alanın ərizəsi əsasında aparılır. Lakin ekspert özündən qaydalar müəyyən edərək edilmiş ödənişlərin faktiki vaxtını əsas götürmüş və ona əsasən də silinmələr aparmışdır (ekspert rəyi vərəq 4 və 5). 13.11.2013-cü il tarixli 119158-CNS-1640 saylı kredit müqaviləsinin 4.8-ci maddəsinə görə “Kredit alan” ödəniş cədvəlində göstərilmiş müddətdən əvvəl və ya məbləğdən artıq ödəniş etdikdə, vəsaitin silinməsi “Kredit alan”ın ərizəsi əsasında həyat keçirilir və “Kredit alan”ın arzusu ilə annuitet ödəniş məbləği azaldılır və ya kredit ödəniş müddəti qısaldılır. Göründüyü kimi ekspert tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq özü qayda müəyyən etmiş və bununla da qanunsuz və əsassız rəy tərtib etmişdir. 3.Tərəflər arasında 25.11.2020-ci il tarixdə bağlanmış 13.11.2013-cü il tarixli 119158-CNS- 1640 saylı kredit müqaviləsinə 01 saylı əlavə razılaşmaya əsasən “Kredit alan”ın 25.11.2015-ci il tarixə olan borcu 21.550 (iyirmi bir min beş yüz) manat məbləğində müəyyən edilmiş və yenə eyni tarixdə yeni ödəniş cədvəli tərtib edilmişdir. Əlavə razılaşma tərəflərin sərbəst iradəsi əsasında imzalanmış və həmin əlavə razılaşma bu günə qədər mübahisələndirməmişdir. Hətta “Kredit alan” illərcə qeyd olunan razılaşmanın ödəniş cədvəlinə əsasən ödənişlərini həyata keçirmişdir. Lakin yenə ekspert heç bir qanuni əsası olmadan tərəflər arasında olan razılaşmanı nəzərə almayaraq özü istədiyi rəqəmlərlə ödənişlər silmişdir. Halbuki, ekspertiza keçirilməsi ilə bağlı qərardadın ilk sualında belə 25.11.2015-ci il tarixli əlavə razılaşmaya əsasən borcun məbləğinin hesablanması qeyd olunmuşdur. Göründüyü kimi ekspert tərəflər arasında bağlanmış müqavilə şərtlərini və qanunvericiliyin tələblərini heçə sayaraq, özünün müəyyən etdiy i qaydalarla və metodla borc məbləğini müəyyən edərək ümumi olaraq qanunsuz və əsassız rəy vermişdir. Bu səbəbdən də hesab edirik ki, həmin rəy sübut kimi qəbu edilməməz və subutlar siyahısından çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 bildirdi ki, fərdi ödəniş qrafiki müştərinin xahişi ilə verilib. Qalıq borcu çox olduğundan faiz borcu da çox hesablanıb. Fərdi ödəniş qrafiki müştəriyə təklif edilib və o, da bununla razılaşıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 da apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş materiallarında üç ekspert rəyi var. Ekspert rəyləri eynilə köçürülüb, bir-birini təkrarlayıb. Ekspert ABŞ dolları ilə olan kredit məbləğini manata konvertasiya edir və hesablama aparır. Bununla da müqavilənin 4.2-ci bəndinin tələbini pozur. Bu bəndə görə kreditin ödənişi verilmiş valyuta ilə edilir. Lakin ekspert bu bəndi nəzərə almayıb. Ona görə də “xxxx” MMC-nin 04 iyun 2021-ci il tarixli rəyini məhkəməyə təqdim edir və sübut kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Həsən oğlu bildirdi ki, fərdi ödəniş qrafikini xahiş etməmişdir. Bu, ona təklif edilib, o, da qəbul etməyə məcbur olmuşdur. Ekspert qarşısına qoyulan sualları cavablandırıb. Götürdüyü kredit məbləği yadında deyil, amma banka təxminən 40.000 manata yaxın pul ödəmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən etmişdir ki, Cavabdeh Mirzə oğlu ilə İddiaçı ASC arasında bağlanılmış 13.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh avtomobil alınması məqsədilə illik 18% hesablanmaqla, 60 ay müddətinə 27.895 ABŞ dolları məbləğində kredit verilmiş və müqavilənin təminatı kimi cavabdeh mülkiyyətində olan «Kia Sportage» markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomaşını bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında bağlanılmış 1 saylı Razılaşmaya əsasən bank tərəfindən mövcud olan borcu konvertasiya edilərək kredit məbləği 21.550 manat müəyyən edilmiş və cavabdeh həmin kredit məbləğini kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada 36 ay müddət ərzində istifadə etməyi, 13.11.2018-ci il tarixədək qaytarmağı, kreditdən istifadəyə görə Banka illik 20% ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımınca icra etməmiş və onun ödənilməmiş əsas, faiz və cərimə borcu yaranmışdır. Müqavilə öhdəliklərinin icrasına məsul olan şəxs kimi cavabdeh müqaviləyə dair üzərinə düşən öhdəliklərini tam icra etmədiyindən, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi ödənilməmiş 2.573,42 manat əsas, müqavilə müddəti üçün hesablanmış 19,73 manat faiz, 26,85 manat cərimə, cəmi 2620 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc ipoteka yüklü edilmiş «Kia Spotrage» markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə mühasibatlıq ekspertizasının 05.03.2020-ci il tarixli, 22279 saylı rəyinə əsasən hesabdan çıxarışlardan və 13.11.2013-cü il tarixli,119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh “Bank VTB(Azərbaycan)” ASC-yə olan borcu kredit müqaviləsi müddətinin bitdiyi tarixə, yəni 13.11.2018-ci il tarixə əsas borcu üzrə 2.573,42 manat, faiz borcu üzrə 19,73 manat müəyyən olunmuşdur. Apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 06 noyabr 2020-ci il tarixli, 9/4540 saylı rəyinə əsasən 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmanın və Mülki Məcəllənin yuxarıda göstərilən maddələrin tələbləri məhkəmə tərəfindən nəzərə alındıqda, 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh "İddiaçı" ASC-yə olan borcu manat ilə aşağıda göstərildiyi kimi müəyyən olunur: 13.11.2018-ci il tarixə (kredit müqaviləsi müddətinin bitdiyi tarix) əsas borc 2.573,42 manat faiz borcu 19,73 manat. Hazırki ekspertiza tədqiqatı zamanı kredit müqaviləsi üzrə cərimə hesabından çıxarış təqdim olunmadığından cərimə borcu hesablanmadı. Əlavə olaraq qeyd edilir ki, iş materiallarında olan “kassa məxaric orderi № 17101698”- dən göründüyü kimi, müştəri Cavabdeh AZ91VTBA**********9158USD001 saylı hesabından məxaric edilən məbləği alan şəxs X8 göstərilmişdir. Bu faktın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məhkəmə orqanı tərəfindən qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının 08 aprel 2021-ci il tarixli, 9/1941 saylı rəyinə əsasən 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmanın və Mülki Məcəllənin yuxarıda göstərilən maddələrin tələbləri məhkəmə tərəfindən nəzərə alındıqda, 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh "İddiaçı" ASC-yə olan borcu manat ilə aşağıda göstərildiyi kimi müəyyən olunur: 13.11.2018-ci il tarixə (kredit müqaviləsi müddətinin bitdiyi tarix) əsas borc 2.573,42 manat faiz borcu 19,73 manat. Hazırki ekspertiza tədqiqatı zamanı kredit müqaviləsi üzrə cərimə hesabından çıxarış təqdim olunmadığından cərimə borcu hesablanmadı. Əlavə olaraq qeyd edilir ki, iş materiallarında olan “kassa məxaric orderi № 17101698”- dən göründüyü kimi, müştəri Cavabdeh AZ91VTBA**********9158USD001 saylı hesabından məxaric edilən məbləği alan şəxs X8 göstərilmişdir. Bu faktın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məhkəmə orqanı tərəfindən qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməyən hissəsi üzrə təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə iddianın təmin olunmayan hissəsində yoxlanılmalı, iddianın təmin edilən hissəsində qətnaməyə toxunulmamalıdır. Əvvəla, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Şikayətin dəlilləri demək olar ki, ekspertiza rəyi ilə bağlıdır. Belə ki, iddiaçı qeyd edir ki, tərəflər 25.11.2015-ci il tarixə qədər ödənişin xarici valyutada aparılmasını müəyyən etmiş və borclu tərəfindən xarici valyutada olan cari hesabına ABŞ dolları ödəniş ediləndən sonra bank tərəfindən də həmin ödənişlər konvertasiya edilmədən yenə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə uygun olaraq silinmişdir. Lakin ekspert cari hesaba ABŞ dolları ilə mədaxil olunmuş məbləğləri manatın məzənnəsinə konvertasiya etmiş və ödəniş cədvəlində ödənməli olan məbləğləri də yenə konvertasiya edərək AZN olaraq silinmələr aparmışdır. Düzdür, 25.11.2015-ci ilədək tərəflər ödənişinin xarici valyutada aparılmasını müəyyən etmişlər. Ancaq elə iddiaçının mübahisələndirdiyi ekspert rəyindən o da görünür ki, 13.12.2013-cü il tarixdən axırıncı ödəniş 15.02.2015-ci il olmaqla 15.03.2015-ci il tarixədək, yəni 15 ay ərzində ABŞ dolları ilə mədaxil olunmuş məbləğlər də manatın həmin dövrdəki məzənnəsinə konvertasiya edilmiş və ödəniş cədvəlində ödənməli olan məbləğləri konvertasiya edilərək AZN olaraq silinmələr aparılmışdır. Belə çıxır ki, kredit alan da həmin dövr üçün ABŞ dolları ilə ödədiyi valyutanın həmin dövr üçün manata məzənnəsinə konvertasiya edilərək silinməsinə etiraz etməli idi. Çünki, həmin dövr üçün, yəni birinci devalvasiya baş verənədək xarici valyutada ödənilmiş məbləğin manata məzənnəsinə uyğun konvertasiya edilərək silinməsi də müqavilənin şərtlərinə uyğun olmamışdır. Demək, iddiaçı birinci devalvasiyadan sonra, yəni 15.03.2015-ci ildən 14.10.2015-ci ilədək, yəni 8 ay ərzində xarici valyutada ödənilən məbləğin manata məzənnəsinə konvertasiya edilərək silinməsinə etiraz edir, ancaq həmin tarixə qədər bu qaydada silinmədən məmnundur. Əlbətdə ki, bu cür mövqe müqavilə tərəfi olan iddiaçının vicdanlılığın tələb etdiyi tərzdə davranmadığına açıq-aşkar dəlalət edir və bu yanaşma yol verilməzdir. Çünki, bir daha qeyd olunur ki, hər üç ekspert rəyində də qeyd olunan dövrlərdə xarici valyutada ödənilən kredit ödənişi üzrə manatın məzənnəsinə uyğun konvertasiya edilərək silinmələr aparılmış və iddiaçının narazı qaldığı dövr, razı qaldığı dövrdən daha az olmuşdur. Bu cür silinmə əsassız olsa belə yenə də 8 ay ərzində bu cür silinmə nəticəsində iddiaçının tələb etdiyi əsas borcun məbləğinə bunun ümumiyyətlə əhəmiyyətli təsiri yoxdur. İkincisi, iddiaçı şikayətində göstərir ki, tərəflər arasında bağlanmış və 25.11.2015-ci il tarixə qədər qüvvədə olan ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə ödənişlər hər ayın 14-də yerinə yetirilir. Müqavilə şərtlərinə əsasən cari hesaba edilən ödənişlər vaxtı çatdığı zaman kredit borcuna silinir. Əgər kredit alan vaxtından əvvəl və ya məbləğdən artıq ödəniş edərsə, ödənilmiş vəsait kredit alanın ərizəsi əsasında aparılır, kredit alanın arzusu ilə annuitet ödəniş məbləği azaldılır və ya kredit ödəniş müddəti qısaldılır. Lakin ekspert özündən qaydalar müəyyən edərək edilmiş ödənişlərin faktiki vaxtını əsas götürmüş və ona əsasən də silinmələr aparmışdır (ekspert rəyi vərəq 4 və 5). Şikayətdə göstərilən bu dəlilin də məqsədi bəlli deyil. İddiaçı buna görə rəyi qanunsuz və əsassız hesab edə bilər. Ancaq bu cür silinmənin aparılması nəticəsində onun mənafeyinə hansı zərər dəydiyini şikayətində açıqlamır yaxud da bu cür silinmənin aparılmasının iddianın tələb edilən həcmdə əsaslılığına nə kimi təsiri olacağını da göstərmir. Buna görə də məhz bu dəlilin tələb etdiyi əsas borc məbləğinin həqiqiliyinə nə kimi təsiri olduğu aydın olmadığından mübahisələndirilən hissədə qətnamənin əsaslılığına təsiri ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə 25.11.2015-ci il tarixli 1 saylı əlavə razılaşmaya uyğun yeni cədvəl əsasında ödənişlərin silinməsində də ekspertin səhvi olmamışdır. İddiaçı ekspertin bağlanmış müqavilə şərtlərini və qanunvericiliyin tələblərini heçə sayaraq, özünün müəyyən etdiyi qaydalarla və metodla borc məbləğini müəyyən edərək ümumi olaraq qanunsuz və əsassız rəy verdiyini göstərsə də bu dəlillər də əsası olmayan, şəxsi mülahizəyə əsaslanan fikirlərdir. Bu cür fikirlər də qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Bununla əlaqədar, apellyasiya baxışı zamanı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər və vəsatətləri nəzərə alınmaqla həm əlavə, həm də təkrar məhkəmə mühasibatlıq ekspertizaları keçirilərək rəylər alınmışdır. Bu rəylərdə ilkin ekspertizanın rəyi ilə eyni məzmunda olmuşdur. Hər üç rəy eyni məzmunda olduğundan onların əsaslılığı da hər hansı bir şübhə doğurmur. Buna görə də, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun məbləğini tələb edilən həcmdə deyil, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğdə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar tapmadı. Üçüncüsü, ölkə prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertiza fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimləmə məsələləri tam həllini tapdıqdan sonra özəl məhkəmə ekspertizası institutunun tətbiqi mükün olacaqdır. Lakin bu işlər başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən, bəzən də əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə etməklə müxtəlif məsələlərlə bağlı, o cümlədən hazırki işdə iddiaçının nümayəndəsi də apellyasiya baxışı zamanı “xxxx” MMC-nin 04 iyun 2021-ci il tarixli özəl məhkəmə mühasibatlıq ekspertizasının rəyi kimi təqdim edərək mötəbər sübut kimi qəbul edilməsini xahiş etmişdir. Lakin qeyd olunduğu kimi bu cür sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanunsuzdur və bu cür sənədlərin məhkəmə icraatı çərçivəsində istifadə olunması, başqa sözlə sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Bununla bağlı Ədliyyə Nazirliyinin məhkəmələrə ünvanlanmış rəsmi müraciəti də mövcuddur. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilməyən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(009)- 117/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 100(yüz) manat İddiaçı açıq səhmdar cəmiyyətinin alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.