Məhkəmə qərarları › İş №2(103)-5336/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5336/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5336/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Kristal Bakı" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin digər məhkəmənin icraatında olması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. “Kristal Bakı" ASC-nin X3 qarşı “kompensasiya verilməklə özbaşına tikilinin boşaldılıb sökülməsi” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan X3 məxsus ümumi sahəsi 80,58 kv.m olan M-93A nömrəli özbaşına tikilinin, "xxxx" ASC tərəfindən X3 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə boşaldılıb sökülməsi qət olunmuşdur.

2. X4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı (iddiaçı) "xxxx" açıq səhmdar cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ona məxsus əmlaka vurulmuş 120 000 manat məbləğində zərərin cavabdehdın tutulub ona ödənilməsi və cavabdehin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən 115 kv.m tikintialtı sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində qazıntı, söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1993-cü ildən ailə üzvləri ilə birlikdə Ağdam rayonun Çuxurməhlə kəndindən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış, mənzil şəraitləri pis olduğundan Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında öz şəxsi vəsaiti hesabına 115 kv.m tikintialtı sahəsi olan 5 otaqlı fərdi yaşayış evi tikib, ailə üzvlərimlə birlikdə həmin evdə yaşamışlar. Həmin fərdi yaşayış evi 4 otaqdan və mətbəxdən ibarət olmuşdur. Fərdi yaşayış evi 28 fevral 2024-cü il tarixdə saat 11 radələrində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qəfil ağır texnika ilə sökülərək məhv edilmişdir. Cavabdeh ASC-nin əməkdaşlarından evini hansı əsasla sökmələrini soruşsalar da, heç bir əsas göstərməmiş, rəsmi sənət təqdim etməkdən imtina etmişlər. Cavabdeh ASC qeyd edilən hüquqa zidd fəaliyyəti nətəcəsində ona məxsus əmlaka 120 000 manat məbləğində zərər vurmuşdur. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi və digər cinayətlərin əlamətləri var. O və həyat yoldaşı X4 dəfələrlə Cavabdeh ASC-nin əməkdaşları ilə görüşüb iradlarını bildirərək hüquqa zidd fəaliyyətlərini dayandırmalarıını tələb etsələr də, heç bir tədbir görülməmişdir. Hazırda da Cavabdeh ASC-nin əməkdaşları hüquqa zidd fəaliyyətini davam etdirir. 28 fevral 2024-cü il tarixdə ağır texnika ilə qəsdən sökülərək məhv edilmiş fərdi yaşayış evinin yerləşdiyi sahədə "xxxx" ASC tərəfindən bir neçə dəfə tikiləcək hündürmərtəbəli binanın bünövrəsi ilə bağlı qazıntı işləri aparılmasına cəhd edilmişdir. Cavabdeh ASC tərəfindən fərdi yaşayış evinin ağır texnika ilə qəsdən sökülərək məhv edilməsini təsdiq edən şahidlər və fofoşəkillər vardır.

5. Cavabdehin nümayəndəsi vəsatət təqdim edərək bildirmişdir ki, “Kristal Bakı" ASC X3 qarşı “Kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-yə icarə əsasında istifadəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində X3 məxsus ümumi sahəsi 80,58 kv.m olan M-93A nömrəli özbaşına tikilinin, "xxxx" ASC tərəfindən cavabdeh X3 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə boşaldılıb sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Buna baxmayaraq, X2 arvadı, İddiaçı "xxxx" ASC-nin X3 qarşı verdiyi tələb üzrə işə məhkəmədə baxılan ərəfədə "xxxx" ASC-yə qarşı Abşeron Rayon Məhkəməsində eyni özbaşına tikili ilə bağlı, eyni məzmunlu iddia qaldıraraq, əmlaka vurulmuş 120 000 manat məbləğdə zərərin "xxxx" ASC-dən tutulması və "xxxx" ASC-nin üzərinə həmin özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi üzərində qazıntı-söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi İddiaçı həmin ərizəsini baxılması üçün Bakı şəhərinin Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Əvvəla MKİS tərəfindən verilmiş arayışdan görünür ki, həmin tikili İddiaçı əri X2 adına qeydə alınıb və özbaşına tikilidir. Bundan başqa, İddiaçı iddia ərizəsindən görünür ki, o, X2 həyat yoldaşıdır və mübahisə də məhz eyni tikili ilə bağlıdır. Eyni tikiliyə görə eyni məzmunlu iki iddia ərizəsinə məhkəmədə baxılması isə qanunvericiliyə ziddir. "xxxx" ASC-nin eyni tikili barədə cavabdeh X3 qarşı irəli sürdüyü "Kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki işə Bakı şəhərinin Yasamal Rayon Məhkəməsində baxılmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı tərəfindən X3 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə həmin tikilinin boşaldılması və sökülməsi qət edilmişdir. X2 arvadı İddiaçı da eyni özbaşına tikili ilə bağlı məhkəmədə eyni məzmunlu iddia qaldıraraq həmin özbaşına tikiliyə görə kompensaisya ödənilməsini və həmin ərazidə söküntü-tikinti işlərinin aparılmasının qadağan edilməsini tələb edir. Eyni özbaşına tikili MKİS-də X2 adına qeydə alındığı üçün, həmçinin Bakı şəhərinin Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC tərəfindən cavabdeh X3 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə həmin özbaşına tikilinin boşaldılması və sökülməsi qət edildiyi üçün, İddiaçı eyni özbaşına tikili ilə bağlı, eyni məzmunlu ərizəsinə məhkəmədə baxılması mümkün deyildir. Buna görə də mülki işin icraatına xitam verilməlidir.

6. Birinci instansiya məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

7. Məhkəmə qənaətini belə əsaslandırmıışdır ki, xx.xx.2024-cü il tarixdə "Kristal Bakı” ASC X3 qarşı "komensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, daha sonra X2 həyat yoldaşı İddiaçı "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyətinə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 saylı mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisəyə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. X1 tərəfindən verilən apellyasiya şikayətinin məzmunundan da görünür ki, şikayətinin dəlilləri ilə hazırki iş üzrə iddiaçının dəlilləri eynilik təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

9. Qərardaddan iddiaçı şikayət verərək onun ləğv olunmasını və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini məhkəmənin prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyi, iddia ərizəsinin baxılmamış saxlanılması üçün heç bir əsas olmadığı arqumentləri ilə əsaslandırmışdır.

10. Məhkəmənin 31 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən qanunla nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa.

13. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

14. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

15. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinin tətbiqi ilə bağlıdır.

16. Qeyd edilməlidir ki, iddianın baxılmamış saxlanılması şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, iddia ərizəsinin MPM-nin göstərilən maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

17. MPM-nin 259.0.4-cü maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı iddia tələbi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

18. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

19. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

20. İşdən göründüyü kimi İddiaçı iddia tələbi üzrə tərəflər, irəli sürülmüş iddianın predmeti və əsasları, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin aid olduğu işin tərəfləri, predmeti və əsasları ilə eynilik təşkil etmir.

21. Belə olan halda məhkəmənin, “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 saylı mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisəyə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir” qənaəti nə prosessual qanunvericilin tələbinə, nə də işin halına uyğun deyildir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3376/2024 saylı iş üzrə 19 iyul 2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar