Məhkəmə qərarları › İş №2(103)-5348/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5348/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5348/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Şabran Rayon İcra və Probasiya şöbəsi maraqlı şəxs kimi qeyd edilən) qarşı “əmlakın bazar qiymətinin mübahisələndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1355/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Şabran Rayon İcra və Probasiya şöbəsi maraqlı şəxs kimi qeyd edilən) qarşı “əmlakın bazar qiymətinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 27 may 2014-cü il tarixli PB/0xx/xx/0422895 saylı kredit və girov müqaviləsi üzrə qızıl və zinət əşyalarının real bazar qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1355/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı tərəf şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı qərardaddan şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1355/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ekspert rəyi MPM-nin 76.2-ci maddəsində əsasən ayrıca sübut növü kimi müəyyən edilmiş, həmin Məcəllənin 101.3-cü maddəsində isə ekspertin rəyinin məhkəmədə tədqiq olunması və digər sübutlarla yanaşı qiymətləndirilməsi qaydası əks olunmuşdur. Bu baxımdan hesab edir ki, ekspert rəyi baxılan iş üzrə mübahisə və araşdırma predmeti ola bilər. Belə ki, tərəf bir sübut növü kimi rəylə razılaşmadıqda əlavə və ya təkrar ekspertiza təyin olunmasını, yaxud rəyin sübutlar siyahısından çıxarılmasını tələb etməklə onu mübahisələndirmək hüququna malikdir. Məhkəmə, zəruri olduqda öz təşəbbüsü ilə, yaxud tərəfin müraciəti əsasında sübut növü kimi ekspertiza rəyinə sübutların qiymətləndirilməsi çərçivəsində hüquqi qiymət verir. Bu qayda Mülki Prosessual Məcəllənin tələblərindən və qanunvericiliyin ümumi sistemindən irəli gəlir. Ekspert rəyi məhz təqdim edildiyi mülki iş üzrə mübahisələndirilməli olduğundan, ayrıca məhkəmə icraatının predmeti ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, mülki işin materiallarından görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Belə ki, ekspertiza rəyi sübut növü olmaqla müvafiq iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilir. Tərəf ekspertiza rəyi ilə razılaşmadıqda bu barədə etirazını məhkəməyə təqdim etməli və əlavə və ya təkrar ekspertizanın keçirilməsini tələb edə bilər. Həmçinin, işdə iştirak edən şəxs MPM-nin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. İddia ərizəsinin mzəmunundan da görünür ki, mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsində müəyyən olunmuş hazırda mübahisələndirilən ekspertiza rəyi ilə təsbit edilmiş məbləğdir. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuş, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1355/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1355/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar