Məhkəmə qərarları › İş №2(103)-5348/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5348/2023

11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5348/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1824/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh 16000 manat pul vəsaitinin, 80 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəsaitin, həmçinin 138 manat dövlət rüsumunun, ümumilikdə 16218 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1824/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh 12900 manat məbləğində borc, 80 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi, 128,94 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13108,94 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3, 385.1, 442, 448.1, 448.2, 739; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 175.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən yeganə sübut kimi iki ədəd audio səs yazısı əks olunmuş disk təqdim edilmişdir. Bu sübutun (iddiaçı tərəfindən təqdim olunan səs yazısı) mümkünlüyü ilə bağlı cavabdeh məhkəmə iclasında iddiaçı ilə söhbət aparan şəxsin səsinin ona məxsus olduğunu etiraf etməsini nəzərə alaraq həmin səs yazısını mötəbər sübut kimi qəbul etmişdir. Həmin səs yazısında əks olunan 32 dəqiqəlik olan yazının 17-ci dəqiqəsi ilə 18-ci dəqiqəsi arasında iddiaçı cavabdehə verdiyi on altı min manatı istədiyini bildirmiş, cavabdeh pulun qaytarılması üçün ona vaxt verilməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı iddia tələbində bildirdiyindən başqa cavabdeh onunla iddiaçı arasında digər münasibətlərin mövcudluğunu sübut edə bilmədiyinə görə təqdim olunmuş səs yazısı cavabdehin iddiaçı qarşısında öhdəliklərinin mövcudluğunu təsdiq edir. Tərəflər arasında borc münasibətləri yaranmış və cavabdeh aldığı pulun iddiaçıya qaytarılmasına dair öhdəliyini icra etməmişdir. İddiaçı 1500 manat və 1600 manat məbləğində pulun cavabdeh tərəfindən qaytarılmasını etiraf etmişdir. İddiaçı qazanc əldə etmək məqsədi ilə cavabdehə borc verməsini hər hansı sübutla təsdiq edə bilməmişdir. Halbuki tərəflər arasında münasibətlərin məhz bu şərtlərlə bağlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-1824/2023 saylı qətnaməsinin qismən - iddia tələbinin qismən təmin edilməsi hissəsində tamamilə ləğv edilməsi və İddiaçı ona qarşı pul tələbinə dair iddiasının tamamilə rədd edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3, 385.1, 442, 448.1, 448.2, 739; Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələb etdiyi 16000 manat pul ümumi bizneslə məşğul olmaları ilə bağlı hər ikisi tərəfindən xaricdən mal almaq üçün sərf edilmişdir. O Çindən mebel aksessuarları gətirtmişdir, lakin həmin mebel aksessuarları 3 aya deyil, 1 il 2 aya gəldiyindən iddiaçı narahat olurdu. Telefon danışıqları da o barədədir. Sonradan mebel aksessuarları gəlmişdir. Onlar mebel aksessuarlarını satmışlar və iddiaçı öz pulunu götürüb onun xəbəri olmadan mal gətirtmək üçün başqa şəxsə vermişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən ona qarşı iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. İddiaçı tərəfindən ondan əsassız olaraq pul tələb edilir, onun tərəfindən iddiaçıya borcun olmadığı halda ondan pul tutulması tamamilə qanunsuzdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, hər ikisi tərəfindən 16000 manat pul qoyulduğunu, sübut kimi təqdim edilmiş iddiaçı ilə aralarında olan telefon danışığını əks etdirən səsyazmanın münasibətlərin bir hissəsini təşkil etdiyini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, cavabdehin əmisi oğlu olduğunu, əvvəllər Çindən mal gətirib burada satdığını, aralarında pulu onun verməsi, qalan işləri cavabdehin görməsi ilə bağlı danışıq olduğunu, 16000 manatın 20 faiz xeyrinin 10 faizinin onun 10 faizinin cavabdehin olmalı olduğunu, 3 aydan bir mal gəlməsi ilə bağlı danışıqlarının olduğunu, 3 ay keçdiyini, lakin malın gəlmədiyini, gəmi batsa belə cavabdehin onun pulunu qaytaracağı ilə bağlı danışıqları olduğunu, pulu öz evlərində oğlunun, həyat yoldaşının yanında verərkən, pulu 1 il müddətinə verdiyini dediyini, cavabdehlə aralarında olan telefon danışığını əks etdirən səsyazmada olanları təkzib edən sübutların qarşı tərəfdən təqdim edilmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 560, 723-731, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.

8. Cavabdeh özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi, iddiaçı ilə qarşılıqlı razılıqları, iradə və rəftarları əsasında hər ikisinin pul vəsaiti qoymaqla şərikli biznes fəaliyyəti ilə məşğul olmaları barədə şərtlə şifahi əqd bağlamaları, onların iradəsindən asılı olmayan səbəbdən fəaliyyətlərinin uğursuz olması tam sübut olunur.

9. Şərikli biznes faliyyəti sahibkarlıq fəaliyyətinin ünsürüdür. Bu növ fəaliyyətin digər ünsürü sərmayədir. Tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və fəaliyyətin subyektləri olması sübuta yetirilməsə də, onların fəaliyyətinin səciyyəvi əsasları məhz buna yönəlmiş, lakin hüquqi cəhətdən rəsmiləşdirilməmişdir. Tərəflərin münasibətləri qohumluq əsasında qurularaq etibarlılıq müstəvisində olmuş, cavabdeh iddiaçı tərəfindən qoyulan sərmayənin qoyulmasını və miqdarını,habelə münasibətlərin (qarışıq müqavilə) əsaslarını mübahisələndirmiş və əsası olmayan dəlillər irəli sürmüşdür. Bu mənada Kollegiya hesab edir ki, tərəflər arasında birbaşa borc münasibətləri olmasa da cavabdehin iddiaçı ilə olan münasibətlərdən borclu qalması və əvvəlki rəftara zidd davranışı təsdiq olunmuşdur.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s.

11. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə dəlalət edən sübutlar, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir.

12. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1824/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar