Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5331/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli e-2(011)-4336/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, e-2(011)-4336/2022 saylı qərardadına əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini, əks halda işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(011)-4632/2019 saylı qətnaməsinə əsasən Cavabdeh 03 aprel 2019-cü il tarixdən başlayaraq 20 mart 2011-ci il tarixdə doğulmuş qızı X1 üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi üzrə icra vərəqəsi 08 yanvar 2020-ci il tarixdə Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icraatna daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Cavabdeh ailə-uşağını atıb getdikdən sonra o, uşağı (qızı) ilə maraqlanmamış, uşağın saxlanılması üçün heç bir maddi kömək etməmişdir. Cavabdeh 15 noyabr 2019-cü il tarixli, 2(011)-4632/2019 saylı qətnaməyə əsasən təyin olunmuş alimenti ödəməmişdir. Alimenti ödəmədiyi üçün Cavabdeh barəsində axtarış işi açılmış, hal-hazırda cavabdeh axtarışdadır. Cavabdehin axtarışda olması barədə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin qərarı var və həmin qərarı hazırkı iş üzrə iddia ərizəsinə əlavə etmişdir. Xətai Rayon Məhkəməsinin qərardadı ilə “tərəfin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə” əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə hazırkı qərardadı çıxararkən işin bütün faktiki hallarını araşdırmamış, cavabdehin axtarışda olmasına, bu barədə təqdim edilmiş müvafiq qərara əhəmiyyət verməmiş, yeri-yurdu bilinməyən, hüquq mühafizə orqanlarından, icra orqanlarından gizlənən şəxsə mediasiyada iştirak etmək üçün “təklif” göndərilməsini, formal olaraq ilkin mediasiya keçirilməsini şərt qoyaraq qanunsuz və əsassız qəradad qəbul etmişdir. Konkret olaraq “alimentin miqdarının artırılması” tələbi üzrə mediasiya prosesində iştirakın məcburiliyi barədə “Mediasiya haqqında” Qanununda tələb olmamasına baxmayaraq hakim əsassız olaraq bu qanuna istinad etmişdir ki, bu da iddia ərizəsinə təqdim edilmiş sənədlərlə tam sübuta yetir ki, onların arasında hər hansı bir ailə münasibətləri mövcud deyil. Bu halda ailə münasibətlərindən irəli gələn mübahisə kimi (“Mediasiya haqqında“ Qanunun 3.2-ci maddəsinə istinad etməsi) hakimin dəyərləndirməsi haqlı olmamışdır. Bundan əlavə Mülki Prossesual Məcələsinin 151.1 maddəsinin tələblərinin pozulması kimi qiymətləndirməsində də haqlı olmamışdır. Eləcə də MPM-nin 149.2.4-1 və 150.0.8 maddəsinə istinad edərkən bu istinadının işin faktiki halları ilə uyğunluğunun olmamasına əhəmiyyət verməmişdir. Daha sonra “Dövlət rüsumu” haqqında qanuna əsasən aliment tələbi ilə bağlı iddialar üzrə iddiaçılar Dövlət rüsumu ödəməkdən azaddırlar. Mediasiya prosesində iştirak üçün 50 manat ödəniş tələb edilir, həmin iş üzrə mediasiya baş tutmadığı hallarda tərəf məhkəməyə müraciət etdiyi halda Dövlət rüsumu ödəməkdən (həmin məbləğ qədər) azad olunurlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Kollegiya qeyd edir ki, mübahisə ailə münasibətlərindən irəli gəlir və həmin mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidirlər. İddiaçı şikayətində cavabdehin axtarışda olmasına istinad etsə də, iddia ərizəsinə əlavə edilmiş sübutlarla təsdiq edilir ki, Cavabdeh "xxxx" MMC-də elektrik vəzifəsində çalışır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi, iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul etməkdə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-4336/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5331/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5331/2022
18.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver