Məhkəmə qərarları › İş №2(103)-5344/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5344/2023

15.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5344/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Yasamal rayonu, H.Cavid prospekti, ev № 5-də yerləşən 14 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil iddiaçının mülkiyyətindədir. Onun mənzil üzərində mülkiyyət hüququ xx.xx.2012-ci ildə qeydə alınıb. Cavabdeh iddiaçının bacısının keçmiş əridir. Başqa mülki iş üzrə iddiaçının iddiası əsasında Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə qət olunub ki, cavabdeh mənzildən çıxarılsın. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Bundan sonra – xx.xx.2022-ci ildə icra sənədi verilib. Lakin hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə verilənə kimi, yəni xx.xx.2023-cü ilə kimi cavabdeh mənzildən çıxmayıb. Tələb və onun həlli: İddia ərizəsi xx.xx.2023-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, əldən çıxmış faydanın əvəzi kimi 6.600 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, cavabdeh vaxtında mənzili boşaltsayıdı iddiaçı mənzili kirayə verib kirayə haqqı əldə edə bilərdi, lakin cavabdeh 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək olan dövrdə mənzildən qanunsuz istifadə etməklə iddiaçını bu imkandan məhrum edib. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, əldən çıxmış faydanın əvəzi kimi 1.816,70 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 86 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən görünür ki, iddianın qalan hissəsi təmin edilməyib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayətində qətnamənin ləğvi xahiş olunsa da, şikayətin ümumi məzmunundan görünür ki, cavabdeh qətnamənin bir hissəsindən – iddianın təmin edilməsinə aid hissəsindən narazıdır. Ona görə də belə hesab olunur ki, cavabdeh qətnamənin yalnız həmin hissəsini mübahisələndirib. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, həmin mənzil əslində özünə məxsusdur, 2012-ci ildə mənzili ipoteka krediti ilə əldə edib. Əvvəlcə mənzili öz adına əldə etmək istəmiş, lakin maaşı aşağı olduğuna görə mümkün olmamışdır. Ona görə mənzil formal olaraq iddiaçının (keçmiş baldızının) adına sənədləşdirilmişdir, çünki iddiaçı yüksək əmək haqqı alırdı, münasibətləri isə həmin zaman normal idi. Mənzil alındığı vaxtdan həmişə mənzildə özü yaşayıb, mənzili təmir edib, ipoteka krediti üzrə ödənişlər də özü tərəfindən ödənilib. Arvadı ilə münasibətləri pozulduqdan sonra iddiaçı məhkəməyə müraciət edərək onun mənzildən çıxarılmasını tələb edib, bu mübahisə yekunlaşdıqdan sonra - 2023-cü ilin iyun ayında mənzildən çıxıb. Hazırkı iddia əsassızdır. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsi xx.xx.2023-cü ildə verilib. Ona görə də mübahisənin düzgün həlli üçün cavabdehin bu tarixədək mənzili hansı səbəbdən tərk etməməsi müəyyən edilməlidir. Cavabdeh mənzili zəbt etməyib. Belə ki, cavabdehin mənzildən istifadə hüququ olmasa da, onun öz ailəsi ilə birlikdə mənzildə yaşamağa başlaması iddiaçının iradəsinə uyğun olub. O cümlədən cavabdeh mənzilə görə alınmış ipoteka kreditinin bir hissəsinin ödənilməsində iştirak edib. Bu, cavabehin “pul tələbi barədə” iddiası əsasında başqa iş üzrə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə müəyyən edilib. Bu isə onu təsdiq edir ki, cavabdehin mənzildə yaşamağa başlaması iddiaçının iradəsinə uyğun olub. Sonradan iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb edib, buna səbəb isə iddiaçının bacısı (cavabdehin arvadı) ilə cavabdehin münasibətlərinin pozulması olub. Cavabadeh bu tələbə etiraz edib, etirazını onunla əsaslandırıb ki, mənzil əslində özünə aid olub, formal olaraq iddiaçının adına sənədləşdirilib. Cavabdeh mənzildən çıxarılma barədə mübahisəni uduzduğuna əmin olduqdan, yəni həmin mübahisə üzrə müdafiə vasitələri tükəndikdən sonra mənzildən çıxıb. Cavabdehin müdafiə vasitələri xx.xx.2023-cü ildə, yəni hazırkı iddia ərizəsinin məhkəməyə verilməsindən sonra tükənib. Belə ki, cavabdeh mənzildən çıxarılma barədə mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən 3 dəfə kassasiya şikayəti verib. 1-ci kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılıb, buna səbəb şikayətvermə müddətinin keçməsi olub. 2-ci kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılıb və bunun 2 səbəbi olub: 1) kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş formada verilməyib; 2) cavabdeh kassasiya şikayəti verilməsi müddətinin bərpasını xahiş etsə də, bu xahiş kassasiya şikayətinin mətnində qeyd olunub, müddətin bərpası barədə xahiş ayrıca ərizə formasında verilməlidir. 3-cü kassasiya şikayəti verilərkən eyni zamanda şikayətvermə müddətinin bərpası barədə ərizə verilib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, müddətin bərpası barədə ərizə təmin edilməsin və kassasiya şikayəti geri qaytarılsın. Cavabdeh bu qərardaddan kassasiya şikayəti verib, lakin Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılıb. Göründüyü kimi, müdafiə vasitələri xx.xx.2023-cü ildə tükənib. Beləliklə, Mülki Məcəllənin 21.2-ci maddəsində əldən çıxmış faydaya verilmiş anlayışa görə, bu, şəxsin hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdir. Məhkəmə tərəflərin arasındakı mənzillə bağlı əvvəlki münasibətlərin xarakterini nəzərə alaraq hesab edir ki, cavabdehin müdafiə vasitələri xx.xx.2023-cü ildə tükəndiyinə görə, iddiaçı həmin tarixədək əldə edə biləcəyi kirayə haqqını əldən çıxmış fayda formasında cavabdehdən tələb edə bilməz. Bu zaman “əvvəlki münasibətlərin xarakteri” deyiləndə o, nəzərdə tutulur ki, iddiaçı mənzili başqa şəxsə kirayə vermək niyyətinin real olması barədə heç bir sübutu məhkəməyə təqdim etməyib, buna qədər mənzil iddiaçı tərəfində hər hansı şəxsə kirayəyə verilməyib, mənzil əldə edilən gündən mənzildə iddiaçının bacısının ailəsi (bacısı, bacısının əri, yəni cavabdeh və onların uşaqları) yaşayıb. Ona görə də müdafiə vasitələri tükənənə qədər cavabehin mənzildə yaşaması iddiaçıya əldən çıxmış fayda formasında zərər vurulmasına səbəb olmayıb. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni əldən çıxmış fayda kimi 1.816,70 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar