Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5337/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X2 nümayəndəsi İddiaçı iştirakı ilə X2 Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Fərid Vəfadar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 19.02.2020-ci il tarixdə saat 13:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və mülki məsuliyyətini məcburi qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqviləsi bağlamadan idarə etdiyi “Volkswagen Passat” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman ona məxsus “Hyundai Creta” markalı ** MV *** dövlət nömrə nişanlı avtomobilə ziyan vurduğunu, bu səbəblə onun barəsində inzibati protokol tərtib edildiyini, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 3061 (üç min altmış bir) manat ziyan dəydiyini, ziyanın məbləğinin qiymətləndirilməsi üçün ekspertə 50 manat ödədiyini bildirmiş, buna görə də cavabdehdən 3111 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğinin düzgün müəyyənləşdirilmədiyi, iddiaçının həyat yoldaşı ilə aralarında iddiaçının avtomobilinə dəymiş ziyanın 550 manat təşkil etdiyi barədə razılaşdıqları arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh ərizə ünvanlayaraq yaxın qohumunun dəfn mərasimində iştirak etməsi zərurəti ilə bağlı prosesin təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (həyat yoldaşı) İddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları, cavabdehin qeyd etdiyi halın prosesin təxirə salınmasına əsas yaratmadığı və ümumiyyətlə bununla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə apellyatorun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh 19.02.2020-ci il tarixdə saat 13:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və mülki məsuliyyətini sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqviləsi bağlamadan idarə etdiyi “Volkswagen Passat minik” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinin Ş.Mehdiyev küçəsi ilə hərəkət edən zaman qarşısında hərəkətdə olan “Hyundai Creed“ markalı ** MV *** dövlət nömrə nişanlı avtomobil qarşısındakı avtomobilə dəydiyi üçün idarəetməni itirərək həmin avtomobillə toqquşmuş, nəticədə digər avtomaşınlara ziyan dəymiş, hadisənin törənməsində Cavabdeh təqsirli bilinmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Hyundai Creed“ markalı avtomobilin rəsmi servisi (distryubutoru) olan “Auto Azərbaycan” şirkəti tərəfindən avtomobilə dəymiş zərərin məbləği 3061 manat müəyyənləşdirilmiş, iddiaçı tərəfindən həmin qiymətləndirmə üçün 50 manat ödənilmişdir. İddiaçı, məhz işin müəyyən olunmuş sözügedən hallarına istinad etməklə avtomobilinə dəymiş ziyanın ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə həmin ziyanı ödəməli olduğunu mübahisələndirməsə də, ziyan məbləğinin düzgün müəyyənləşdirilmədiyini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, yüksək təhlükə mənbəyi olan “Volkswagen Passat minik” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yolnəqliyyat hadisəsinə görə təqsirli olduğu mübahisələndirilməyən Cavabdeh üzərinə qoymaqda haqlı olmuşdur. Kollegiya iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, həmin məbləğ “Hyundai” markalı avtomobilin rəsmi distryubutorunun aktı ilə müəyyən olunmuş, ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir. Kollegiya apellyatorun, işə iştirakı olmadan baxıldığı arqumentinə də münasibət bildirərək qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi aydın olur – cavabdehin məhkəməyə məlum olan ünvanda yaşamamasının, yaxud bildirişləri almaqdan imtina etməsinin məsuliyyəti isə məhkəməyə aid deyildir və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2042/2020 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5337/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5337/2021
10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver