Məhkəmə qərarları › İş №2(103)-5343/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5343/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5343/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-366/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsinə əsasən, borc verən (İddiaçı ASC-nin “İnvest” filialı) borc alana (Cavabdeh1) illik 22 faiz hesablanmaq şərti ilə 48 ay müddətinə, yəni xx.xx.2026-cı il tarixinədək 12800 manat məbləğində kredit vermişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borc alan borc verənə verilmiş kredit məbləğinin illik 44 faizi miqdarında cərimə faizi ödəyir.

2. xx.xx.2022-ci il tarixli G-LBP/22/028/000001 girov müqaviləsinə əsasən, girov qoyan (Cavabdeh1) 183.7 gr. çəkisi olan 15430 manat dəyərindəki qızılzinət əşyalarını girov saxlayanın (İddiaçı ASC-nin “İnvest” filialı) sahibliyinə vermişdir. Bu müqavilə üzrə əsas öhdəlik, xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsinə əsasən illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 12800 manat məbləğində olan kredit vəsaitidir.

3. Girov müqaviləsinə əlavə №-li İddiaçı ASC-yə girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirmə və təhvil təslim aktından görünür ki, Cavabdeh1 ümumi çəkisi 183, 7 gr. çəkisi olan (2 ədəd sep, 2 ədəd klon, 1 ədəd boyunbağı, 1 ədəd saat, 5 ədəd üzük, 2 cüt sırğa) və 15430 manat miqdarında qiymətləndirilmiş qızıl-zinət əşyalarını iddiaçı bankın xəzinədarlığına təhvil vermişdir.

4. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin (Cavabdeh2) xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsinə əsasən borc alan (Cavabdeh1) tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər-hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri borc verənə (İddiaçı ASC-nin “İnvest” filialı) tam şəkildə ödəməyi öz öhdəsinə götürür.

5. xx.xx.2022-ci il tarixli İNV/182 saylı maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ASC-nin “İnvest” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-nin “İnvest” filialına 12631,39 manat əsas borc, 2139,11 manat faiz borcu, 1407,99 manat dəbbə pulu olmaqla, ümumilikdə 16178,49 manat təşkil edir.

6. 01.03.2023-cü il tarixli İNV/47 saylı arayışdan müəyyən olunur ki, xx.xx.2022ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-nin “İnvest” filialına 12631,39 manat əsas borc, kredit müqaviləsinin 5.6 bəndində nəzərdə tutulmuş kredit məbləğinin 44% miqdarında hesablanmış faiz borcu 2139,11 manat, cərimə 1407,99 manat olmaqla, ümumilikdə 16178,49 manat təşkil edir. xx.xx.2022-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən heç bir ödəniş edilməmişdir.

7. 19.10.2022-ci il tarixli bildirşdən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış ümumilikdə 16178,49 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələbi edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12631,39 manat əsas borc, 2139,11 manat faiz borcu, 1407,99 manat dəbbə pulu olmaqla, ümumilikdə 16178,49 manat borc məbləğinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 410 manat xidmət haqqının və 140 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin İddiaçı ASC-nin depozit seyfində saxlanılan, girov predmetini təşkil edən 183,7 gr. ümumi çəkisi olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq, satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına iddiaçıya 16178,49 manat borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 410 manat xidmət haqqının və 140 manat dövlət rüsumunun ödənilməsi, əmlakın satışından əldə olunan vəsait cavabdehlərin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində bağlanmış LBP/22/028/000001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 22 faiz hesablanmaq şərti ilə 48 ay müddətinə 12800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində G-LBP/22/028/000001 saylı girov müqaviləsi bağlanaraq, 183.7 gr. çəkisi olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə borcu 12631,39 manat əsas borc, 2139,11 manat faiz borcu, 1407,99 manat dəbbə pulu olmaqla, ümumilikdə 16178,49 manat təşkil edir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-366/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 12631,39 (on iki min altı yüz otuz bir manat otuz doqquz qəpik) manat, faiz borcu üzrə 771,19 (yeddi yüz yetmiş bir manat on doqquz qəpik) manat olmaqla, ümumilikdə 13402,58 (on üç min dörd yüz iki manat əlli səkkiz qəpik) manat məbləğində borc, vəkilin göstərdiyi hüquqi yardıma görə 340,30 (üç yüz qırx manat otuz qəpik) manat məbləğində xidmət haqqı və 116,20 (yüz on altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixili G-LBP/22/028/000001 saylı girov müqaviləsinə və girov müqaviləsinə xx.xx.2022-ci il tarixili əlavə No1 İddiaçı ASC-yə girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirmə və təhvil təslim aktı”na əsasən İddiaçı ASC-nin depozit seyfində saxlanılan, girov predmetini təşkil edən 183,7 gr. ümumi çəkisi olan aşagıda ğöstərilən qızıl-zinət əşyalarına yönəldilməsi: ( 2 ədəd sep, 2 ədəd klon, 1 ədəd boyunbağı, 1 ədəd saat, 5 ədəd üzük, 2 cüt sırğa), qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq, satışdan əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə ümumilikdə 13402,58 (on üç min dörd yüz iki manat əlli səkkiz qəpik) manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 340,30 (üç yüz qırx manat otuz qəpik) manat məbləğində xidmət haqqının və 116,20 (yüz on altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi, əmlakın satışından əldə olunan vəsaitin cavabdehlərin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat xərcin 25,50 (iyirmi beş manat əlli qəpik) manatı İddiaçı ASC-dən, 124,50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsi 279, 295, 296, 298, 462, 472, 739, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107, 119.1 və 218-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin qismən təmin edilməsi əsassızdır. Belə ki, məhkəmə mülki iş üzrə mühasibatlıq ekspertizası təyin etdikdən sonra M/11-1418 saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ekspert qarşısında “kredit müqaviləsi üzrə faizlər hesablanarkən həmin müqavilənin 5.6-cı bəndi, yəni müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi lazımınca yerinə yetirilmədikdə borcalan borcverənə verilmiş kredit məbləğinin 44% miqdarında cərimə faizi ödənilməsini nəzərdə tutan müddəa”nın qeyd olunmasını xahiş edilmişdir. Lakin ekspert tərəfindən rəy qəbul edilərkən ərizəsi nəzərə alınmamışdır. Həmçinin ekspert rəyin məhkəməyə daxil olduqdan sonra tərəfindən münasibət bildirilməsi üçün rəyi onlara təqdim edilməmişdir. Nəticədə qanunla müəyyən edilmiş prosessual hüquqları pozulmuşdur. Həmçinin məhkəmə heç bir əsas olmadan tərəflərindən sübut təqdim edilməsinə baxmayaraq vəkilin göstərdiyi xidmət haqqını 410 manatdan 340.30 manatadək azaltmışdır. Vəkil tərəfindən göstərilən xidmət tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən edildiyindən və qanunla müəyyən edilmiş heç bir tarif olmamasına baxmayaraq məbləğin azaldılması, bununla belə səbəblərinin izah edilməməsi maraq doğurur. Məhkəmə dəbbə pulunun tamamilə təmin etmədiyini qətnamədə əsaslı şəkildə izah etməmişdir. Mülki Məcəlləsinin məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə dəbbə pulunu zalda bilər tələbini nəzərə almayaraq məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmiş cavabdeh tərəfindən ödəniş cədvəlinə uyğun aparılmayan ödənişlər nəticəsində yaranmış cərimə məbləğini tamamilə ləğv etmişdir. Bununla da iddiaçı kimi İddiaçı ASC verilmiş kredit üzrə əldəetməli olduğu mənfəətdən cavabdehin məsuliyyətsizliyi və məhkəmənin obyektiv yanaşmaması nəticəsində məhrum olmuşdur. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 nömrəli kredit müqaviləsinin müddəaları ekspert tərəfindən nəzərə alınmamış və nəticə olaraq ekspert tərəfindən həmin kredit müqaviləsi üzrə borc məbləği düzgün hesablanmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 nömrəli kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilməmişdir. Hesab edirik ki, məhkəmə tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 nömrəli kredit müqaviləsinin müddəaları nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

17. Maddə 295. girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

18. Maddə 296.1. girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

19. Maddə 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə.

20. Maddə 298.2. bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır.

21. Maddə 298.3. əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.

22. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. Maddə 442.1 öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

26. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

30. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə yalnız iddia tələbinin təmin edilməməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-366/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. İddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri məhkəmə tərəfindən faiz borcunun düzgün müəyyən edilməməsidir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 9/2098 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli LBP/22/028/000001 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan ümumi borcu əsas borc üzrə 12747 manat, faiz borcu üzrə 771,19 manat olmaqla, ümumilikdə 13518,19 manat məbləğində müəyyən edilmişdir.

41. İddiaçı apellyasiya şikayətində həmçinin iş üzrə ekspert rəyi ilə razı olmadığını qeyd etsə də, ekspert rəyini təkzib edəcək hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmiş və iş materialları ilə belə bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.

42. İstinad edilən rəydə həmçinin qeyd edilmişdir ki, bank tərəfindən 07 iyun 2022-ci il tarixli, LBP/22/028/000001 saylı kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır.

43. Xüsusi ilə nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

44. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

45. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən cərimə borcunun tutulmasının rədd edilməsi barədə qənaətə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

47. Kollegiya iddiaçının apellyasiya şikayətinin hüquqi yardıma görə cavabdehdən tutulmalı məbləğ hissəsi ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, vəkilin göstərdiyi yardıma görə xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid olduğundan, məhkəmə haqlı olaraq cavabdehdən tutulmalı məbləğə mütənasib olaraq bölüşdürmüşdür.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-366/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı ASC özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar