Məhkəmə qərarları › İş №2(103)-5338/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5338/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5338/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 01 mart 2013-cü il tarixli qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi mülki işi, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Mülki işin materiallarından görünür ki, qətnamə, iş üzrə tərəflərə, o cümlədən Cavabdeh3 poçt vasitəsilə göndərilmişdir. Bunu nəzərə almış Rayon Məhkəməsi 1 aylıq müddəti gözləyərək hesab etmişdir ki, qətnamə qanuni qüvvəyə minmişdir və qətnamə əsasında tərtib edilmiş icra vərəqəsini icra edilməsi üçün Bakı Şəhəri Xətai İcra Şöbəsinə göndərmişdir. Həmin İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən, icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh3 isə həmin qətnamədən apellyasiya şikayətini elektron qaydada xx.xx.2023-cü il tarixdə vermişdir. Göründüyü kimi, Rayon Məhkəməsi hazırki iş üzrə xx.xx.2013-cü il tarixdə qəbul edilmiş qətnamənin qanuni qüvvəyə mindiyini əsas götürərək qətnaməni icraya yönəltmişdir. Bundan təxminən 10 il müddət keçdikdən sonra, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin artıq icraya yönəldilməsi, apellyasiya şikayətinin qətnamənin çıxarılmasından uzun müddət sonra verilməsi belə qənaətə gəlməyə əsas verir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh3 tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş Cavabdeh3 Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmişdir. Rayon Məhkəməsi isə prosessual müddətin ötürülməsinə qiymət verməmiş, həmin apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamışdır. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi müzakirə edilməmiş qaldığı üçün apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 01 mart 2013-cü il tarixli qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışınski (imza) Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar