Məhkəmə qərarları › İş №2(103)-5332/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5332/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5332/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, borcun düzgün hesablanmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin X1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank, Cavabdeh şəxsi istehlak məqsədilə, 36 ay müddətinə qaytarması, illik 19,9% ödəməsi şərtilə 9000 manat kredit vermişdir.

2. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə bildiriş ünvanlanmış, müqavilə üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

3. 12 yanvar 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh həmin tarixə banka 2677,64 manat əsas, 164,15 manat faiz, 209,61 manat cərimə borcu olmaqla, cəmi 3051,4 manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2677,64 manat əsas, 164,15 manat faiz, 104,81 manat cərimə borcu olmaqla, cəmi 2946,6 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 49,47 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan 36 ay müddətinə, illik 19,9 faizlə 9000 manat kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. 12 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə banka 2677,64 manat əsas, 164,15 manat faiz, 209,61 manat cərimə borcu olmaqla, cəmi 3051,4 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

7. Məhkəmə iclasının vaxtı (yeri) barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş; cavabdeh ərizə göndərərək, üzrlü səbəblə əlaqədar iclasın təxirə salınmasını istəmişdir.

8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 30 aprel 2024-cü il tarixli rəyində göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixli 20-Y-4-0-196-21 nömrəli kredit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi borcu 2233,45 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 2081,57 manat, faiz borcu üzrə - 151,88 manat. Qeyd edilir ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 20-Y-4-0-196-21 nömrəli kredit razılaşması üzrə iş materiallarında olan ödənişləri özündə əks etdirən bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə 852,0 manat, xx.xx.2024-cü il tarixdə 350,0 manat və xx.xx.2024-cü il tarixdə 350,0 manat məbləğində ödəniş edilmişdir. Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında borc məbləğinin xx.xx.2023-cü il tarixinədək hesablanması haqqında sual qoyulduğundan həmin tarixdən sonrakı edilən ümumilikdə 1552,0 manat məbləğində ödənişlər tədqiqatda nəzərə alınmadı”.

10. Birinci instansiya məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh 786,26 (yeddi yüz səksən altı manat iyirmi altı qəpik) manatın alınıb İddiaçı» ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manat hissəsinin Cavabdeh alınıb İddiaçı ASC-yə verilməsi, dövlət rüsumunun qalan hissəsinin İddiaçı ASC-yə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 27 (iyirmi yeddi) manatının Cavabdeh, qalan 73 (yetmiş üç) manatının İddiaçı ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı sonuncu maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixli göstəricilərə müvafiq olaraq müqavilə üzrə yaranmış 2677,64 manat əsas, 164,15 manat faiz, 104,81 manat cərimə borcu olmaqla, cəmi 2946,6 manat borcun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyada müəyyən edilmiş xəbərdarlıq müddətinin sonuna, yəni xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 2081,57 manat əsas, 151,88 manat faiz borcu olmaqla, cəmi 2.233,45 manat məbləğində borcu olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Cavabdehin qeyd olunan tarixlərdən sonra cəmi 1.552 manat məbləğində ödəniş etməsi müəyyən edildiyindən, həmin məbləğin əvvəlcə cərimə və faizlərin silinməsinə yönəlməli olması nəzərə alındıqda, həmçinin, məhkəmə tələb edilən cərimə borcunu əsaslı və ədalətli hesab etdiyindən, ödəniş edilən 1.552 manat məbləğdən 104,81 manat cərimə borcu və 151,88 manat faiz borcu silindikdən sonra, qalan 1.295,31 manat məbləğində pul əsas borc olan 2081,57 manat məbləğdən silinməlidir. Deməli, iddia tələbi qismən təmin edilməli, 786,26 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-ci, 421-ci, 425.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci, 739.1-ci, 739.2-ci, 741-ci maddələrinə istinad etmişdir.

13. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, əsassız ekspert rəyinə istinadla qərar çıxardığı, maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

22. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı bank isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

39. Belə ki, cavabdehə kredit müqaviləsinin ləğv ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərildiyindən, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, həmin tarixdən sonra müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcu hesablana bilməz; buna görə də, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ilə bağlı məhz xx.xx.2023-cü il tarixinə aparılmış hesablama əsas götürülməlidir.

40. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1517/2024 saylı iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar