Məhkəmə qərarları › İş №2(103)-534/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-534/2022

09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-534/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndələri X5, Nümayəndə2, X2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1151/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 işə cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh fiziki şəxs Cavabdeh 7951,50 manat məbləğində dəymiş zərərə və 1000 manat məbləğində isə maddi zərərə görə, ümumilikdə 8951,50 manat məbləğində pulun tutularaq Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1151/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, rayon məhkəməsi işin hallarını müəyyən edərkən iddia ərizəsinə əlavə edilmiş əmək münasibətləri ilə bağlı sübutlara hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 1099-cu yox, 1108-ci maddəsi tətbiq olunmuşdur. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümyəndələri Nümayəndə2, L.Əliyeva, Z.Orucov ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək, hadisənin törədilməsində təqsirli olan hazırkı iş üzrə üçüncü şəxs V.Şirəliyev cavabdehin işçisidir, onların arasında əmək münasibətləri var, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onlara məxsus avtomobilə 10.295.00 manat məbləğində ziyan dəymiş, vurulmuş ziyanın məbləğindən 2.343,50 manat icbari sığorta qanunvericiliyinə əsasən sığorta şirkəti tərəfindən onlara ödəniş edilmiş, qalan 7.951,50 manat məbləğinin isə zərərvuran tərəfindən ödənilməli olduğunu göstərmişdir. Bu halı isə müvafiq olaraq Mülki Məcəllənin 1099-cu maddəsi tənzimləyir. Bu maddənin məzmununa əsasən isə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır, hadisə baş verərkən işçi cavabdehin tapşırığını yerinə yetirib, nümayəndə bunları nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Hazırkı işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs V.Şirəliyev məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İnzibati xəta haqqında 05 yanvar 2021-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, X4 idarə etdiyi “DAF FTXF 105.460” YÜK markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Qüsur aktından görünür ki, «Hyandai Sonata» markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 10295.00 manat təşkil etmişdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 415 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən DSMF SS və FU Üzrə Mərkəzi filialına 2343.5 manat məbləğində ödəniş olunmuşdur. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, X1 Teymur Tofiq oğluna 6 il 25 gün müddətinə mülkiyyətində olan “DAF FTXF 105.460” YÜK markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə dair səlahiyyət vermişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9964/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsi ilə həmin Məcəllənin 1108-ci maddəsinin müqayisəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Həmin müraciətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”nə dair 18 aprel 2022-ci il tarixli qərarı qəbul etmişdir. Həmin qərara əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. İddia tələbini təmin etməyən rayon məhkəməsi öz qərarını MPM-in 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi ilə əsaslandırmışdır. Hazırkı işin hallarından məlum olur ki, hadisənin törədilməsində təqsirli olan üçüncü şəxs V.Şirəliyev cavabdehin işçisidir və onların arasında əmək münasibətləri var. Həmçinin cavabdeh etirazında iddiaçının qeyd etdiyi yol nəqliyyat hadisəsinin baş verməsi, qəzada ”DAF FTXF 105.406” yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli olması, həmin sürücü ilə aralarında əmək müqaviləsinin olması, eləcə də həmin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləği ilə bağlı məsələləri mübahisələndirməmişdir. Belə olan halda, Konstitusiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla vurulmuş zərərə görə işəgötürən cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı tələbində cavabdehdən yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə 7951,50 manat, maddi zərərə görə isə 1000 manat olmaqla, ümumilikdə 8951,50 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Qüsur aktından görünür ki, «Hyandai Sonata» markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 10295.00 manat təşkil etmişdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 415 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən DSMF SS və FU Üzrə Mərkəzi filialına 2343.5 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə 7951,50 manat hissəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin qalan 1000 manat hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı avtomobilin yararsız hala düşməsi nəticəsində filialda işlərin icra edilməsində çətinliklər yaranması, lazımi sənədlərin ünvana vaxtında çatdırılması, filialın mənafeyi ilə əlaqədar məhkəmələrdə iştirak üçün gediş-gəliş və digər məsələlərlə bağlı əlavə xərc kimi 1000 manat tələb etsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi 1000 manat zərər vurulması hissədə əsassızdır və təmin edilməməlidir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Eyni zamanda, cavabdehə nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərə görə həmin şəxsə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun olması da izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməməli, dəymiş zərərə görə cavabdehdən 7951,50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənməli, iddia tələbi ləğv edilmiş qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki iş materiallarından məlum olur ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı qanunla dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olduğundan iddia ərizəsi (30 manat) və apellyasiya şikayətinin (15 manat) verilməsi ilə bağlı ümumilikdə 45 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-1151/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbləri qismən təmin edilsin. Cavabdeh 7951,50 (yeddi min doqquz yüz əlli bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ödənilsin. İddia ərizəsi (30 manat) və apellyasiya şikayətinin (15 manat) verilməsi ilə bağlı ümumilikdə 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdehə nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərə görə həmin şəxsə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun olması da izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar